"Məni evdən oğurladılar..." - Xədicə İsmayılın işində yenilik

img

03-07-2015 [11:05]


Xəbər verildiyi kimi, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılla bağlı aparılan istintaq yekunlaşıb. 

Bu barədə xanım jurnalistin vəkili Fariz Namazlı bizə açıqlamasında detallı bilgi verib. 


Amma verdiyi şikayət ərizəsi əsasında X.İsmayılın həbsinə səbəb olan radionun keçmiş əməkdaşı, jurnalist Tural Mustafayev də "Facebook" profilində istintaqın bitməsi ilə bağlı Respublika Prokurorluğuna çağırıldığını xəbər verib.

"Yeni Müsavat”a kiçik müsahibəsində T.Mustafayev bu barədə detallı danışdı. Müsahibimiz öncə prokurorluğun çağırışına əsasən idarəyə gedib-getməməsinə aydınlıq gətirdi. 

- Bəli, məni prokurorluğa çağırmışdılar, amma getmədim. Bu həftənin şənbə günü yenidən çağırıblar, şənbə günü gedəcəyəm. 

- Siz Xədicə İsmayıla qarşı şikayətinizi geri götürdüyünüzü daha öncə bəyan etmişdiniz. Bu halda niyə sizi hələ də zərərçəkən hesab edib, jurnalistə qarşı "özünü öldürmə həddinə çatdırma” maddəsi ilə ittihamı saxlayıblar? 

Tural Mustafayev

- Mən imtina etmişəm şikayətimdən. Amma istintaqdan məktub gəlib ki, istintaq yekunlaşıb, gəlməlisiniz. Bakı Şəhər Prokurorluğu məni hələ də zərərçəkmiş qismində tanıyır. Ona görə də iş Ağır Cinayətlərə veriləndən sonra bu məsələdə problemlər yaranıb - Bakı Şəhər Prokurorluğu məni zərərçəkən kimi tanıdığı üçün. Anlamıram ki, məni nəyə görə çağırırlar. 

- Hüquqşünaslarla məsləhətləşmisinizmi? Əgər siz şikayətinizi geri götürmüsünüzsə, qanun hələ də sizi zərərçəkmiş kimi tanımağa imkan verirmi?

- Hüquqşünasla məsləhətləşməmişəm. Əslində şikayət ərizəsini geri götürmüşəm. Bilmirəm, bu halda məni zərərçəkən kimi saxlamağa qanun icazə verir, ya yox. Amma mən Xədicə xanımdan şikayətçi deyiləm. Təzyiq altında şikayət etmişəm. 

- Hesab edək ki, iş məhkəməyə qədər uzananda da sizi prosesə şahid qismində dəvət etdilər. Bu halda məhkəmədə necə ifadə verəcəksiz? 

- Mən şikayətimdən imtina ərizəmdə bütün gerçəkləri yazmışam. Əgər məhkəməyə çağırılsam, gedib orda həqiqəti danışacağam. Məhkəmədə deyəcəyəm ki, Bakı Şəhər Prokurorluğunun iki əməkdaşı, Bakı şəhər prokurorunun birinci müavini və MTN tərəfindən məcbur olunmuşam ki, şikayət edim. Şantaj ediblər, təzyiq göstəriblər. Sübut olaraq da dekabrın 27-də mən Göyçayda yaşadığım ünvandan oğurlanmışam. Fevral ayına qədər bir neçə yerdə saxlanmışam. 

- Həbsdə olduğu müddətdə Xədicə İsmayıla da bu yaşadıqlarınızla bağlı hər hansı xəbər çatdırmısınızmı? 

- Xədicə xanıma hər hansı xəbər çatdırmamışam. Yəqin ki, vəkilləri bu barədə məlumat veriblər ki, məni şikayət etməyə məcbur ediblər. Bu, ictimailəşmiş və həm də ona ünvanlanmış mesaj idi. Mən bu mesajla bildirmək istəmişdim ki, mənim heç bir günahım yoxdur, mənə təzyiqlər olub. Ondan da mənə heç bir xəbər, mesaj gəlməyib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA