Azərbaycanın Meksikadakı səfirliyində Respublika Günü Münasibətilə tədbir keçirilib

img

30-05-2010 [03:00]


Azərbaycan Respublikasının Meksikadakı səfirliyində 28 May - Respublika Günü münasibəti ilə mərasim keçirilmişdir. Səfir İlqar Muxtarov, Azərbaycan xalqı və hökuməti adından qonaqları salamlamış, milli bayram sevincimizə qoşulduqları üçün təşəkkürünü bildirmişdir. Səfirlikdən bildirmişlər ki, İ. Muxtarov çıxış edərək hər il may ayının 28-də şərqdə ilk demokratik dövlət olmuş Azərbaycan Xalq Cümhuriyyətinin ildönümünün qeyd olunduğunu bildirmiş, ölkəmizin müasir dövrümüzdə keçdiyi tarixi yoldan bəhs etmişdir. Azərbaycanın hazırda iqtisadi cəhətdən davamlı, demokratik və hüquqi dövlət quruluşu istiqamətində uğurla inkişaf etdiyini, dünya dövlətləri ilə dostluq və əməkdaşlıq əlaqələrini genişləndirdiyini qeyd etmişdir. Azərbaycanın Meksikadakı səfirliyi açıldıqdan sonra Meksika, eyni zamanda digər Latın Amerikası regionu ölkələri ilə münasibətlərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət aparıldığını bildirmişdir. Ermənistanın Azərbaycana hərbi təcavüzü və etnik təmizləmə siyasəti nəticəsində ölkəmizin üzləşdiyi problemin tarixi və nəticələrindən bəhs edən diplomat, münaqişənin sülh yolu ilə həlli üçün Azərbaycanın danışıqlar prosesini davam etdirdiyini söyləmişdir. O, bütün məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının vacibliyini qeyd edərək, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin mümkünlüyünü vurğulamışdır. Sonda, İ. Muxtarov bütün dünya xalqlarına sülh və dostluq şəraitində yaşamaq arzulamışdır. Qonaqlar Azərbaycanın milli incəsənət nümunələrindən ibarət sərgiyə və ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanlarından bəhs edən sənədli filmə baxmışlar. Tədbirdə, Meksika Parlamentinin üzvləri, XİN rəsmiləri, Meksikada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, bu ölkədə yaşayan azərbaycanlılar, həmçinin burada fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları nümayəndələri və iş adamları iştirak etmişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA