PKK-çı haqda məhkəmə hökmündən narazılıq - Sabiq Baş prokuror yazdı

img

08-03-2016 [18:28]


İxtiyar Şirin,

Azərbaycan Respublikasının sabiq Baş Prokuroru


Mən prokurorluqda müstəntiq işləyən dövrdə iki çox ağır cinayətlər törətmiş şəxslərin məsuliyyətdən azad edilməsi üçün yüksək səviyyədə qərarlar qəbul edildiyinin şahidi olmuşam.

Onlardan biri 1979-cu ildə etnik mənşəyi erməni olan Sərkisyan soyadlı şəxsin azyaşlılardan təşkil etdiyi cinayətkar qrupun törətdiyi onlarla quldurluq hadisəsi ilə bağlı idi. Bu cinayət hadisəsinin istintaqını mən aparırdım. Cinayətin təşkilatçısı Sərkisyanın həbsdən və məsuliyyətdən azad edilməsi üçün əvvəlcə rayon prokuroru vasitəsi ilə mənə təsir göstərmək istədilər. Sonra bu iş üçün Moskvadan çox məşhur bir Azərbaycanlını göndərdilər. Mən bunu etməkdən imtina etdikdə məni Azərbaycan Respublikasının prokurorunun müavini yanına dəvət edib, Sərkisyanı məsuliyyətdən və həbsdən azad edilməsi barədə göstəriş verdi. Mən ona da bunu etməyəcəyimi bildirdim. Ancaq mən işi məhkəməyə göndərdikdən sonra bu işin izini itirdim və Sərkisyanın işinin nəticələri barədə heç bir məlumat ala bilmədim. Eşitdiyimə görə bu işin taleyini Moskvadakı erməni lobbisi həll etmişdi. 

İkinci iş etnik mənşəyi yəhudi olan Mişiyev soyadlı şəxsin 1980-1981-ci illərdə onlarla azyaşlı qızlara təcavüz etməsi ilə bağlı idi. Bu cinayətlər törədilən dövrdə bütün Bakı şəhəri vahimə içərisində idi və Mişiyev çox çətinliklə növbəti cinayət başında yaxalanmışdı. Həmin işi Azərbaycan Respublikası Prokurorluğunun mühüm işlər müstəntiqləri istintaq edirdi. Bu iş də baxılmaq üçün Ali Məhkəməyə göndərildi və oradan bu işin də izi itirildi. O vaxt söhbət gəzirdi ki, Mişiyevi həbsdən və güllələnməkdən yəhudi lobbisi qurtarıb... 

İndi isə PKK və PYD-nin Suriyadan verdiyi tapşırığa əsasən Azərbaycanda terror təşkilatının özəyini quran və onların tapşırığı ilə Bakıda məscid yandıran Namiq Nəsibov və Elnur Ələkbərovun işi. Məhkəmənin hökmü ilə terrorun təşkilatçısı Namiq Nəsibov məcburi müalicə adı altında cəzadan azad edildi, onun bu cinayətə cəlb etdiyi Elnur Ələkbərov isə 15 il müddətinə həbsə göndərildi... 

Namiq Nəsibovu 15 il həbsdən hansısa lobbinin qurtarmış ola biləcəyini mən dəqiq bilmirəm. Ancaq cinayətkarlıqla mübarizədə, xüsusilə terrora qarşı mübarizədə belə istisnaların edilməsi ölkəmizə yaxşı heç nə vəd etmir, Azərbaycan Respublikasının vətəndaşlarının həyatı və təhlükəsizliyinin terrordan qorunmasına çox ciddi zərər vurur, hər bir insanın həyatını təhlükə altında qoyur. 

Hesab edirəm ki, müvafiq prokurorluq və məhkəmə orqanları tərəfindən bu işlə bağlı ictimaiyyətə ətraflı məlumat verilməlidirlər..


Digər xəbərlər
SON XƏBƏRLƏR
20:19 16.05.2025

Qayıdış nəğməsi