israil Türkiyəyə məxsus gəmilərə hücum etdi ? 16 ölü, 30 yaralının olduğu bildirilir

img

31-05-2010 [01:13]


İsrail ordusu bu gecə saat 4:30 radələrində Qəzza sektoruna humanitar yardım aparan 6 gəmidən ibarət karvana hücum çəkib. Türkiyə xəbər agentliklərinin yaydığı xəbərə görə, Qəzza bölgəsinə gedən gəmilərə İsrail əsgərləri vertolyotdan enib və atəş açıblar. İsrail televiziyalarının verdiyi məlumatlara görə, azı 16 nəfər ölüb, 30 nəfər yaralanıb. İsraillilər 1 gəmini sıradan çıxarıblar. Hücum anında gəmilər İsrailin sahil sularından 70 mil uzaqlıqda olub. Hücumdan sonra gəmilərlə əlaqə kəsilib. Gəmilərdə 70 nəfər könüllü var. Onların arasında Avropa Parlamentinin deputatları, jurnalistlər, 1976-cı ildə Nobel sülh mükafatına layiq görülmüş Şimali İrlandiyalı Mairead Corrigan Maguire də var. İsrailin Ankaradkı səfiri Gaby Levi Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Yaxın saatlarda Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatının yayılması gözlənilir. İstanbulda İsrail konsulluğunun qarşısında minlərlə insanın iştirak etdiyi etiraz aksiyası başlayıb. srail ordusunun bu gecə Qəzza zolağına humanitar yardım daşıyan 6 gəmidən ibarət donanmaya hücum etməsi iki Türkiyə və İsrail arasındakı münasibətləri gərginləşdirib. Məsələ ilə bağlı Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu sərt bəyanat verib: "İsrail dinc əhalini hədəfə alaraq, insan həyatını və sülh cəhdlərini heçə saydığını bir daha göstərdi. İsrailin bu insanlıqdan kənar davranışını şiddətli şəkildə qınayırıq. Açıq dənizdə baş verən, beynəlxalq hüququn ağır şəkildə pozulmasını göstərən bu hadisə münasibətlərimizdə bərpası mümkün olmayan nəticələrə səbəb ola bilər". XİN rəhbəri Əhməd Davudoğlu, İsrailin beynəlxalq hüququ pozduğuna görə, cavab verməli olacağını vurğulayıb. Hadisə ilə bağlı Türkiyə Böyük Millət Məclisinin xarici münasibətlər komissiyasının rəhbəri Murad Mərcan da münasibət bildirib. O, baş verən hadisədən çox təssüfləndiyini qeyd edib. "Bu dünya siyasət tarixinə keçəcək bir hadisədir. Gəmidəkilər terrorçu deyildilər. İsrail yardımın göndərilməsinə 9 aydır ki, mane olurdu. Müdaxilə gözləyirdik. Amma müdaxilənin bu qədər böyük olacağına inanmırdıq. Gəmidəki insanlarda bir alışqan belə yox idi". M. Mərcan İsrailin "Biz atəş açmadıq. Oradakılar bizə daş və dəyənəklə hücum etdi. Bununu üçün belə nəticələr ortaya çıxdı" açıqlamasına da heyrətlə yanaşdığını bildirib. Onun sözlərinə görə, silahlı hücuma görə, belə bəhanə göstərilə bilməz. "Xarici İşlər Nazirliyinin açıqlamasının Türkiyəyə yaraşan sormada və sərt olmasını istəyirəm. İsrail belə davam edərsə və yardımın göndərilməsini əngəlləyərsə, Türkiyə-İsrail münasibətlərinin əvvəlki vəziyyətə qayıtlması çox da real görünmür". Xatırladaq ki, İsrail ordusu bu gecə ?İstiqamətimiz Fələstin, yükümüz humanitar yardım!? devizi ilə Qəzza zolağına humanitar yardım daşıyan 6 gəmidən ibarət donanmaya hücum edib. İsrail helikopterləri gəmilərə yaxınlaşaraq atəş açıblar. İsrail televiziyalarının məlumatına görə, bundan başqa helikopterlərdən biri gəmiyə yaxınlaşıb və bir qrup əsgər iplə gəmiyə düşüb. İnsident baş verən gəminin Türkiyəyə məxsus ?Mavi Mərmərə? gəmisi olduğu bildirilir. Belə ki, həmin gəmi ilə əlaqə kəsilib. Gəmilərin İsrail hərbçiləri tərəfindən zorla Hayfa limanına aparıldığı bildirilir. Anadolu agentliyinin məlumatına görə, hadisə nəticəsində 2 nəfər ölüb, 30 nəfər yaralanıb. İsrail televiziyaları isə 16 nəfərin öldüyünü xəbər veriblər. Kanal 2 televiziyası isə, gəmidəkilərin passiv olmadıqlarını, əsgərlərə bıçaq və dəyənəklərlə hücum etdiklərini bildirib. İsrail televiziya kanallarında yayılan məlumatlara görə, yaralılar Aşkelondakı xəstəxanaya aparılıb. Əməliyyat nəticəsində İsrail əsgərlərinin də yaralandığı bildirilir. Onlardan biri Hayfadakı xəstəxanaya yerləşdirilib. Baş vermiş hadisəylə bağlı Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Ankaradakı səfiri Qabi Levini nazirliyə çağırıb. Rəsmi Təl-Əviv isə baş verənlərlə bağlı rəsmi açıqlama verməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA