"The İndependent” qəzeti Çeçenistan lideri Ramzan Kadırova istinadən yazır ki, çeçen xüsusi qüvvələri Suriya torpağındadır və onun adamları "İŞİD-ın özəklərinə soxula biliblər”.
Qəzet yazır ki, bu xəbər və onun dərhal Kreml tərəfindən təkzib edilməsi Rusiyanın Suriyadakı hərbi əməliyyatı barədə rəsmi məlumatlara kölgə salmaqla yanaşı, həm də cənab Kadırovun Moskvanın nəzarətindən nə dərəcədə çıxdığını nümayiş etdirir.
Çeçenistan lideri Ramzan Kadırov bundan əvvəl bəyan etmişdi ki, onun Vladimir Putinə sadiq qüvvələri Suriyada İŞİD-in nəzarətində olan əraziyə atılıblar və orada kəşfiyyat missiyasını yerinə yetirirlər.
Kadırovun "casus şəbəkəsi"
Rusiyanın 1-ci kanalında qısa reklamı verilmiş sənədli filmdə cənab Kadırov Çeçenistanda xüsusi təyinatlı qüvvələrin təlim düşərgəsində görünür.
Ağır silahlardan atəş açdıqdan və qoşunların yoxlanışından sonra Kadırov kamera qarşısında deyir ki, onun "ən yaxşı döyüşçüləri” İŞİD cihadçılarının sıralarında təlim keçmək üçün "xüsisi missiya ilə” Suriyaya göndərilib.
Onun sözlərinə görə, bundan başqa onun adamları terrorçu qruplaşma barədə kəşfiyyat informasiyası toplamaq məqsədilə İŞİD özəklərinə soxula biliblər.
"İŞİD-in içərisində geniş casus şəbəkəsi qurulub” - Kadırov deyib.
Rusiyanın 1 nömrəli telekanalında efirə verilmiş reportajda deyilir ki, "Rusiyanın hava zərbələrinin uğurunu yerdə öz həyatları bahasına təmin edənlər barədə danışmağın vaxtı çatıb”.
Dövlət telekanalı dövlətə qarşı?
"The İndependent” yazır ki, adətən aralarında ziddiyyət olmayan Kremlin rəsmi xətti ilə dövlət telekanalının efirində səslənmiş fikirlər haçalanıb. Belə bir ixtilaf çox nadir hadisə sayılmalıdır.
Belə ki, prezident Putinin sözçüsü Dmitri Peskov sözü gedən reportaja şərh verməkdən imtina edib.
O, deyib ki, Suriyaya göndərilən bütün qüvvələr və onların hansı müddətə göndərilməsi haqqında Müdafiə Nazirliyi müfəssəl məlumatlar verib.
O, əlavə edib ki, söhbət ayrıca çeçen xüsusi təyinatlı qüvvələrindən yox, federal qüvvələrdən gedə bilər.
"The İndependent” yazır ki, reportaj və onun Kreml tərəfindən dərhal təkzib edilməsi Rusiyanın Suriyadakı missiyasına dair rəsmi məlumatlarda yaranmış çatdan xəbər verir.
Qəzet həm də bu qənaətdədir ki, bu xəbərlər Ramzan Kadırovun getdikcə Moskvanın nəzarətindən çıxması barədə mülahizələri gücləndirir.
Kreml indiyədək Suriyada quru qüvvələrinin olmadığını dəfələrlə və israrla bəyan edib.
Kadırovun açıqlamaları Rusiyanın Suriyada həqiqətən də xüsusi qüvvələrdən istifadə etməsinə dair şübhələr yarada bilər.
Ramzan Kadırov çeçen döyüşçülərinin Suriyada xüsusi tapşırıq yerinə yetirdiklərini iddia edib.
Kadırov müstəqildirmi?
Qəzet yazır ki, Çeçenistana Moskva tərəfindən başçı təyin edilmiş Kadırov 2007-ci ildən bəri bu əyaləti dəmir əllə idarə edir.
Bu da qeyd olunur ki, Kadırovun insan haqlarını kobud şəkildə pozması ilə bağlı beynəlxalq ittihamlar səslənir.
Buna baxmayaraq, Kadırov Çeçenistana az qala "müstəqil” şəkildə rəhbərlik edir.
Məsələn, ötən il Rusiyanın qonşu Stavropol vilayətindən gəlmiş hüquq-mühafizə işçiləri Kadırovun əmri ilə atəşə tutulmuşdular.
"The İndependent” yazır ki, Kadırovun şəxsi komandası altında olan hərbiləşdirilmiş qüvvələr sözdə Moskvaya loyal olsa da, əməldə yalnız öz komandanına tabeçilik edir.
Hindistanda bir nəfər meteorit zərbəsindən ölüb
"The Guardian” qəzetinin yazdığına görə, Hindistanın hakimiyyət orqanları bir kişinin "meteorit parçasının zərbəsi”ndən həlak olmasını araşdırırlar.
Məqalədə deyilir ki, alimlər hazırda Tamil Naduda, meteoritin düşdüyü yerdən torpaq nümunələrini götürürlər.
Xəbər verilir ki, hadisə nəticəsində bir avtobus sürücüsü həlak olub, daha üç nəfər xəsarət alıb.
Tamil Nadu ştatının rəhbəri Cayalita Cayaram deyib ki, ötən şənbə günü düşmüş meteoritin zərbəsindən ölmüş avtobus sürücüsünün ailəsinə 100 min rupi (1800 dollar) yardım verilib.
Həlak olan şəxs kollec avtobusunun sürücüsü idi və meteorit də elə kollecin ərazisinə düşüb.
Xəbər verilir ki, hadisədən dərhal sonra xəstəxanaya aparılan sürücü yolda keçinib.
Hazırda rəsmilər kollecin həyətində baş vermis partlayışın ardınca yaranmış krateri öyrənirlər.
"Meteorit nəzəriyyəsi”
Meteorit düşərkən sürücü kollec kafesinin yaxınlığındakı otluğun üstündə dayanmışdı. Hadisə nəticəsində yaxınlıqda işləyən iki bağban və bir tələbə xəsarət alıblar.
Hökumət rəsmiləri əvvəlcə belə güman etmişdilər ki, burada tikinti işlərindən sonra qalmış partladıcı maddələrdən partlayış törəyib, lakin sonradan bu gümanı təsdiq edəcək dəlillər aşkar edilməyib.
Yalnız bundan sonra rəsmilər "meteorit nəzəriyyəsinə” keçiblər.
Çərşənbə günü Hindistan Astrofizika İnstuitutunun bir qrup əməkdaşı hadisə yerini təhqiq etmək üçün gəlməlidir.
Şahidlərdən biri deyib ki, o, əvvəllər heç vaxt belə partlayış səsi eşitməyib. Partlayışdan sonra tüstü və qoxu da olmayıb.
Çox nadir hadisə
International Comet Quarterly elmi jurnalının məlumatına görə, bundan əvvəl meteorit zərbəsindən ölüm halı yalnız 1825-ci ildə qeydə alınıb.
Sheffield Universitetinin nəzəri astrofizika mühazirəçisi Simon Goodwin "The Guardian” qəzetinə deyib ki, meteorit ölümləri nadir hallarda baş verir, çünki bu səma cismləri adətən yerin atmosferinə daxil olarkən tamamilə yanıb külə dönür.
Alim deyir ki, Yer planetinin insanlar tərəfindən sıx məskunlaşdığı nəzərə alınarsa, bu, çox nadir hadisədir.
"The Guardian” yazır ki, 2013-cü ildə mərkəzi Rusiya üzərində partlamış meteorit "od yağışı” yağdırmış və ətrafdakı binaların sınan pəncərələrindən 1200 nəfər xəsarət almışdı.
Yayda beyin daha yaxşı işləyir
"The Daily Mail” qəzeti yazır ki, bizim düşünmə və diqqətimizi cəmləşdirmə qabiliyyətimiz qış mövsümü ilə müqayisədə yay aylarında daha güclü olur.
Qəzet yazır ki, bu yaxınlarda aparılmış elmi araşdırma beynimizin yayda daha yaxşı işlədiyini aşkar edib.
Alimlər bu nəticəyə gəliblər ki, insanın zehni qabiliyyətinin artıb-azalması günün uzunluğu ilə mütənasibdir və ən uzun günləri olan iyun ayında insanlar daha yaxşı düşünə və ağıllı qərarlar çıxara bilirlər.
Sözü gedən eksperiment üçün adamlar bir neçə gün ərzində zəif lampa işığında saxlanıb və onlara yatmaq imkanı verilməyib. Nəticələr göstərib ki, hətta belə qapalı mühitdə də, yay aylarında insanın beyni daha yaxşı işləyir.
Alimlər bunu insanın bioloji və ya "daxili saat”ı ilə izah edirlər.
Eyni təcrübə insanların qış aylarında daha diqqətsiz olduğunu, düşünmə sürətinin azaldığını göstərib. Ən pis göstəricilər bu mənada xüsusilə dekabr ayında qeydə alınıb.
Alimlərə görə, yayda beyin daha yaxşı işləyir
Yay yaddaşı möhkəm olar
"The Daily Mail” yazır ki, insan beyninin müxtəlif fəsillərdə necə işlədiyini yoxlamaq üçün keçirilən təcrübədə 28 könüllü iştirak edib.
İlin müxtəlif mövsümlərində qapalı laboratoriyada 4 gün yarım müddətinə saxlanan bu şəxslərin 42 saat ərzində yatmalarına imkan verilməyib.
Təcrübə altında olanlara yatmaq imkanı verməməklə alimlər qapalı şəraitdə insanın "daxili saatının” necə işlədiyini öyrənmək istəyirdilər.
Bu süni maneələrə baxmayaraq, insan beyninin bioloji saatı səhvsiz, lakin mövsümlərə uyğun şəkildə işləyib.
Təcrübə habelə insan yaddaşının yay mövsümündə daha möhkəm olduğunu təsdiqləyib.
Alıimlər deyirlər ki, "işçı yaddaş” beynin diqqətdən də mürəkkəb olan ali funksiyalarındandır (BBC).