Elmar Məmmədyarovu iran islam Respublikasının prezidenti Mahmud Əhmədinejad qəbul edib

img

15-12-2009 [05:36]


14 dekabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov rəhbərli etdiyi nümayəndə heyət İran İslam Respublikasında rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində Nazir Elmar Məmmədyarov İran İslam Respublikasının Xarici İşlər Nazir Manuçehr Mottaki, İran İslam Respublikasının Təhlükəsizlik Şurasının sədri Səyid Cəlili və İran İslam Respublikasının Parlamentinin sədri Əli Laricani ilə görüşlər keçirmişdir. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovu İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad qəbul etmişdir. Səfərin ilk görüşü İİR Xarici İşlər Naziri Manuçehr Mottaki keçirilmişdir. İran İslam Respublikasının Təhlükəsizlik Şurasının sədri S.Cəlili ilə görüş zamanı tərəflər Azərbaycan-İran əməkdaşlığının bütün istiqamətləri üzrə fikir mübadiləsi aparmışlar. Görüşdə habelə, nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycanın danışıqlarda tutduğu mövqe barədə məlumat vermişdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini regionun təhlükəsizlik durumuna ciddi təsir edən amil kimi qiymətləndirən nazir Məmmədyarov, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tez bir zamanda həll edilməsinin regionun bütün dövlətlərinin marağında olduğunu vurğulamışdır. Öz növbəsində, İİR Təhlükəsizlik Şurasının sədri Cəlili İranın bu məsələnin sülh yolu ilə həllində ölkəsinin mümkün dəstək verməyə hazır olduğunu demişdir. Nazir E.Məmmədyarovun İran İslam Respublikasının Parlamentinin sədri Ə.Laricani ilə görüşü zaman tərəflər Parlamentlər arası dostluq qrupunun işindən məmnunluğunu bildirmişlər. Nazir Məmmədyarov Parlament diplomatiyasının dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynadığını demiş və bu istiqamətdə fəallığın artırılmasına çağırmışdır. Öz növbəsində, Parlament sədri münasibətlərin yalnız parlamentlərarası dostluq qrupu səviyyəsində yox, müxtəlif komitələr səviyyəsində də inkişaf etdirilməsi vacibliyini vurğulamışdır. Azərbaycan Respublikasının Milli Məclisinin Sədri O.Əzədovun İrana dəvət olunduğunu deyən Ə.Laricani belə səfərlərin parlamentlər arasındakı münasibətlərin daha da sıxlaşmasına yol açdığını demişdir. Səfərin sonunda nazir Elmar Məmmədyarovu İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad qəbul etmişdir. Görüş zamanı nazir E.Məmmədyarov ilk öncə Azərbaycan Respublkası Prezident cənab İlham Əliyevin Prezident M. Əhmədinejada səmimi salamlarını çatdırmış, ölkələrimiz arasında bütün sahələrdə və istiqamətlərdə mövcud sıx əməkdaşlıq məsələlərinə toxunaraq, bu əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyinin müsbət hal olduğunu vurğulamışdır. Nazir Ermənistan?Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar prosesi barədə də İran prezidentinə ətraflı məlumat vermiş, beynəlxalq müstəvidə Azərbaycanın mövqeyini dəstəklədiyinə görə İran tərəfinə öz minnətdarlığını ifadə etmişdir. Öz növbəsində, İran Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə öz səmimi salamlarını çatdırmağı xahiş etmişdir. Prezident M.Əhmədinecad ölkələrimiz arasında əməkdaşlığın sıx və dərin tarixi köklərə söykəndiyini qeyd edərək, Azərbaycanın İrana beynəlxalq təşkilatlar çərçivəsində verdiyi dəstəyə görə minnətdarlığını bildirmiş, bunun əsl qardaşlıq nümunəsinin göstəricisi olduğunu demişdir. İranın regionda sülhün bərqərar olmasına dəstək verməyə hazır olduğunu deyən İran Prezidenti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll edilməsini arzulamışdır. Səfər çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə İran Milli Qaz İxrac Şirkəti arasında iki sənəd imzalanmışdır. Məxfilik haqqında sazişə əsasən tərəflər saziş imzalandığı tarixdən iki həftə ərzində Azərbaycanın İrana beş il ərzində və gələcəkdə uzadılması mümkünlüyü nəzərdə tutulan təbii qazın satışına dair danışıqlara başlayırlar. İkinci sənəd əsasən 2010 il qış mövsümündə Azərbaycan İrana ölkənin şimal bölgələrində istifadə üçün təbii qaz satacaq. Hər iki sənədi İran tərəfindən Milli Qaz İxrac Şirkətinin Baş meneceri S.Kasaeizadeh Azərbaycan tərəfindən isə Dövlət Neft Şirkətinin vitse-Prezidenti E.Nəsirov imzalamışlar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA