Masallıda "Qamo"da uşaq öldü, fakt gizlədildi

img

12-07-2014 [19:47]


Masallı rayonunun Kubin kəndi yaxınlığında yerləşən "Qamo" istirahət mərkəzində ölüm hadisəsi baş verib. Adıçəkilən istirahət mərkəzinə anası ilə birgə müalicəyə gələn Qarğalıq kənd sakini 10 yaşlı Novruzov Rauf İlkin oğlu "istisu"  vannasında boğulub. Lakin 10 yaşlı Raufun faciəli ölümü gizlədilib.

Hadisə şahidlərinin Qaynar.info-ya verdiyi məlumata görə, ölüm faktı dünən saat 17 radələrində qeydə alınıb. Məlumatda bildirilir ki, Raufun anası uşağın boğulduğunu görərək ətrafdakılardan kömək istəyib. Ancaq kömək gecikdiyindən anası  bir müddət onu vannadan çıxara bilməyib. Çağırılmış təcili tibbi yardım maşını ilə Rauf Novruzov Masallı rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Rauf Novruzovun "istisu" vannasına  vurulmuş kimyəvi maddələrdən zəhərləndiyi də ehtimal olunur. Aldığımız məlumatda qeyd olunur ki, bu vannalar mütəmadi təmizlənmir, suya qatılan kimyəvi maddələrin miqdarına isə nəzarət olunmur. Raufun da bundan zəhərləndiyi ehtimal edilir.

Məsələ ilə bağlı Masallı rayon hüquq mühafizə orqanlarının xəbəri olsa da, faktla bağlı heç  bir tədbir görülməyib.

Faciəli şəkildə ölən Raufun cəsədi yaşadığı Qarğalıq kəndinə aparılaraq dəfn olunub. Məsələnin maraqlı tərəfi ondadır ki, kənd sakinlərinə onun qarpızdan zəhərləndiyi deyilib. 

Qaynar.info-ya daxil olan məlumata görə, sözügedən istirahət mərkəzi Masallı  Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərova məxsusdur. Obyektin onun oğlu Xaliq Nəzərovun adına olduğu bildirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA