"Turan -Tovuz" nəhayət, dilə gəldi - "Stadionda tum çırtlamaq "Azarkeşlik" adına böyük hörmətsizlikdir" (VİDEO, FOTO)

img

14-12-2025 [18:25]


"Turan-Tovuz" Futbol Klubu azarkeşlərə səslənib.

Mia.az xəbər verir ki, klub son oyunda azarkeşlərin davranışının azarkeşlik adına xələl gətirdiyini bəyan edib.

Xatırladaq ki, dünən Tovuz stadionunda doğma azarkeşlər qarşısında çıxış edən klub "Sabah" komandasına böyükhesablı (1:3) məğlub olub.

"Sabah"ın hər qolundan sonra yerli azarkeşlər rəqib komandanı tribunadan alqışlayaraq təbrik edib, "vur, Mikels" ("Sabah"ın oyunçusu " - Z.M.) və bu kimi ifadələrlə öz komandasına etirazını bildirib. Doğma azarkeşlərin öz komandasına belə etiraz forması bu gün klub rəhbərliyinin açıqladığı bildirişdə qınanır və qəbul edilimir.

"Hər bir klubun enişli-yoxuşlu, güclü-zəif, yaxşı-pis günləri olur. İllər ərzində yüzlərlə futbolçu, məşqçi, əməkdaş gəlir və gedir. Dəyişməyən yalnız klubun adı və ona olan sevgidir", - deyə klubun açıqlamasında bildirilir.

Azarkeşlərə səslənən klub rəhbərliyi onu da əlavə edir ki, "komandamız hazırda enişdədir və təbii ki, belə davam etməyəcək. Tezliklə hər kəsin gözlədiyi "Turan"ı yenidən görəcəyik".

"Bəs rəqibin qoluna sevinən azarkeşlər onda neyləycək?", - deyə "Turan"ın rəhbərliyi sual verir.

Klubun sahibləri həmçinin azarkeşlərin stadionu çirkləndirməsi ilə bağlı məsələyə də toxunub.

Yeri gəlmişkən, bu problemi mia.az olaraq hələ keçən ay gündəmə gətirmişdik. Noyabrın 2-də bu mövsümdə təmirdən sonra keçirilən ilk oyun sonrası stadionun biabırçı vəziyyətdə olması, azarkeşlər tərəfindən çirkləndirilməsi, zibillənməsi, tum qalıqlarının atılmasından yazaraq həm də video görüntülər təqdim etmişdik. Bu görüntülər sosial şəbəkələrdə də rezonans doğurmuş və izləyicilər tərəfindən Tovuz azarkeşləri qınağa məruz qalmışdı.

Bugünkü açıqlamada stadionun zibillənməsinə dair problemə də toxunulub. 

"Tum çırtlamaq"Azarkeşlik" adına böyük hörmətsizlikdir", - deyə klub rəhbərliyi bu vəziyyətə etirazını bildirir.

Azarkeşlərin rəqib komandanın qoluna sevinməsindən narazılığını klub rəhbərliyi sonda ədəbi formada belə ifadə edib: "Televiziyada həmin kadrları görüb, bu gün olmasa da, nə vaxtsa utanc hissi keçirəcəklərinə ümid edirik".

Zülfiyyə Mustafayeva
Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA