Fəzail Ağamalının partiyasında qalmaqal: ailə bir-birinə girdi - "Günay Ağamalının partiya sədri seçilməsinə qarşı..." (AÇIQLAMALAR + Yenilənib)

img

25-10-2025 [14:41]


Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının bu gün keçirilən qurultayında qalmaqal yaşanıb.

Mia.az məlumatına görə, yeni sədr postuna kimin gətirilməsi məsələsində Fəzail Ağamalının övladları arasında fikir ayrılığı yaranıb.

F. Ağamalı partiyaya rəhbərliyi deputat qızı Günay Ağamalıya həvalə etmək istəyib. Lakin partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib.

Qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb..

Məlumatı Fəzail Ağamalı "Qafqazinfo" saytına təsdiq edib. O, oğlunun qurultayın reqlamentini pozduğu üçün binadan kənarlaşdırıldığını bildirib:

“Öz adamları ilə birgə qurultayı pozmağa cəhd etdilər. Bu səbəbdən iclası təxirə saldıq. Elçini də binadan kənarlaşdırdılar. Mən partiya sədrliyinə qızımı təklif edirəm. Amma hələ ki, özüm istefa verməmişəm. Dediyim kimi, Elçinin hərəkətlərinə görə qurultayı dayandırdıq”.

Fəzail Ağamalının oğlu isə atasının dediklərini yalanlayıb. Elçin Ağamalının sözlərinə görə, atası bu gün sədrlikdən istefa verib. Öz yerinə də bacısı Günay Ağamalının namizədliyini irəli sürüb. Bundan əlavə partiya sədrliyinə daha iki namizəd olub:

“Partiya nümayəndələri mənim namizədliyimi təsdiqlədilər. 100-dən çox səslə mən sədr seçildim. Bundan sonra Fəzail Ağamalı işığı söndürdü. Mənim seçilməyimi qəbul etməyib qurultayı pozdu. Amma mən yekdil səslə yeni sədr seçilmişəm. Hər kəs də təsdiq edə bilər”.

***

Bu gün Ana Vətən Partiyasının qurultayı keçirilib.

Mia.az xəbər verir ki, qurultayda Fəzail Ağamalı partiya sədrliyindən istefa verib.

Sədrlik uğrunda onun övladları Günay Ağamalı və Elçin Ağamalı mübarizə aparıblar.

Səsvermənin nəticələrinə əsasən, Elçin Ağamalı Ana Vətən Partiyasının yeni sədri seçilib. 150 nəfərdən 100 nəfəri ona səs verib.

Fəzail Ağamalı qızının sədr olmasını istədikdə isə oğlu ilə arasında dava düşüb. Qurultay iştirakçıları zaldan çıxarılmaq istədikdə isə gərginlik daha da artıb.

Bu zaman Elçin Ağamalının tərəfdarları ona dəstək şüarları səsləndiriblər.

***

“Hazırda Ana Vətən Partiyasının qurultayı keçirilir. Partiyanın sədri Fəzail Ağamalı qızı Günay Ağamalının namizədliyini irəli sürdü. Lakin çox az sayda dəstək gördü. Qurultayın əksəriyyəti mənim namizədliyimi irəli sürüb. Bunu həzm edə bilməyən Fəzail Ağamalı isə qurultayın gedişatını pozmağa cəhd etdi”.

Mia.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Fəzail Ağamalının oğlu, partiya sədrinin Təşkilati məsələlər üzrə müavini Elçin Ağamalı deyib.

O, atasının dolayı yolla ona mane olduğunu bildirib: “Atam Fəzail müəllim 30-40 nəfər olan öz tərəfdarları ilə zalı tərk etdi. Qalan qurultay nümayəndələri zalda əyləşiblər. Onu da qeyd edim ki, zalın işığını söndürtdürərək insanları oradan çıxarmağa çalışırlar. Hətta qurultay nümayəndələrini mühafizə çağıraraq təhdid edirlər”.

Elçin Ağamalı bacısı Günay Ağamalının partiya sədri seçilməsinə qarşı olduğunu bu cür izah edib: “Hazırda qurultayda 100 nəfər nümayəndə iştirak edir, onlar məni dəstəkləyir. Biz yekun və ədalətli nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik. Demirəm ki, Günay xanım seçilməsin. Burada söhbət mənim istəyib-istəməməyimdən getmir, partiya üzvlərinin seçimindən gedir. Yüzdən artıq nümayəndə faktiki olaraq mənim namizədliyimi dəstəkləyir”.

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:26 25.10.2025

Vətəni niyə sevirik?

12:55 25.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA