06-07-2013 [21:00]
Bu gün Kannda Azərbaycan mədəniyyəti günlərinin açılışı olacaq. Heydər
Əliyev Fondu tərəfindən təşkil olunan bu layihə çərçivəsində Azərbaycan
mədəniyyətinin fəqrli tərəfləri - tarixi və müasir zənginlikləri təqdim
ediləcək. Artıq bu günlər Kann və ətraf şəhərlər Azərbaycanın təqdimat
banerləri və lövhələri ilə bəzədilib.
İyulun 7-dək keçiriləcək
mədəniyyət günləri çərçivəsində müxtəlif layihələrin təqdimatı nəzərdə
tutulur. Belə ki, Azərbaycan «Pirotexnika sənəti» (Art Pyrotechnique)
Kann festivalında ilk dəfə təmsil olunacaq. Qeyd edək ki, 1967-ci ildən
keçirilən bu festivalda möhtəşəm atəşfəşanlıq rənglər və musiqinin
vəhdətində təqdim edilir. İyulun 4-də Azərbaycandan olan atəşfəşanlıq
qrupu «Azərbaycan musiqi və rənglərdə» (Azerbaijan in music and colors)
şousunu Qara Qarayevin «Yeddi gözəl» baletindən vals, Niyazinin «Rast»
simfonik muğamı, Fikrət Əmirovun «Şur» simfonik muğamı, Müslüm
Maqomayevin «Azərbaycan» mahnısı, digər klassik musiqi və bəstəkar
mahnılarının müşayiəti ilə təqdim edəcək. Festival zamanı bu şou üçün
yazılmış xüsusi partitura da ifa olunacaq.
İyulun 5-də isə Kannda
Azərbaycan caz musiqisi tarixi və müasir çalarlarda səslənəcək. Şahin
Növrəsli, İsfar Sarabski və Səbinə Babayevanın ifasında Azərbaycanın
məşhur caz kompozisiyaları təqdim olunacaq.
İyulun 6-da isə
Heydər Əliyev Mərkəzinin mədəniyyətimizi yaşatmaq və dünyada təbliğ
etmək layihəsi çərçivəsində Fransada klassik musiqi gecəsi təşkil
olunacaq. Həmin gün Üzeyir Hacıbəyli adına Azərbaycan Simfonik
Orkestrinin ifasında Soltan Hacıbəyovun «Karvan» simfonik lövhəsi,
Üzeyir Hacıbəylinin «Koroğlu» operasından üvertura, xalq və bəstəkar
mahnıları izləyicilərə çatdırılacaq.
Qeyd edək ki, Azərbaycan
mədəniyyəti günləri zamanı təqdim olunan hər bir layihə ölkəmizin qədim
tarixi, ənənələri, incəsənət nümunələri ilə yaxından tanışlığa geniş
imkan verəcək. Mədəniyyət günlərində yerli sakinlər və turistlərin
Azərbaycanı müxtəlif sərgilər vasitəsi ilə də görmək imkanı olacaq. Bu
sərgilər sırasında "Qız Qalası” və "Ceyranlar” sərgisi xüsusi maraq
doğurur. Azərbaycanın ən qədim və dünya əhəmiyyətli abidələrindən olan
Qız Qalasının təbliği məqsədi daşıyan "Qız Qalası” sərgisində müxtəlif
ölkələrin rəssamları tərəfindən milli üslublarda naxışlarla bəzədilən
kiçik maketlər fərqli mədəniyyət və adət-ənənələrin sintezində təqdim
ediləcək.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji layihə çərçivəsində
"Ceyranlar” sərgisi isə öz orijinallığı və tərənnüm etdiyi ideya
baxımından diqqət çəkir. İyirmi gün ərzində keçiriləcək sərgidə nəsli
kəsilməkdə olan ceyranlara diqqət cəlb etmək məqsədilə ceyran maketləri
hazırlanıb və dünyanın müxtəlif ölkələrindən olan rəssamlar tərəfindən
bəzədilib. Bu işlər sırasında Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın da əsərləri yer
alıb.
Heydər Əliyev Fondu tərəfindən təşkil olunan «Qafqaz incisi
- Azərbaycanın mədəni dəyərləri» və Azərbaycanın müasir incəsənət
nümunələrindən ibarət "Emosiyalar sərgisi” (Emotions Exhibition) isə
Azərbaycan və onun mədəni sərvətlərinin, müasir incəsənətinin
tanıdılması baxımından əhəmiyyət kəsb edir.
Xüsusi şounun
müşayiəti ilə təqdim olunan "Milli mətbəxi günü” Azərbaycanın süfrə
mədəniyyəti, qonaqpərvərliyi, ənənələri barədə dərin təəssüratlarla
yadda qalacaq. Bu layihə Azərbaycanın milli mətbəx nümunələrinin hər
birinin tarixi, fəlsəfəsi barədə geniş məlumat əldə etmək imkanı
yaradacaq.
İyulun 7-də təşkil olunan proqram isə Azərbaycan milli
kino tarixi ilə tanışlıq xarakteri daşıyır. Həmin gün Fransada milli
kinomuzun incilərindən olan «Arşın mal alan» filmi təqdim ediləcək.
Mədəniyyət
günləri iyulun 7-də açıq havada təşkil olunacaq konsert proqramı ilə
başa çatacaq. «Natiq» ritm qrupu, Azərbaycan Dövlət Rəqs Ansamblı Odlar
Yurdunun ritmlərini, qədim balaban və tar isə muğam sənətini
izləyicilərə çatdıracaq.
Qeyd edək ki, mədəniyyət günləri
çərçivəsində Heydər Əliyev Fondu tərəfindən Azərbaycan, ingilis, fransız
dillərində xüsusi nəşrlər də hazırlanıb. Bu nəşrlər özündə Azərbaycanın
zəngin mədəni irsi, qədim və müasir Azərbaycan barədə geniş məlumatlar
əks etdirir.