Sabiq nazir: "Bir məmur var idi, mənə dedi ki, vəzifədən çıxmaqdansa, ölmək yaxşıdır" - "Oğlum vəzifəyə təyin olunanda..." (MÜSAHİBƏ)
13-12-2025 [11:00]
Sabiq maliyyə naziri, professor Əvəz Ələkbərov Azərbaycanın müasir iqtisadi idarəetmə sisteminin formalaşmasında mühüm rolu olan tanınmış iqtisadçı, dövlət və ictimai-siyasi xadimdir.
O, həm akademik mühitdə, həm də dövlət strukturlarında fəaliyyəti ilə ölkədə maliyyə siyasətinin institusional əsaslarının qurulmasına töhfə verib. 7 il maliyyə naziri vəzifəsini icra etmiş Əvəz Ələkbərov hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və audit kafedrasının müdiri vəzifəsində çalışır.
Mia.az keçmiş maliyyə naziri Əvəz Ələkbərovun Azərbaycan iqtisadiyyatında müzakirə olunan əsas məsələlər, eləcə də onun nazir və müəllim kimi fəaliyyəti, ailəsi, övladları və Ramiz Mehdiyevlə bağlı bir sıra məqamlar barədə Modern.az saytına müsahibəsini təqdim edir:
- Əvəz müəllim, hər yeni ilin əvvəli kommunal və ərzaq qiymətlərində dəyişikliklər müşahidə olunur. Bir iqtisadçı olaraq, bunun səbəblərini nədə görürüsünüz?
- Biz dünya iqtisadiyyatının bir hissəsiyik və hələ də xaricdən idxal olunan məhsulların həcmi böyükdür. Ölkədə süni qiymət artımı halları da çoxdur. Hökumət bu sahədə müəyyən tənzimləyici addımlar atır və elə edir ki, əhali bu prosesdə itirməsin. Gələn il infilyasiya 5 faiz civarında proqnozlaşdırılır, amma sosial xərclərin artımı 9 - 9,2 faiz nəzərdə tutulub. Xərclər daha çox artırsa, infilyasiya iki rəqəmli olar. Bu rəqəm nəzərə alınmalıdır.
- 2026-ci il dövlət büdcəsi layihəsində neftin bir barrelinin ortalama qiyməti 65 dollardan götürülüb, bu da ötən illərə nisbətən aşağıdır. İddialara görə, gələn il neftin qiyməti xeyli azalacaq. Sizin proqnozunuz necədir?
- Bu rəqəmi müəyyən etmək mürəkkəb məsələdir. Tramp Amerikanın yeni prezidenti olanda elan etdi ki, neftin qiyməti 45 dollara qədər azalacaq. Amma nəticə etibarilə bu baş tutmadı. Neftin qiymətinin düşməsi bir sıra məsələlərdən aslıdır; müharibələrin bitməsi, Rusiya iqtisadiyyatına təzyiq, Çin və Hindistanın mövqeləri və ABŞ-ın dövlət siyasəti. Hökumət bütün bu məsələləri ölçüb-biçib, eləcə də BP şirkətinin proqnozlarını nəzərə alıb. Əlbəttə, 65 dollar bir az risklidir, amma əsas yaşayaq, görək. Bəlkə də, reallıq elə bu oldu.
- Necə düşünürsünüz, yenidən manatın dollara nisbətdə dəyəri aşağı düşə bilərmi? Ümumiyyətlə, devalivasiyanın baş verməsi gözləniləndirmi?
- Mən bunun baş verəcəyini düşünmürəm. Ölkə iqtisadiyyatı yaxşı şaxələndirilib, ardıcıl tədbirlər həyata keçirilir. Valyuta ehtiyatları 83 milyard dolları keçib. Neftin qiyməti 40-45 dollardan aşağı düşərsə, əlbəttə, problemlər ola bilər.
- 2026-cı ilin büdcə siyasətini necə qiymətləndirisiniz, bu müzakirələrdə iştirak etmisinizmi?
- Aparılan büdcə siyasəti davamlı iqtisadi inkişafla bağlıdır. Bu sahədə artıq professionallıq özünü göstərir. ÜDM-in artımı və srukturu düzgün müəyyən edilib. Gəlirlər üzrə proqnozlar makroiqtisadi sabitliyə köklənib, xərclər üzrə prioritetlər ölçülüb-biçilib. Bütün bunlar ölkəmizin sosial-iqtisadi inkişafına töhfə verəcək. Qaldı ki mənim bu proseslərdə iştirakıma, yox, heç yerə dəvət olunmamışam. Əlbəttə, dəvət gəlsəydi, təcrübə və ideyalarımı verə bilərdim.
- İllərdir ki, vətəndaşlar arasında pensiya yaşı və məbləği ilə bağlı narazılıqlar var. Bu proses necə tənzimlənməlidir ki, həm vətəndaşlar, həm də dövlət xeyir götürə bilsin. Ümumiyyətlə, pensiyalar ölkə iqtisadiyyatına necə təsir edir?
- Hamı istəyir ki, yüksək pensiya alsın. Bu iqtisadi imkanlarla və çoxsaylı problemlərlə bağlıdır. Bu işlərlə əlaqədar çoxlu addımlar atılır. Gələn il pensiyaların 9,2 faiz artırılması üçün icmal büdcədən vəsait də ayrılıb. Bizim əhalimizin təxminən 14 faizi pensiyaçıdır. Pensiya yaşının artırılması orta ömür müddətindən və çoxsaylı sosial problemlərdən asılıdır. Belə addımın atıla biləcəyinə, sözün düzü, mən inanmıram.
- Sülh prosesinin bir mərhələsi olaraq Azərbaycan və Ermənistan nümayəndə heyətləri ölkələrarası səfər və müxtəlif müzakirələrdə iştirak edirlər. Yaxın gələcəkdə azərbaycanlı ziyalıların Ermənistana gedə biləcəyi təqdirdə siz də bu nümayəndə heyətində iştirak etmək istəyərdinizmi?
- Əlbəttə. Mən Qərbi Azərbaycandakıı bulaqlardan su içmişəm, babamın babası belə orada doğulub. Cavan olanda insan bunları o qədər də düşünmür, yaşa dolduqca isə doğulub-böyüdüyün yer, oranın bağçası, təbiəti haqqında düşünürsən. Bildiyim qədəri ilə bizim Cil kəndinin qəbiristanlığını dağıtmayıblar. İlk dəfə getmək çətin olar, amma hər bir halda gedərəm. 2000-ci illərdə mənə BMT xətti ilə belə bir təklif olunmuşdu. O zaman hazır deyildim deyə getmədim, indi düşünürəm ki, getmək, baş çəkmək, oradakı qəbir daşlarını düzəltdirmək də olar. Bizim heç bir günahımız yoxdur ki, böyük ölkələr İrəvanı ermənilərə verərək ölkə qurmağa imkan yaradıblar. Amma tarixən həmin torpaqlar bizimdir. O doğmalığı unutmaq olmaz.
- Siz həm də İqtisad Universitetinin Maliyyə və audit kafedrasının müdirisiniz, tələbələrin gələcəyi barədə nə düşünürsünüz? Savadlı nəsil yetişdirə bilirikmi?
- Tələbələr bizim gələcəyimiz, övladlarımızdır. Çox şey bizdən aslıdır - onlara düzgün yol göstərməyi bacarmaq lazımdır. İnformasiya texnologiyalarının inkişafi gənclər üçün yeni-yeni imkan yaradır. Biz tələbələri müstəqil inkişafa öyrətməliyik, onların hər ehtiyacını ödəyib 21 yaşında evləndirmək düz deyil. Onların təsir imkanlarını öyrənməliyik, qərar qəbul etmək, kommunikasiya imkanları öyrətməliyik. Onların işə düzəlməsinə də kömək edirəm - yaxşı tövsiyə məktubu yazıram, onlar da gedib testlərdən keçib yüksək maaşla işləyirlər. Əlbəttə zəif tələbələr də var.
- Bu tövsiyələri auditoriyada da səsləndirisiniz?
- Əlbəttə. Mən xoşbəxtliyin əsasını zəhmətdə görürəm.
- Hər bir halda tələbələr keçmiş nazirin onlara iqtisadiyyatla bağlı dərs deməsini maraqla qarşılayar. Bu barədə sizə suallar verirlər?
- Suallar çox olur. Tələbələr əsasən professional deyil, cəmiyyətlə bağlı suallar verirlər, həyatda mövqe tutmaqla bağlı düşüncələrimi bilmək istəyirlər.
- Nazir kimi fəaliyyətinizdən şəxsi suallar vermirlər?
- Əlbəttə ki, verirlər. Çox şeyi cavablandırmaq olmur. Elə suallar verirlər ki, onun cavabını ancaq mən bilməliyəm.
- O zaman, deməli, hələ də sirr kimi saxladığınız məlumatlar, hadisələr var...
- Var. Həmişə də olacaq. Dövlət mətbəxi həm də sirrdir. Sirri bilib saxlamaq isə hər kişinin işi deyil. Hər şeyi ortaya qoyub demək düz deyil.
- Professorluq fəaliyyətindən başqa hansı işlərlə məşğulsunuz? Məsələn, hansısa xarici və ya yerli təşkilatla əməkdaşlığınız varmı? Türkiyədə biznes fəaliyyətinizin olduğu deyilirdi, bəs indi necə?
- Əsas işim universitet və Qərbi Azərbaycan İcmasındakı fəaliyyətimdir. Çoxlu məqalələr yazır, universitetimizin dünyada “Top-500”ə düşməsi üçün işlər görürük, xarici universitetlərlə əlaqələr qururuq.
- Sabiq nazirlər bu gün sahələri ilə bağlı gündəmdəki mövzulara operativ cavab verməyə meyillidirlər, media ilə sıx əlaqələri var. Sizinlə bağlı eyni şeyi demək mümkün deyil. Çox görünməməyinizin səbəbi nədir?
- Mən çox görünməyin tərəfdarı deyiləm. Hərdən onların çıxışlarına da baxıram və utanıram. Yaxşı olar ki, hərə özünə aid sahədə çalışsın və ölkəmizə də kömək etsin.
- İşdən ayrılmağınız keçmiş məmurlarla münasibətlərinizə təsir etdimi?
- Əlbəttə. 95 faiz. O dəqiqə çəkildilər. Qapımda növbədə duran adamlar gizləndilər. Mən isə heç birinə zəng vurmadım və heç kimdən nəsə xahiş etmədim.
- Bu sizə təsir etdi?
- Əlbəttə. Amma 1 il sonra özümə gəldim.
- Amma dediniz ki, vəzifə daimi deyil..
- İnsanın öyrəşməyi də var (gülür). Təsəvvür edin səhər durursan, işə gedirsən, bir imzanla ölkədə 5 məsələ həll olunur, imzan vergiyə, gömrüyə, xarici ticarətə, sosial məsələlərə təsir edir. Hərdən düşünürəm, universitetdən çıxım gedim. Amma bir yandan da deyirəm ki, çıxıb gedib nə edəcəyəm, öyəşmişəm. Artıq nazir deyiləm, müəyyən şeyləri də güzəştə getməliyəm. Bizim cəmiyyət insanlara dəyəri yaşayanda yox, öləndə verir, vəzifədə oldun, hörmət var, getdinsə, hər şey də bitdi. Vəzifəyə var-dövlət qazanmaq üçün gəlmək olmaz. Mən 4 otaqlı evdə yaşayıram və şəraitimdən razıyam. Onda da maşınım var idi, indi də. Ac deyiləm, ildə bir dəfə xaricə çıxa bilirəm. Bəsdir. Mən restoran, şadlıq evləri saxlamaq istəmirəm. Mənim bankım var idi, söz-söhbət yaradırdılar deyə bağladım. İndi başım dincdir.
- Heç sabiq məmurlarla bu barədə danışmısınız? Onlar necə fikirləşir?
- Bir məmur var idi, mənə dedi ki, vəzifədən çıxmaqdansa, ölmək yaxşıdır. İndi özü də vəzifədən çıxıb, amma o da yaşayır, mən də (gülür).
- Bəzi keçmiş məmurları zaman-zaman deputat kimi də görürük. Siz keçirilən son parlament seçkilərində namizədliyinizi irəli sürmək haqqında düşünmüşdünüzmü?
- Heç bir təklif gəlməyib. VI çağırışda, yəni 2020-ci ildə özümün deputatlığa namizədliklə bağlı fikirlərim olub, amma sonra arxasınca getmədim.
- Vəzifədən getməyinizdə Ramiz Mehdiyevin rolu olub?
- Yox. Mənim vəzifədən getməyimə əsas səbəb Eldar Mahmudov (keçmiş milli təhlükəsizlik naziri - müəl.) olub. Daim mənə, ailəmə təzyiq göstərməyə çalışıb. Deyirdi, yaxşı edirəm. Heç Azərbaycan dilində yaxşı bilmirdi, amma böyük iştah sahib idi. Başlayırdı ki, sənin başına oyun açacağam. Devalvasiyanın səbəbkarlarından biri də o idi.
- Bəs bu təzyiqlər nə vaxta qədər davam etdi?
- Mən 3 illiyə Türkiyəyə getdim, ölkədə az oldum, onda sakitləşdi. Qayıtdım, nazir Mikayıl Cabbarov məni rektor Ədalət Muradova tövsiyə etdi. İstəmirdim, amma Ədalət müəllim çox israr etdi. Cənab Prezident İlham Əliyevin xeyir-duası ilə mən də gəldim. Cəmiyyətdə olmaq yaxşıdır. Bildiklərimi gələcək nəslə ötürmək lazımdır. Rektorla işgüzar, yaxşı münasibətlərim var.
- Eldar Mahmudovun Ramiz Mehdiyevlə əlaqələrinin olduğunu düşünürsünüz?
- Əlbəttə. Mütləq. İlk növbədə, naxçıvanlı olduğuna, ikincisi bir çox qərarlar Ramiz Mehdiyevdən keçdiyinə görə əlaqələri olub. Həmçinin Ramiz Mehdiyevin böyük biznesləri var. Deməzdim ki, Eldar Mahmudov aparıb ona pul verib və sair. Amma əlaqələrinin olduğu bilinir.
- Sizin Ramiz Mehdiyevlə əlaqəniz necə idi?
- İki dəfə aramızda ziddiyət olub. Ümumən pis deyildi. Məni qapıda gözlətməyib, iclaslarda hörmətlə yanaşıb. Ramiz Mehdiyev talantlı, liderlik qabiliyyətinə, yaxşı nitqə sahibi deyildi. Akademikliyə də layiq adam olmayıb. Onun bütün elmi işlərini deyilənə görə başqaları yazıb. Dövlət adamı olan bir ağsaqqal dostum var, o deyir ki, Ramiz Mehdiyev hansısa bir zavodda kadrlar şöbəsinin müdiri vəzifəsində çalışa biləcək insandır, vəssalam, səviyyəsi ondan artıq deyil.
- İşdən ayrılandan sonra əlaqələriniz qaldı?
- Ondan sonra cəmi bir dəfə gördüm. Elmlər Akademiyası binasının qarşısında maşından düşdü. Mən də aşağıdakı parkdan gəlirdim. Soruşdu ki, necəsən, buradasanmı? Yəni universitetdə. Dedim ki, hə. Ondan sonra nə danışdıq, nə də görüşdük. Amma mənə elmlər doktoru elmi dərəcəsi almağa mane olmuşdu ki, niyə ondan icazə istəməmişəm? 15 aydan sonra cənab Prezidentə müraciət etdim, nəhayət, diplomumu ala bildim. O, heç nə edə bilmədi.
- Bəs dövlətçiliyə qarşı çıxmağının səbəbi nə idi?
- Ağlını itirib. Bu yaşda get həyatını yaşa, daha nə istəyirsən? Mətbuatda da oxudum ki, oğlunu hakimiyyətə gətimək istəyirmiş. Ramiz Mehdiyev icra başçıları ilə işləyirdi. Biz Prezidentlə işlədiyimizə görə, nazirlərdən çəkinirdi, ehtiyatlı davranırdı. Sovet təfəkkürlü idarə etmə mütəxəssisi idi.
- Sizin dövrünüzdə Ramiz Mehdiyevə qarşı çıxan nazirlər olurdu?
- Əlbəttə. Sabiq səhiyyə naziri Əli İnsanovla keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev. Onlar nazir olanda həmişə sözlərini deyiblər. Ramiz Mehdiyev də onlardan çəkinib.
- Oğlunuz Zaur Ələkbərov Dövlət Ehtiyatları Agentliyinin sədr müavini vəzifəsinə təyin edildi. Bu təyinatda sizin rolunuz oldumu?
- Mənim rolum olmayıb. Hətta təyinatdan sonra bildim. Xaricdə təhsil alıb və kifayət qədər peşəkardır. Təyinat xəbərini eşitdim, uğurlar arzuladım.
- Digər oğlunuz nə işlə məşğuldur?
- O da Energetika Nazirliyində Daxili audit sektorunun müdiridir. Oksford Universitetində oxuyub. Bu oğlumun işə düzəlməyində mənim məsləhətim olub. Haradasa, 10 ildir ki, orada işləyir.
- Vəzifəyə yeni təyin olunan gənc nazirlərə tövsiyəniz nə olardı?
- Nazirləri qabiliyyətinə, savadına görə cənab Prezident təyin edir. Ölkə əhalisinin 95 faizi dövlət başçısına güvənir, eyni zamanda dünyada da bu etimad var. Nazirlərə tövsiyəm işlərini sevmək, Prezidentə sadiq, insanlara yaxın olmaqdan ibarətdir. Rəhbər kimi püxtələşsinlər. Nazir cəmiyyətdə özünü tanıtmalıdır - onun televiziyada və sosial mediada çıxışı, vətəndaşlarla görüşü, intellekti, davranışı, baxışı fərqli olmalıdır.
- Boş vaxtlarınızda nə edirsiniz?
- Bilyard oynayıram, dəniz kənarında gəzirəm. Rayonlara gedirəm. 3-cü, 5-ci və bazar günləri idmanla məşğul oluram. Musiqi dinləyirəm, mütaliə edirəm. İqtisadiyyat və maliyyə elmləri adamı zaman-zaman yorur. Ona görə bədii ədəbiyyata üstünlük verirəm. Çingizin Abdullayevin bütün əsərlərini oxumuşam. Gənc müəllifləri, təəssüf ki, o qədər də tanımıram.
MİA.AZ
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Şəmsi Səmədzadə axtarışa verildi
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."
GENERAL İDARƏ RƏİSİ TƏYİN EDİLDİ - Xidmətdə növbəti dəyişiklik
64 yaşlı kişi dəm qazından ölüb
"Ramiz Mehdiyev dedi ki, onun evindəki telefonu kəsin" - "Yeni Azərbaycan" qəzeti tarixi faktları yazır
Abşeron İcra Hakimiyyətində bəzi şöbələr ləğv olunub - Yeni sektorlar yaradılıb, təyinatlar var
İcra başçısı Allahverdi Dəmirovun oğluna yeni vəzifə verdi
Təranə Salıfova icraçı direktorun müavini təyin edilib
Sumqayıt İH-də dəyişiklik olub
Sabiq deputat şikayətini geri götürdü - Məhkəmə iclası
İsrail Qəzzanı bombaladı: daha 9 nəfər öldü
Braziliyada avtobus qəzasına görə üç günlük matəmelan olunub
Bu ay 4 bürcə "günəş doğacaq"?