36 bıçaq vurdu, amma peşman deyil - Nərimanovdakı şok cinayət

img

09-07-2014 [14:55]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 1976-cı il təvəllüdlü Vidadi Xankərəm oğlu Umudovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Virtualaz.org saytının verdiyi xəbərə görə, prosesə Mirzə Xankişiyev sədrlik edir. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, bu il yanvar ayının 24-də, səhər saatlarında Bakının Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 50 ünvanında yerləşən avtodayanacağın gözətçi otağında yanğın baş verib. Yanğın söndürüldükdən sonra oranın gözətçisi, 1959-cu il təvəllüdlü Mikayıl Ağakərim oğlu Əsədovun üzərində bıçaq xəsarətləri olan meyiti aşkarlanıb.




İstintaqla müəyyən edilib ki, sərxoş vəziyyətdə olan Vidadi Umudov avtodayanacağın gözətçisi Mikayıl Əsədovun yanına gələrək onunla söhbət edib, birlikdə oturub spirtli içki qəbul ediblər. M.Əsədov ondan araq alıb gətirməsini tələb etdikdə aralarında narazılıq düşüb. V.Umudov cibindən çıxardığı bıçaqla ona ardıcıl zərbələr endirib. Gözətçiyə 36 bıçaq zərbəsi vuran V.Umudov onu xüsusi amansızlıqla qətlə yetirib. Sonra isə izi itirmək məqsədilə meyiti yandırıb.

Törətmiş olduğu əmələ görə V.Umudova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən V.Umudov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, gözətçini söyüşə görə qətlə yetirdiyini, əməlindən peşman olmadığını deyib: "Mən maşın alveri ilə məşğulam. Mikayılla bir məhlədə yaşamışıq. Amma onunla oturub-durmamışam. Ümumiyyətlə, bizim aramızda heç vaxt problem, ədavət olmayıb. Hadisə isə bir dənə söyüşə görə baş verib. Ana söyüşü işlətdi, mən də onu bağışlamadım. Bu söyüşü işlədən heç bir kimsəni bağışlaya bilmərəm. Hansı kişi götürər desin, mən də götürüm”.

Hakimin "niyə o qədər bıçaq vurmusan” sualına təqsirləndirilən şəxs "bıçağın sayı günbəgün artır” deyə cavab verib:”Əvvəl 25 bıçaq zərbəsi idi, sonra 36 oldu. İş bağlanana kimi 50 olacaq. Cənab hakim, yaxşısı budur "srokumu”verin, gedim yatım””.

Təqsirləndirilən şəxs yalnız hadisəni içkili vəziyyətdə törətdiyinə görə peşman olduğunu bildirib: "Otağı izi itirmək üçün yandırmışdım. Bəlkə ayıq olsam belə eləməzdim. Ona bilərəkdən o qədər bıçaq vurmamışam”.

Zərərçəkmiş şəxsin hüquqi varisi Məzahir Əsədov məhkəməyə verdiyi ifadəsində onlara ilk əvvəl mərhum qardaşının yanğın nəticəsində ölməsi barədə məlumat verildiyini deyib:”Qardaşımın ölüm xəbərini səhər tezdən eşitdik. Əvvəlcə onun yanaraq öldüyünü güman edirdik. Amma sonradan məlum oldu ki, onu öldürüblər. Qardaşımın Vidadi ilə münasibəti olmayıb. Ola bilsin, onu üzdən tanıyırdı. Lakin aralarında heç bir ədavət olmayıb”.

Məhkəmə prosesi iyulun 11-də saat 11:30-da davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA