Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
20-11-2025 [18:56]
Selcan Ədalət,
Yazıçı
***
"Ümidsiz bir ədəbiyyat" romanı:
Romanın əvvəlki fəsilləri ilə aşağıda qeyd olunan linkdən oxuya bilərsiniz:
***
III Fəsil
Qəhvənin qoxusunda gizlənmiş fikir
Səhərin günəşi kitabxananın pəncərələrindən içəri süzülürdü. Zalda yenə sükut hökm sürürdü, amma bu dəfə sükutun içində bir gözləmə vardı. Dəniz əvvəlki gün olduğu kimi stolun arxasına keçib kitab oxuyurmuş kimi etdi. Halbuki bu dəfə oxumaq bəhanə idi, səbəb başqaydı. Vaxt ötürdü. Və o gəldi. Əlində kitabla yaxınlaşıb birbaşa onun qarşısında oturdu və sakitcə kitabı uzatdı:
- Dünən yaman baxmaq istəyirdiniz! Buyurun! Alber Kamü. “Axmaq dünyada insan niyə yaşar? Öyrəşdiyi üçünmü? Yoxsa yaşamağı seçdiyi üçün?”. Budur Kamünün həyat fəlsəfəsi. İndi siz seçin. Bu arada mən Rafat!
Qız gözlərini kitabdan ayırmadan gülümsədi:
- Qəribə adınız var.
- Bunu deyən birinci adam deyilsiz.
- Qəribə olsa da, mənalı, ağıllı, dərrakəli.
- Amma adımın mənasını izah etmək məcburiyyətində qalmadığım birinci insansınız.
- Mən birinci olmağı sevirəm.
Rafat:
- Bəlkə də, nə birinci olmaq, nə də axırıncı olmaq vacibdir. Vacib olan hansı niyyətlə, hansı şüurla bu yolu keçdiyindir. Birinci olmaq istəyirsənsə, bu, bəlkə də, qorxudan gəlir. Axırda qalmaqdan qorxursansa, bu da eqonun səsi ola bilər. Amma hər dövr bir son, hər son bir başlanğıcdır.
- Həqiqətən, axır yoxdur. Və bu, həm qorxulu, həm də azadlaşdırıcıdır.
- Sən birinci də ola bilərsən, axırıncı da, amma ən mühüm olan bu dövrdə nə qədər oyandığın, nə qədər dönüşdüyündür.
- Bu arada mən də Dəniz!
Rafat bir anlıq susdu. Gözləri qızın sifətinə yox, dediyi ada ilişdi. Sanki o adda nəsə tanış bir yadlıq vardı. Dinclikverici, bir o qədər də acımasız.
- Bir qəhvə içə bilərik?
Dəniz dərhal başını qaldırdı. Ciddi görünmək istədi, amma gözlərindəki yumor özünü ələ verdi.
- Səhər tezdən içilən qəhvə narahatlıq və stresi aradan qaldırır. Düşünmə qabiliyyətini gücləndirir. Yaxşı dada malik olmaqla yanaşı yaratdığı təsirə görə də xoşlanılır.
Bunu bir nəfəsə, elə tez-tez dedi ki, sonda özləri də gülməkdən özlərini saxlaya bilmədilər. Gülüş, qəhvədən əvvəl gələn istilik kimi, bu qəribə tanışlığı yavaş-yavaş isidirdi.
Yazıçı bəzən dayanar, qələmi bir az yuxarı qaldırar, sanki sözlər havadan süzülüb düşəcəkmiş kimi gözləyər. Sonra içindəki səssizliyi pozmadan qəhvədən bir qurtum alar və yazmağa davam edər.
Dəniz:
- Bir fincan qəhvəni içincəyə qədər sanki başqa biriyəm. Bəzən elə olur ki, yalnız qoxusu bəs edir mənə. Hətta dadına ehtiyac olmur. Qoxusundan əvvəlki adamla, qurtumdan sonrakı adam bir deyil. Dəqiq bildiklərim belə buxarlanır, formasını dəyişir. Həqiqət çox vaxt hiss etdiyimiz qədər var. Görmək bir təskinlikdir. Bilmək isə yalnız toxunmaqla olur amma məncə (gülümsədi).
Yazıçı qəhvəni içərkən gözləri kağızdakı sətirlərdən yuxarı qalxır. Yavaş-yavaş xəyala dalır.
Yazıçı:
- Onlar bu saat haradadır? Yenə qarşı-qarşıya oturublar? Gülümsəyirlər? Bir-birilərinə Kamüdən sitatlar söyləyirlər?
O, öz-özünə danışır, amma səssiz. Qələm bir az dayanar. Onun səsi qulağımda dolaşır.
- Bu Rafat. Çox danışmır. Amma dedikləri susqunluğu daha da dərinləşdirir. Gözləri hər şeyi bilir, amma heç nə demir. Dəniz isə. Dəniz gəncdir. Təmizdir. Hissləri seçməkdə hələ aciz. Onun qarşısında oturanda o qız sanki özümə oxşayırdı. Həmin yaşımda. Mən o yaşda niyə tək idim?
Qəhvədən bir qurtum daha alır. Bu dəfə dadı daha sərtdir.
- Mən o vaxt da yazırdım. Amma heç kim oxumurdu. İndi yazdıqlarımı oxuyacaqlarmı? Bəlkə, o qız oxuyacaq. Ya da Rafat. Yox. Rafat oxumasın. O anlamasın.
O, dərindən nəfəs alır. Gözlərini yumur. Bəzən içindəki bir səs “sakit ol” deyir. Başqa bir səs isə “qısqanırsan” deyə pıçıldayır. Qələmini yenidən götürür. Sətirlər davam edir. Dəniz elə hey danışırdı.
- Məncə, kitablar danışır. Bəzən elə səssiz, elə ehtiyatla danışırlar ki, insan səsini eşitmək üçün içində susmalı olur.
Rafat gülümsədi. Gözlərində həm razılıq vardı, həm bir sual.
- Siz tez-tez danışırsız? Yoxsa tez-tez susursuz?
Dəniz başını aşağı əydi. Əslində bu sualı özü-özünə çoxdan verirdi.
- İnsan bəzən o qədər susur ki, özünü də unudur. Amma bu yaxınlarda danışmağa başladım. Bilmirəm, yaxşı oldu ya yox.
O, sanki heç nə demədi. Amma baxışları ilə “məni başa düşdün” dedi. Sükut, bəzən dialoqdan daha yaxın edir adamları bir-birinə. O anda başqa bir yerdə, başqa bir ruhda.
Yazıçı vərəqə baxırdı. Əlində qələm olsa da, yazmırdı. Sadəcə baxırdı. Gözlərinin içində Dənizə baxan bir uşaq kimi çaşqın bir ifadə vardı. Fikirləri uzaqlarda dolaşırdı.
- Mən bu baxışları tanıyıram. O qızın gözlərində nəsə tanış gəlir.
Hətta Rafat da.
- Bu mümkün deyil. Yaxud çox mümkündür. Axı hər şey mümkündür, əgər yaddaş sadəcə yaddaş deyilsə. Yoxsa bu, bu bir qayıdışdır?
Qəhvədən bir qurtum aldı. Boğazından keçərkən sanki acı bir xatirə də keçdi. Kağızın üstündəki yazıların bir hissəsini pozdu. Yenidən başladı.
- İki nəfər. Sükutun içində tanış olan iki qərib. Birinin gözlərində unudulmuş bir qış var. Digərinin səsində yaydan qalan istilik. Amma bir şey var. Mən o baxışları əvvəllər də yaşamışam. O duyğunu haradasa hiss etmişəm. Bəlkə də, başqa bir həyatda. Yaxud eyni həyatın başqa bir üzündə.
Yazıçı bu fikirlərlə ayağa qalxdı. Otaqda gəzişdi. Hər dəfə pəncərənin önünə çatdıqda, sanki gözləri qarla örtülmüş düzə baxmırdı, orada Dənizin gülüşünü, Rafatın səsini axtarırdı. Əlindəki qələmi sıxdı:
- Bəzən yazmaq düşünməmək üçündür.
Amma o, artıq düşünmədən yaza bilmirdi. Məkan sanki Rafatın ruhuna uyğun tikilmişdi. Buranın divarlarında səssizliklə danışan rəsmlər, içində itirilmiş saatların səssizliyi vardı. Və bu gün o, ilk dəfə idi ki, tək deyildi. Həmişə oturduğu masaya yaxınlaşdılar. Dəniz tərəddüdlə ətrafa baxsa da, bir növ maraqla da seyr edirdi bura onun üçün yad, lakin soyuq olmayan bir yer idi.
Onlar əyləşərkən, mavi formalı bir xanım yaxınlaşdı. Adətən gülərüz olduğu söylənilən, amma bu dəfə gözlərində tutqun, sərt bir ifadə vardı. Sanki Rafatın yanında oturan bu qız onun içindəki uzun zamandır alışdığı bir mənzərəni dəyişmişdi. Salamı da soyuq aldı, səssiz və bir az da inadkar. Dəniz bunu görməzdən gəlmədi. Yüngül bir təbəssümün içində, yavaş bir kinayə ilə dedi:
- Bu xanım həmişə belə qaraqabaqdır?
Rafat bir anlığa çaşdı, sonra yumşaq səsi ilə:
- Yox. Əslində çox mehriban biridir. Bu gün, yəqin, nəsə olub, ya da sadəcə təəccüblənib. Bura mənim həmişə tək gəldiyim yerdir. İlk dəfədir ki, bir xanımla gəlirəm. Bəlkə də, sizi qısqandı.
Rafat gülümsədi. Dərindən yox, səthi bir gülüş idi - düşüncəli, ölçülmüş.
- Düşünmürəm. Sadəcə dəyişiklikdi onun üçün.
Qəhvəni sifariş etdi:
- İki fincan amerikano.
Gözləyərkən sükutu pozan yenə o oldu:
- Tanış olmamışıq hələ. İcazə versəniz, ilk mən başlayım. Mən Rafat. 35 yaşım var. Psixoloqam. Oxumağı çox sevirəm. Amma maraqlıdır ki, yalnızlıqda oxuya bilmirəm. Gərək ətrafımda həyat olsun. İnsan səsi, fincanların cingiltisi. Bura da mənim üçün bir növ daxili sığınacaqdır. Oxuduğum kitabla birgə qəhvənin qoxusu, sanki daha dərindən hiss etməyə kömək edir.
Dəniz onun səmimiyyətinə gülümsədi. Bu gülüşdə bir az təəccüb, bir az da rahatlıq vardı.
Dəniz:
- Mən Konservatoriyada təhsil alıram. Skripka ifaçısıyam. Ədəbiyyatı sevirəm. Amma musiqi mənim nəfəsimdir. Atam illər əvvəl dünyasını dəyişdi. Anam isə ikinci dəfə ailə qurdu və xaricdə yaşayır. Mən təkəm. Demək olar ki, dostum yoxdur. Mənim ən yaxın dostlarım musiqi və kitablardır. Gecələr tək olanda yalnız skripkam danışır mənimlə. Hiss edirəm ki, hər sənət duyğusunu yaşaya bilməsi üçün musiqiyə ehtiyac duyur. Fonda musiqi səslənirdi.
Zarafat kimi, amma bir az da kövrək:
- Sizinlə danışmaq xoş oldu!
Rafat gülərək başını əydi:
- Mənim üçün də, Dəniz!...
Musiqi səssizcə azaldı. Sözlər bitdi, amma gözlərdə bir şey hələ qaldı. O baxış qəhvənin ilk qurtumu kimi az, amma dərin.
IV Fəsil
Yazıçının Gözü
Sobada yanan odunun titrək alovu otağın divarlarında hərəkət edirdi. Şam işığı kağızların üzərinə səssiz bir şəfəq yaymışdı. O, əlindəki qələmi bir az da bərk sıxdı, sanki o qələmlə deyil, özünü tuturdu. Qəhvədən bir qurtum aldı. Qoxusu hələ isti idi, amma zövqü artıq kövrək. Dodağının ucu ilə gülümsədi, içindəki bir hissəni danmağa çalışırdı. Yenə də qələmi götürdü, yazmağa davam etdi.
Rafat bu dəfə yalnız deyildi. O masada, illərdir heç kimlə paylaşmadığı masasında, indi bir qız vardı. Adı Dəniz olan və gözü dərinliklə danışan.
Kağızda yazılanlar sanki onun içində səslənirdi. Amma özü üçün deyil, sanki başqası üçün yazırdı. Ya da başqa bir “özünə”. Fikrini qırmaq istəmədi, amma yenə də fikirlər gəlib üzərində dolandı:
- Əgər biri səni dinclik içində susmağa vadar edirsə, bu artıq sadə təsadüf deyil.
Qəhvədən yenə içdi. Bu dəfə acılığını hiss etdi. Sanki Rafatın səsinin əvəzinə öz səsini eşitmək istəyirdi o səhnədə. Özünü Dənizin yerində yox, Rafatın yerində gördü. Dənizə baxan yox, Dənizlə danışan olmaq istədi.
Və həmin an qələm bir anlıq durdu. Kağızın üstündə dodaqdan çıxmayan cümlə dayandı:
- Qısqanclıq heç vaxt qışqırmaz. O, sükutla yanar.
Kağızın buxarlanmış üstündə bir neçə söz yarımçıq qaldı. Yazıçı bilirdi. Bu roman sadəcə başqasının hekayəsi deyildi. O, özünü də yazırdı. Hər sətirdə bir az daha çox görünməyə başlamışdı.
Bəzən həyat, bir yanlış fikrin ətrafında qurulan uzun bir səssizlikdir. O səssizliyin içində isə indi sanki bir skripkanın teli titrəyirdi, uzaqdan, qaranlıqdan, keçmişdən.
Sobada odun çırpınır, sanki içindəki çarəsizliyi deyirdi. Yazıçı isə başını əyib kağıza baxırdı. Qələmi qımıldadı, amma bu dəfə sətirlər gəlmədi. Başını qaldıranda onu gördü. Zəif və dərin, sanki qədim bir qəbirdən gəlirmiş kimi:
- Əgər insan düşünə-düşünə məhv olursa, demək ki, yaşamaq özü səhvdir.
Yazıçı çevrildi. Alber Kamü idi. Gözlərində üsyankar bir boşluq, əlində siqaret. Divarda işıq oyunları ilə Kamünün kölgəsi titrəyirdi. Sükut sındı:
- Sən yazmırsan, sən əvəz edirsən. Həyatında olan boşluğu bu kağızla doldurmağa çalışırsan. Amma unutma sən dolduqca yox olursan.
Yazıçı heç nə demədi. Bu dəfə pəncərə açıldı. Külək içəri doldu. Musiqi səsi uzaqdan bir fortepianonun tənhalığı kimi. Və Motsart görünür, ayaqüstə bir konsert paltarı ilə, zarafatla:
- Ruhun yandırsa belə, musiqi səni ölməyə qoymaz. Bax, Dənizdə bu var. Sən onu yazma onu dinlə.
Yazıçı qəhvədən içdi. Ləzzət yox idi artıq, yalnız acılıq. Kağıza baxdı. Rafat Dənizə gülümsəyirdi. Və o, yazıçı bunu artıq dözülməz hesab edirdi. Nitsşe sükutla divara söykənmişdi. Gözləri parlayırdı. Sanki hamını görürdü.
- Ədəbiyyat ümiddir, - dedi.
- Amma sən onu ümidsizliyə çevirməklə qoruyursan. Sən özünlə savaşdasan. Qələbəni deyil, müharibəni sevirsən.
Yazıçı qələmi yerə qoydu. Tənha və titrəyən. Otaqda tək idi, amma tənhalığı artıq dolmuşdu: Kamü, Nitsşe, Motsart, Dəniz, Rafat.
Yəni onlar onun içindəydi. Kağızda bir cümlə donmuşdu. “Dənizin gözlərində qəribə bir...”. Sözlər orada ilişib qalmışdı. Qələm sanki imtina etmişdi. Yazıçı, o soyuq kənd evində, odun peçinin qarşısında oturmuşdu. Bayırda külək ağacları silkələyirdi, şamın titrək işığında divarlar kölgələrlə danışırdı. Amma ən çox susan içindəki səs idi. O sükutun içində bir nəfəs dolaşdı. Tanış, lakin izaholunmaz qədər yad bir nəfəs. Səssizcə qapı açıldı, amma fiziki qapı yox, yaddaşın qapısı. Və içəri girən siluet nə real idi, nə də tam xəyal. Gözləri musiqi kimi sakit, amma zərrə qədər də etinasız olmayan bir varlıq ona doğru baxırdı.
- Mən sənin davam etməmiş hekayənəm.
Yazıçı ayağa qalxdı, amma dillənmədi. Çünki adını bilmirdi. Ya da unutmuşdu. Bəlkə də, bu ad heç vaxt olmamışdı. O, sadəcə keçmişdə bir zaman yarımçıq buraxdığı, həyatın özündən daha dərin bir nəsnə idi.
- Sən yazmağa məcbursan, - siluet əlavə etdi. Bu, bir seçim deyil. Bu bir borcdur. Keçmişin borcu. Ruhun sənə onu diktə edir.
Divar kölgələri arasında bir cüt göz parladı. Nitsşe idi. Onun baxışı yazıçıya sanki pıçıltı ilə deyirdi:
- Əgər eyni həyatı sonsuz dəfə yaşamaq məcburiyyətində olsaydın, bu sənə cəza kimi görünərdi, yoxsa bir ilahi fürsət?
Yazıçı səsini eşitdi, amma cavab vermədi. Çünki cavabın özü də hələ yazılmamışdı. Birdən o siluet dönüb pəncərəyə baxdı. Pəncərədən bir gün öncəki səhnə görünürdü. Oxu zalı, uzunsaçlı bir qız, qaşının üstündə çapıq izi. Kitab, gözlər, bir baxış və içəri girən bir oğlan. Dəniz. Rafat. Səssiz danışıq.
Yazıçı ayağa qalxdı, qələmini götürdü. Adi bir kağız və mürəkkəb qələm. Onun üçün bu texnologiyanın soyuq sükutuna qarşı müqavimət idi. Bir növ isyan. Çünki o bilirdi ki, texnologiya sürəti, kağız isə iz buraxır. Sürət unudulur, iz qalır. Kağızda yeni bir cümlə yazıldı.
Bəzən eyni hekayə təkrar yaşanır. Amma bu, cəza deyil. Bu, əbədi qayıdışın poetik versiyasıdır.
Kamü pıçıltı ilə dedi:
- İnsan bəzən yaşamağa davam edir, çünki ölmək üçün kifayət qədər səbəbi yoxdur. Sən yazırsan, çünki yazmamaq ölmək kimidir.
Yazıçı qəhvədən bir qurtum aldı. Qoxusu bu dəfə yad gəlmədi. Sanki onu keçmişə deyil, irəliyə çəkirdi. Və yazdı.
Bu dəfə fərqli olacaq. Bu dəfə sonadək yazacağam.
V FƏSİL
İki səsin kəsişdiyi yer
Gecə sükut içində idi, lakin o sükutun içində musiqi danışırdı. Dənizin barmaqları skripkanın boynuna hopmuşdu, Motsartın 40-cı simfoniyasının notları otağın havasında titrəyirdi. Musiqi əvvəlcə nizamlı, intizamlı gəlirdi, sanki müasir dünyanın ritmi idi. Sonra həmin nizamın içindən bir çökəklik, bir narahatlıq doğuldu. Qəribə idi. Motsart bu əsəri yaşadığı sarsıntıların zirvəsində yazmışdı və indi, bir neçə əsr sonra, Dənizin barmaqları ilə yenidən o sarsıntı otağa dolurdu.
Rafat səssizcə divanda oturmuşdu, əllərini bir-birinin üzərinə qoyaraq, başını bir az əymişdi. Dinlədikcə anlayırdı bu səs, içindəki səssizliyə bənzəyirdi. Bir yerə qədər möhkəm və ardıcıl, sonra qəfil dağılmış və təmkinsiz.
Dəniz əlini saxladı. Skripka susdu. Ayağa qalxdı, qramofona yaxınlaşdı, bir plastik disk seçdi. Çevirərək qoydu. İynə diskin cizgilərinə toxunduğu an Bayatı-Şirazın ilk titrəyişi otağı kəsdi. Sanki hava dəyişdi, temperatur düşdü, musiqi otağın dərinliyini açdı. Dəniz gəlib Rafatın yanında oturdu. Otaqda yalnız muğam səslənirdi, sanki uzaq bir məkandan, bəlkə də, ruhun özündən gəlirdi.
- Bir millətin xarakterini bilmək istəyirsənsə, onun musiqisini dinlə, - dedi Dəniz sakitcə.
- Məncə, bu sadəcə gözəl deyil, həm də dəqiq bir kəlamdır.
Rafat ayağa qalxdı. Pəncərəyə yaxınlaşdı. Gecənin səmaya çəkdiyi naxışlara, ulduzlara baxdı. Sonra arxasını pəncərəyə söykəyib dərin bir nəfəs aldı:
- Bu səs gözlərdən axan yaşların damcı səsidir, - dedi düşüncəli səslə.
- Bu səs sükuta dalmış göyü də dinləndirər. Ulduzlar da bu səsin önündə baş endirir.
O, bir müddət danışmadı. Sonra sanki özü-özünə danışırmış kimi əlavə etdi:
- Motsartın 40-cı simfoniyası, onun içində gizlənmiş bir ağrı var. Elə bir ağrı ki, onu heç bir dil ifadə edə bilməz. Gülür, amma göz yaşları ilə. İntizamlıdır, amma içində qırılmış bir uşağın səssizliyi var. Motsart bu simfoniyada həyatın absurdluğunu oxşayır. Elə bil Kamü qələm əvəzinə notla yazır...
Dəniz başını ona tərəf çevirib sakitcə gülümsədi. O sükutda sanki ikisi də bilirdi bəzi musiqilər danışmır, amma hər şeyi deyir. Və bəzən iki fərqli dünyanın musiqisi biri Vyananın salonlarından, biri Bakıdan gələn bir otaqda qarşılaşanda, ruhun iki üzü bir-birini tanıyır. Gecə dərindən nəfəs alırdı. Bayatı-Şiraz səssizcə çalınırdı, sanki otaqda kimsə nəfəsini tutub musiqiyə qulaq asırdı. Qramofondan gələn səslər tavanın künclərində dolaşır, kölgələr divara sözsüz nağıllar yazırdı.
Dəniz pəncərənin önündə dayanmışdı. Üzünə vuran ay işığı saçlarını gümüşə çevirirdi. Rafat ona doğru addımladı. Səssiz, yavaş, ehtiyatlı, elə bil, musiqini qorxudacaqdı. O, Dənizin arxasından yaxınlaşdı, barmaqları yüngülcə çiyninə toxundu. Dəniz dönmədən danışdı, sanki onu çoxdan tanıyırmış kimi:
- Bu musiqi, elə bil, içimdən çıxır. Bilirsən, bəzən elə olur ki, skripka susur, amma içimdə bir ruh ifa edir.
Rafat alnını onun saçlarına söykədi. Qoxusunu içində hiss etdi. Qoxusu da musiqi kimi idi tanış, uzaq, hüzünlü.
- Sən danışanda səsin sanki məni yandırır, - dedi Rafat.
- Amma qəribədir, bu yanmaqdan qorxmuram. Əksinə, alışmaq istəyirəm.
Dəniz yavaşca çevrildi. Baxışları bir-birinə dəyib susdu. Elə bir susqunluq idi ki, içində yüzlərlə söz boğulmuşdu. Rafat barmaqları ilə Dənizin üzünü çərçivələdi, bəşəriyyətin ilk rəssamı sanki ilk portretini çəkirdi.
- Bir şeir deyim sənə? , - dedi fısıltı ilə. Və qulağına, yavaşca, hiss kimi pıçıldadı:
- Mən səndə tamamlanıram. Bütün ömrüm yarımçıq qalarkən. Sənin nəfəsinlə göydən düşür ulduzlar, və mən inanıram. Sən çatsaydın, Tanrı dayanardı yaratmaqdan.
Dodaqları Dənizin gicgahına toxundu, oradan yanağına, sonra çənəsinə süzüldü. Öpüş, söz kimi deyil, sükut kimi idi. Bütün içində saxlanılmış susqunluqların bir öpüşə çevrilməsi. Musiqi fonunda Bayatı-Şirazdan bir səslənmə yüksəldi. Elə bil xanəndənin səsi otağın tavanına dəyib geri döndü. Sanki muğam bu birləşməni izah etmək üçün yaranmışdı. Ruhlar bir-birinə qarışdı, bədənlər sanki ikinci planda idi. Sözlər, şeirlər, nəğmələr və nəfəs birləşirdi. Dəniz Rafatın sinəsinə başını qoydu, gözlərini yumdu. Onlar danışmırdı. Amma hər toxunuş bir şeir idi. Hər baxış bir sətir.
Rafat onun saçlarını oxşadı və yavaşca dedi:
- Sənin içində bir tarix yatır. Mən, bəlkə də, yüz illərdir səni gözləyirdim. Və sən bu dəfə doğrudan gəldin.
Sükut. Sıxılmış nəfəs. Nəfəsin içində dua. Dua kimi bir toxunuş. Tanrı belə bu sükutda dinləyici olmuşdu sanki. Dənizin barmaqları Rafatın sinəsində gəzişirdi, barmaqlarının ucu ilə sanki onun içini oxuyurdu. Rafatın sinəsindəki incə, qıvrım tüklər sanki bir xəritə idi. Dəniz bu xəritədə yolunu tapmaq istəyirdi. Toxunuşları bəzən titrək idi, bəzən isə əmin. Sanki öz bədənini də ilk dəfə bu qədər dürüst tanıyırdı. Ayaqlar dolaşdı. Sözlər susdu. Nəfəs bir ahın içində yıxıldı. Dodaqlar bir-birini tapdıqca, gecə dərindən nəfəs alırdı, pəncərədən içəri girən ay işığı onların üzərinə düşür, sanki zaman dururdu. Tərləri damla-damla Rafatın sinəsinə süzülürdü. Dənizin saçları qaranlıqda işıq kimi dalğalanır, sinəsinin üstündə yayılan ətirli dəniz yosunu kimi hərəkət edirdi. Rafat barmaqları ilə Dənizin boynunu arxaya əyir, yanağından boğazına qədər öpüşlər qoyurdu, sanki hər toxunuşda “burdayam” deyirdi. Onların bədənləri danışırdı. Bəzən titrəyən bir pıçıltı, bəzən içdən qopan bir səssiz qışqırıqla. Bayatı-Şirazın fonunda aramla axan xanəndə səsi bu səssizliyin içində dua kimi qalxırdı. Dənizin kürəyi Rafatın altına sıxıldıqca, dırnaqları onun belindən tuturdu. O toxunuşda iz qoyurdu, sanki “bunu xatırla” deyirdi. Rafat alnını onun alnına söykədi. Nəfəs nəfəsi tamamladı.
- Əgər bu an ölsəm, - dedi Dəniz, pıçıltıyla!
- Elə bilərəm ki, yaşadım!
Rafat cavab vermədi. Çünki onun nəfəsi artıq Dənizin dodağında, Dənizin baxışı isə sonsuzluqda idi. Səhifənin üstünə tökülmüş cümlələr arasında qələmin ucu bir anlıq dayanır.
Yazıçı yun jaketə bürünmüş, kağız və mürəkkəbin köhnə qoxusuna sığınmış o qadın əllərini stoldan çəkir. Qəhvəsinin buxarı göyə qalxır, sanki yuxarılara, keçmişin içindən çıxıb gələn bir işarə kimi. Əsərin içində hərəkət edən bu iki gəncin bir-birinə bu qədər yaxınlaşması, bu qədər yaxın və bir o qədər də səmimi olması onun qəlbində qəribə bir əks-səda doğurur. Əvvəlcə, dodaqlarını dişləyir. Sonra, yazdığı sonuncu cümləni cırıb atır.
“Dənizin saçları onun sinəsində...”.
Yox! Sanki bu səhnə artıq sadəcə yazı deyil. Sanki yaddaşının içində bir kadr dirilmişdi. Sanki bu toxunuşlar çox uzaqlardan, tamam unudulmuş bir ömürdən gəlirdi. Onlar: Dəniz və Rafat yazı masasında yox, yaddaşının dərin qatlarında qarşılaşmışdılar. Və yazıçı, bu qarşılaşmanın sadəcə bir şahidi olmaqla kifayətlənmək istəmirdi. Əlləri əsdi. Qələm yerə düşdü. Çünki qısqanırdı. Sözləri, hissləri, nəfəsi. Əvvəlcə, Dənizi qısqandı. Onun skripkaya toxunuşunu, musiqiyə olan o saf təslimiyyətini. Sonra Rafatı. Dənizi bu qədər sakit, bu qədər ehtiraslı sevmək cəsarətini. Hətta yazıçı o cəsarətin səsini də:
- Bu mənim missiyam idi, bəlkə də, - deyə düşündü.
- Mən sevə bilmədim, mən yazdım.
Amma yazmaqla yaşamaq arasındakı uçurum, bu gecə onu ayırmağa başlamışdı. Əllərini yenidən qələmə uzatdı. Ancaq artıq yazmaq üçün deyil, özünü toparlamaq üçün. Bəlkə də, bu romanı yazmaq, keçmişin pıçıltısını bir də eşitmək üçün verilmişdi ona. Bəlkə də, bu səhnə, bir zamanlar yarım qalan ehtirasın, sönmüş şamın tüstüsündə qalan bir nəfəs idi.
- Mən onları yaratmadım. Onlar məni xatırladı.
Kağızda sətirlər yenidən axmağa başladı. (Otaq qaranlıq, şam yanır. Yazı masasında əyilmiş vəziyyətdədir. Birdən sanki vaxt və məkan dağılır. Qarşısında bir kişi silueti peyda olur. Üzünü dumanlı şəkildə görsə də, kim olduğunu hiss edir - Nitsşe.)
Nitsşe:
- Ümid. Mən ona “ən böyük pislik” demişdim. Çünki o, işgəncəni uzadır. Sən isə onu hələ də sətirlərində gizlədirsən.
Yazıçı:
- Mən sadəcə yazıram. Məni yandırmayan atəşi ötürmürəm sətirlərə.
Nitsşe:
- Amma artıq yandın. Və sən onu sevirsən. Yazdığınla qısqanırsan. Yazdıqlarınla yaşamaq istədiklərini əvəzləyirsən.
Yazıçı:
- Mənim işim yaşamaq deyil, yadda saxlamaqdır. Bəlkə də, bu ömrümün təkrarıdır.
Nitsşe:
- Əbədiyyətin qayıdışı eyni anların sonsuz dövrü. Bəlkə, sən artıq bu romanı neçə dəfə yazmısan, neçə həyatın içində...
Yazıçı:
- Bəs Dəniz? O, sadəcə obrazdır? Yoxsa, mənim keçmişim? Bəlkə, mən özümü onu xilas etməklə xilas edirəm?
Nitsşe:
- Dəniz sən özünü necə görmək istəyirsənsə, odur. Həm saf, həm musiqi, həm sükut. Amma unutma. Sən öz yaratdığın obrazlara da məğlub ola bilərsən.
Nitşe sükuta qərq olur. Yazıçı birdən gözlərini açır. Ancaq otaqda bir qoxu qalmışdır - yandırılmış sözlərin, əski zamanların qoxusu.
MİA.AZ
Bakıda iki şəhidin məzarı qarət edənlər tutuldu - “Tək təsəllimizi aparıblar” (VİDEO, YENİLƏNİB)
Yeni partiya yaradacaq? - Dəmirtaşdan açıqlama
Ümidsiz bir ədəbiyyat - Selcan Ədalətin romanı
Prezident paramenti buraxdı - Hökumətin yeni tərkibinə görə
Fred: "Artıq xal itirməyə haqqımız yoxdur"
Bakıda D-8 Media Forumu keçiriləcək - MEDİA məlumat yaydı
Deputatla spiker arasında maraqlı dialoq - "Qəzet yazırsınız?"
Sənətçilərlə mətbuat katibi efirdə üz-üzə gəldi: "Dedilər ki, “sən keçdin “qara siyahı”ya, çünki..."- “Mənim nazirlə heç bir qərəzim yoxdur" (VİDEO)
Nazir müşavirinə yeni vəzifə verdi - KTN-də daha bir təyinat
Türkiyə futbolunda qumar oyunu: daha 637 futbolçu cəzalandırıldı - "Beşiktaş"n iki oyunçusu...
“Nar”ın həyəcan dolu lotereyasının növbəti qalibi yeni avtomobilinin açarlarını təhvil aldı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha 54 nəqliyyat vasitəsi hərraca çıxarıldı
Prezident İlham Əliyev sərəncam imzaladı
Mərkəzi Bankın valyuta və qızıl ehtiyatları artdı - Bir həftə içində
Vüqar Məmmədov ev dustaqlığına buraxılmayıb - Məhkəmə prosesi
İndoneziyada vulkan püskürüb - 178 alpinist xilas edilib
Mikayıl Cabbarov İsraildə - XİN başçısı ilə görüşdü (FOTO)
Sabiq icra başçısının cəzaçəkmə yeri dəyişdirilib
Xocalıya növbəti köç olub
İki bitərəf deputat YAP-a üzv gözlənilir
Yeni ildə bir həftə tətil olacaq? - Açıqlama
Adnan Əhmədzadəyə aid milyonluq obyekt müsadirə edildi
AFFA 6 komandaya texniki məğlubiyyət verib
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Hadrut qəsəbəsinə növbəti köç olub
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
Türkiyədə zəlzələ olub
Sabah hava necə olacaq? - Proqnoz
İsrail Qəzzada bir evi vurub - Ölənlər var
Deputat: "Bəzi dövlətlərdə konsulluqlarımız açılmalıdır"
Rəqsanənin vəkili: "Zərərçəkənlərlə hər hansı problem qalmayıb"
COP30 çərçivəsində Azərbaycana vacib missiyalar həvalə olunub
Partiya sədri istefa verdi - Qızının parno görüntülərinə görə
Milli Məclisdə büdcə müzakirəsi davam edir
Dövlət katibinin müşaviri Bakıda Şəhidlər xiyabanında - FOTOLAR
Dünyanın ən güclü yığma komandaları - İlk 10-luq açıqlandı
Klinikada dava düşüb