“Arvadsan, içəri keçirsən, gəl söhbət edək” - Məhkəmə

img

12-06-2015 [11:41]



Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Yevlax rayon sakin, 1987-ci il təvəllüdlü Əfqan Yusubovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Mia.az virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Eynulla Vəliyev sədrlik edib.

İstintaq yolu ilə müəyyən edilib ki, Əfqan Yusubov 10 fevral, 2015-ci ildə Biləcəri qəsəbəsi, M.Aslanov küçəsində müvəqqəti yaşadığı evdə qaynı Vüqar Salmanovla mübahisə edib.

Mübahisə zamanı bıçağa əl atan Ə.Yusubov qaynı Vüqar Salmanova arvadının gözü qarşısında çoxsaylı zərbələr endirib. Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Törətdiyi cinayət əməlinə görə Ə.Yusubova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxs qismində dindirilən Əfqan Yusubov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində milliyyətcə kürd olduğunu, ailə üzvləri ilə birlikdə Biləcəri qəsəbəsində kirayə yaşadığını göstərib: "Bizimlə eyni həyətdə əmim oğlanları, qayınlarım Kazım, Vüqar və onların ailəsi də kirayədə qalır. Qayınlarım günəmuzd fəhləliklə məşğul olurdu. Hadisədən üç gün əvvəl qaynım Vüqar qohumu Şərifin DVD aparatı satdığını dedi. Ondan həmin aparatı mənim üçün almasını xahiş etdim. O da alacağını dedi. Hadisə baş verən gün qayınlarımla birlikdə yeyib-içirdik. Axşam saatlarında hər üçümüz DVD-ni götürmək üçün Şərifgilə getdik. Şərif həm də televizor satırdı. Vüqar televizoru və DVD-ni qucağına alıb həyətə çıxdı. Vüqara DVD üçün 10 manat da verəcəyimi dedim. Vüqar isə aparatı özü üçün aldığını bildirdi. Buna görə aramızada mübahisə yarandı. Ona "vermirsən cəhənnəmə ver” dedim və incidiyimə görə evə gəldim.

Evə çatanda küçənin başında Vüqargilin dayandığını gördüm, birlikdə həyətə keçdik. Qayınanam Zemfira ilə arvadım Zülfiyyə nə baş veridyini soruşduqda Şərifgildə baş verənləri onlara danışdım”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, məhz bundan sonra yeznə ilə qayın arasında mübahisə kəskinləşib. Qaynı evdən bıçaq götürüb həyətə çıxan zaman qayınanası Zemfira yaylığını yerə atıb, "Vüqar, eləmə...” deyərək baş verəcək faciənin qarşısını almağa cəhd göstərib. Arvadı ilə qayınanası araya girsə də, Vüqar bir neçə dəfə ona tərəf bıçaq atsa da zərbələrdən yayına bilib: "Sonuncu dəfə Vüqar mənə sarı bıçaq atanda onun əlindəki bıçağı tutdum. Bıçağın tiyəsi əlimi kəsdi. Vüqarın qolunu burub bıçağı almaq istəyəndə o, "Əfqan, bıçaq mənə dəydi” dedi. Özümü itirdim, əlimdə bıçaqla təcili yardım çağırmağa getdim. Bıçağı hara atdığımı xatırlamıram. Dəmir yolu stansiyasında xeyli tək oturduqdan sonra Binəqədi Rayon Polis İdarəsinə gedərək könüllü təslim oldum”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Kazım Salmanov mərhum qardaşı Vüqarın 4 il əvvəl Yevlax rayonunda polisə müqavimət göstərdiyinə görə həbs olunduğunu, 3 il cəza aldığını və hadisədən 5 ay əvvəl azadlığa buraxıldığını göstərib: "Əfqan bacım Zülfiyyənin əridir. Arvadı və dörd uşağı ilə birgə bizimlə eyni həyətdə yaşayır. Uzaq qohumumuz olan Şərifdən DVD aparatı və televizor almaq üçün onlara getmişdik. Şərif avadanlığı 25 manata satmağa razılaşdı. Yolda Əfqan Vüqardan aparatı ona verməsini istədi. Vüqar isə ona aparatı özü üçün aldığını dedi. Buna görə mübahisələri yarandı, Əfqan DVD-ni vurub yerə saldı.

Biz evə gəlib televizoru və DVD-ni quraşdırmaq istədikdə Əfqan Vüqara "arvadsan, içəri keçirsən, gəl söhbət edək” deyib onu həyətə çağırdı. Vüqar da həyətə çıxdı. Şəriflə mən evdə aparatı quraşdırmaqla məşğul idik. Vüqarla Əfqanın dava edə biləcəkləri ağlıma da gəlməzdi. Birdən anam Zemfira qışqıraraq Vüqarın öldüyünü dedi. Həyətə çıxanda Vüqarı anamın dizi üstündə gördüm. Anam Əfqanın Vüqarı vurub qaçdığını dedi. Əfqan üzərində həmişə bıçaq gəzdirirdi. Vüqarda bıçaq olmayıb. Əfqan yalan danışır”.

Məhkəmə prosesi iyulun 3-ə kimi təxirə salınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA