Yol polisi “aftoş”un əl-qolunu bağlayıb, apardı - Video

img

28-10-2014 [14:24]


Azərbaycanda yol polisi əməkdaşları və avtoxuliqan arasında yaşanan münaqişəni əks etdirən videogörüntülər yayılıb.


Videonu avtosfer.az saytına oxucular göndəriblər. Bildirilir ki, videogörüntülərdə əks olunan hadisə Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, kadrlardan məlum olur ki, Binəqədi rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları avtoxuliqanlıq edərək, polisə tabe olmayan sürücünü körpünün altında saxlaya biliblər. Sürücü müqavimət göstərdiyi üçün, polis onun əl-qolunu bağlayaraq maşına əyləşdirib və hadisə yerindən uzaqlaşdırıb.

Videodan o da aydın olur ki, ətrafdakı insanlar yol polislərinin bu hərəkətinə hiddətləniblər.

Sayt xatırladır ki, «Polis haqqında» qanunun 17-ci maddəsinə uyğun olaraq polis əməkdaşı qanunla müəyyənləşdirilmiş qaydada və hallarda fiziki qüvvə işlətmək, habelə xüsusi vasitələr və odlu silah saxlamaq, gəzdirmək və onları tətbiq etmək hüququna malikdir. Bu qanunun 36-cı və 37-ci maddələrində fiziki qüvvənin tətbiqinin qaydası və şərtləri təsbit edilib.

Qanunvericiliyin tələbinə əsasən, hüquq pozuntusuna yol vermiş şəxs polis əməkdaşının qanuni tələblərinə tabe olmadıqda (məsələn, sənədlərini təqdim etməkdən imtina etdikdə, qaçmaq istədikdə, qanunsuz hərəkətlərini davam etdirdikdə və s.) əməkdaş onun tutulması üçün fiziki qüvvədən istifadə edə bilər. Hətta fiziki qüvvə yetərli olmadıqda, yaxud həmin şəxs təhlükəli hərəkətlər etdikdə qanunda müəyyən olunan tələblərə ciddi riayət etməklə xüsusi vasitələrdən (qandallardan, dəyənəkdən, tabel silahından və s.) istifadə oluna bilər.

Lakin qanunun birmənalı tələbinə əsasən tətbiq olunan fiziki qüvvə və xüsusi vasitələr şəraitə, qanunazidd davranışa yol verən şəxsin hərəkətlərinə və s. uyğun olmalıdır. Məsələn, müqavimət göstərən şəxs fiziki qüvvənin tətbiqindən sonra müqavimət göstərməyi dayandırdısa, onun döyülməsinə və başqa bu kimi hərəkətlərə yol verilməməlidir. Hər bir halda qanunu pozan şəxsə tətbiq olunan fiziki qüvvə onun şərəf və ləyaqətini alçaltmağa yox, müstəsna olaraq belə şəxsin hüquqazidd davranışını neytrallaşdırmağa yönəlmiş olmalıdır.





Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA