Avropa Şurası: "Seçkinin keçirilməsi o qədər də hiss olunmurdu"

img

24-12-2009 [12:30]


Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi nümayəndələri Azərbaycanda keçirilən bələdiyyə seçkisi ilə bağlı ilkin rəylərini açıqlayıblar. Nümayəndələrin sözlərinə görə, seçkidə irəliləyiş qeydə alınsa da, bu sahədə təkmilləşməyə ehtiyac var. Konqresin vitse-prezidenti Jan Klod Frekon ans-ə bildirib ki, seçki texniki baxımdan yaxşı təşkil olunub, lakin seçici fəallığı o qədər də yüksək olmayıb. Jan Klod Frekon bu seçkidə kütləvi səsvermə hallarına, o cümlədən bir nəfərin bütün ailə üzvləri adından səs verməsi hallarına çox rast gəlinmədiyini də deyib. O, səsvermə bülletenlərinin tərtibatının dəyişilməsinin vacibliyini də vurğulayıb. Konqresin vitse-prezidenti qeyd edib ki, missiya 100-dən artıq seçki məntəqəsində səsvermənin gedişini izləyib. Jan Klod Frekon seçkidə səsvermə hüququna malik vətəndaşların yalnız 32 faizinin iştirak etdiyini vurğulayaraq, bunun kiçik rəqəm olduğunu bildirib. Jan Klod Frekon: "Mən üç məqamı vurğulamaq istəyirəm. Seçkinin keçirilməsi o qədər də hiss olunmurdu, bu nə televiziyada, nə də küçələrdə nəzərə çarpmırdı. Biz buna təəssüf edirik, çünki aktiv seçki kampaniyası demokratiyanın inkişafına dəstək verir. Biz seçki kampaniyasının telekanallarda zəif işıqlandırılması məsələsini Ədliyyə Nazirliyində keçirdiyimiz görüşlər zamanı qaldırmışıq. İkincisi, müxalifət bu seçkidə pərakəndə şəkildə təmsil olunub və onların fəaliyyəti lazımınca işıqlandırılmayıb. Toxunacağım üçüncü məqam isə yerli idarəetmə orqanlarında demokratiya ilə bağlıdır. Bələdiyyələrin həm maliyyə bazası, həm də səlahiyyətləri çox azdır. Biz bu sahədə vəziyyəti yaxşılaşdırmağa çağırırıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA