ZİYANLI VƏRDİŞLƏR

img

17-04-2024 [09:28]


Qalib ARİF

***

I. Narkotiklər

Ziyanlı vərdişlər bəzən insanın həyatına elə daxil olur ki, onlardan nəinki yaxa, hətta can qurtarmaq olmur. Bu cür vərdişlər çoxdur, narkotik, alkoqol, nikotin yalnız üzdə olanlardır. Hazırkı qeydlərin məqsədi də asılılıq yaradan ziyanlı vərdişlərdən söz açmaq, bunların insan həyatı üçün nə qədər təhlükəli olduğunu diqqətə çatdırmaqdır. Asılılıqdan danışanda ilk novbədə istifadəçiləri aludəçilərdən ayırmaq lazımdır. İstifadəçilik asılılığın ilkin, aludəçilik isə yetkin mərhələsidir. Bir qayda olaraq, istifadəçilər çətinliklə olsa da, ziyanlı vərdişi tərgidə bilirlər, aludəçilər isə asılı vəziyyətə düşür və bu vərdişlə qəbir evinə gedirlər. 

Narkotiklər qədim, hətta çox qədim tarixə malikdir, min illər uyuşdurucu, ağrıkəsici dərmanlar kimi işlənmişdir. İnsana təsir qüvvəsinə görə, ağır və yüngül növlərə bölünür. İstifadəçilər əvvəl yüngül narkotiklərdən istifadə edir, yavaş-yavaş ağır narkotiklərə keçir və aludəçiyə çevrilirlər. Məhz ikincilər narkoman adlanır və onlar haqqında deyilir ki, keçmiş norkaman olmur. Qeyd etmək lazımdır ki, narkotiklərdən mütəmadi istifadə gec-tez ağ ciyərin vərəmi, qara ciyərin serrozu ilə nəticələnir. Bundan başqa, narkotiklərin cinsi aktivliyi aşağı salması və sonsuzluq yaratması, hətta ürəyi qəfil dayandırması da sübut olunmuşdur.

1.Marixuana

Xalq arasında həşiş, anaşa kimi tanınan, ədəbi dildə isə marixuana adlanan yüngül narkotikdir. Bəzi qərb ölkələrində bu narkotikin istifadəsinə (tütünə qatılıb çəkilməsinə) rəsmi icazə də verilir. Marixuana çətənə bitkisinin yarpaqlarından və qətranından hazırlanır. Tünd qonur, qəhvəyi rəngli plastik maddədir, ürək döyüntülərinin, nəfəs almanın sayını artırır, göz damarlarını şişdirir. Buna görə də, aludəçilərin - həşiş çəkənlərin gözləri şişmiş və qızarmış olur. Bütün narkotiklər kimi, marixuana da insanlara müxtəlif cür təsir edir, eyni dozadan biri hönkürüb ağlayır, o biri gülməkdən qəşş edir, üçüncüsü qorxusundan qaçıb gizlənir, dördüncüsü isə vəhşiləşir, hətta əlinə balta alıb ətrafdakılara hücum edir.

Marixuananın tərkibində çoxlu zəhərli və zərərli maddələr var, onun qətranı xüsusilə toksiki (zəhərli) hesab olunur. Mütəxəssislərin fikrincə, marixuana tütündən on dəfə artıq toksikidir. Marixuana ağır narkotik sayılmasa da, ağır narkotiklərə körpü sayılır, yəni heroin, kokain istifadəçisi, bir qayda olaraq, həşişdən başlayır.

2.Opium 

Opiatlar qrupuna daxil olan ağır narkotikdir. Opium laləsinin başlığından alınır. Şərq ölkələrində, xüsusilə Əfqanıstanda kütləvi istehsal olunur. Opium laləsi çiçək açan zaman onun qozası çərtilir və şirəsi yığılır. Bu şirədən alınan qətran tiryək adlanır. Tiryəkdən kimyəvi yolla laborotoriyada opium alınır. 
Opium hazır halda ağ, boz, qəhvəyi, sarı və çəhrayı rənglərdə tozdur. Görünüşdə və təmasda yuyucu tozu xatırladır. Elə buna görə də narkodilerlər opiumu yuyucu tozla, bəzən qənd tozu, hətta unla qarışdırırlar. Opium müvəqqəti eyforiya (dünyanı vecinə almamaq) effekti yaradır, qorxu və həyəcan yox olur. Ürək döyüntülərinin, nəfəsalmaların sayı azalır, beyində tormozlanma yaranır. İnsan taqətsizləşir, seksual aktivlik zəifləyir. Ürək bulanması, nəfəsin ağırlaşması başlayır. Opiumu mayeylə qarışdırılıb («bişirmə» deyirlər) şprislə birbaşa venaya vurulduğundan, aludəçilərdə qolun və qıçın büküklərində, iynənin yerlərində irinləmə müşahidə olunur.

Venaya vurulan bütün narkotiklər kimi opium da qanın zəhərlənməsinə, istifadəçinin hepatit, serroz, sepsis (hətta sifilis) kimi xəstəliklərlə yoluxmasına şərait yaradır. opium nəfəs sisteminə ağır təsir edir, vərəmi qaçılmaz edir. Ümumiyyətlə, mütəmadi opium qəbul edənlərin - aludəçilərin ömrü 10 ilə qədər davam edir. İlk dozanı qəbul etmə, istifadəçidən aludəçiyə çevrilmə prosesi 6 aydan bir ilə kimi çəkir. Qalan 8-10 ili isə narkoman artıq bitki kimi - iynədən iynəyə «yaşayır».

3.Heroin

Heroin - diasetilmorfin, ya da diamorfin opiatlar qrupuna aid olan (ürək döyüntülərinin, nəfəsalmaların sayını azaldır) yarımsintetik ağır narkotik maddədir. 1874-cü ildə Londonda ingilis kimyaçısı Alder Rayton tərəfindən dərman maddəsi kimi sintez edilmişdir. 1898-ci ildən etibarən Almaniya şirkəti Bayer tərəfindən öskürəyə qarşı dərman kimi, “heroin” adı ilə geniş istehsal edilməyə başlamışdır. 

Sonralar heroinin insan orqanizmində morfinə çevrilməsi və güclü asılılıq yaratması aşkar olunmuşdur. Bu səbəblərdən 1910-cu ildə Bayer heroinin geniş istehsalını dayandırmışdır. Amma 70-ci illərə qədər Avropa ölkələrində dərman kimi apteklərdə açıq satılmışdır. Hazırda heroin dünyanın heç bir yerində dərman kimi istehsal olunmur və açıq satılmır. Yalnız tibbi ehtiyaclar üçün istehsal olunur və səhiyyədə (ağır infarktda, ankologiyada və s.) şiddətli ağrılarn kəsilməsi üçün istifadə olunur.

Opium narkomanlarının çoxu hazırda heroindən istifadə edir. Heroin tiryəkdən və opiumdan daha ucuzdur, tez təsir edir və güclü asılılıq yaradır. Amma cinsi zəiflik yaradır, qara ciyəri və əsəb sistemini də daha tez sıradan çıxarır.

4.Kokain

Koka (Erythroxlon koka) bitkisinin yarpaqlarından hazırlanan yarım sintetik ağır narkotik maddədir. Cənubi Amerika ölkələrində, xüsusilə Kolumbiyada kütləvi istehsal olunur. Hazır halda ağ, boz, sarı, çəhrayı çalarlı tozdur. Kokain opiumdan fərqli olaraq, ürək döyüntülərinin, nəfəsalmaların sayını artırır. Eyforiya (dünyanı vecinə almamaq) hissi də artır, əvvəlcə adamın əhval-ruhiyyəsi də yaxşılaşır. Problemlər isə sonra başlayır… 

Kokain aludəçilərində ilk növbədə aritmiya (ürəyin «fasilə» ilə vurması) başlayır, bəzən ürək qəflətən dayanır. Ürək möhkəm olduqda isə «kokain psixozu» (psixikanın pozulması) yaranır. «Kokain psixoz»u təhlükə hissi, qorxu, qarabasmalarla - dəhşətli görüntülər və əcaib səslərlə xarakterikdir. Bütün bunlar dəhşətli, qeyri-adi qaşınma ilə müşayət olunur, insana elə gəlir ki, dərisinin altında dəstə ilə qarışqa gəzir. Bu dəhşətli hallar təbii ki, narkoman növbəti kokain dozasını qəbul etdikdə müvəqqəti keçir. Xəstə müalicə olunmadıqda, kokain asılılığının daha ağır - epilepsiya dövrünə keçir. Vaxtı gələndə, doza qəbul etməyəndə, qıcolmalarla və epilepsiyalar başlayır.

Qeyd etmək lazımdır ki, kakoin öz narkogenliyinə - insanı asılı vəziyyətə gətirməsinə, görə opiumdan güclü narkotikdir. Xəstələr 5-7 il bitki kimi, iynədən iynəyə yaşayır. Bəzən bu «bitki ömrü» də beyinə qan sızması, yaxud da ürəyin qəflətən dayanması nəticəsində qırılır.

5.LSD 

Sintetik tərkibli ağır narkotikdir, çox təsirli və toksiki (zəhərli) hallyusinogen (hallyusinasiya, qarabasma yaradan) hesab olunur. LSD əsasən bəzəkli marka, rəngli lakmus kağızı şəklində buraxılır. Narkotik əvvəl güclü eyforiya hissi yaradır, sonra bu, eyni dərəcədə güclü qorxu hissi ilə əvəz olunur. Narkomana elə gəlir ki, ətrafdakılar birdən-birə aqressivləşir və hamı ona hücum edir. Sonra yenidən eyforiya yaranır, xəstənin vəziyyəti yaxşılaşır, o, hamı ilə danışıb gülməyə çalışır. Emosional vəziyyətlərin bu cür dəyişməsi - yüksəliş və depressiyalar bir neçə dəfə təkrar oluna bilər. Bu hallar qorxulu qarabasmalarla - dəhşətli görüntülər və əcaib səslərlə müşayət olunur.

 Qeyd etmək lazımdır ki, LSD-nin təsirini proqnozlaşdırmaq qətiyyən mümkün deyil. Eyni dozadan bir adamın əhval-ruhiyyəsi yaxşılaşa, o biri ən ağır depressiyaya məruz qala bilər. Bu zaman narkoman çox təhlükəli olur, ətrafdakılara və özünə hər cür xəsarət yetirə bilər. LSD aludəçiləri narkotikin qəbulunu dayandırmaq istəsələr də, qarabasmalar uzun müddət davam edir. Buna görə də, bu narkotikdən müalicə olunmaq daha çətindir. Anadangəlmə qüsurlu uşaqların doğulması və psixi pozuntuların yayılması sahəsində də LSD aludəçiləri birinci yerdədirlər. Yeri gəlmişkən, LSD aludəçiləri heroin və kakoin xəstələrindən daha çox, amma ruhi xəstəxanalarda yaşayırlar.

6.Metamfetamin (patı, şüşə və s.)

Metamfetamin və ya "patı" sintetik maddədir, orta ağır narkotikdir. Bir çox sintetik uyuşdurucular kimi hallüsinasiya xüsusiyyətlidir, 6-24 saat davam edən güclü eyforiya, tez asılılıq yaratma qabiliyyətinə malikdir. Tərkibi cəhətdən amfetaminə yaxın psixoaktiv maddədir. 

Metamfetamin Desoxyn adı altında, 5/10 mg həblər halında ABŞ bazarında satılır. Amma əsasən, qnundankənar, qaçaqmalçılıq yolu ilə istehsal edilir və daşınır. Metamfetamin asanlıqla əldə edilə bildiyi üçün xüsusi laborotoriyalara ehtiyac yoxdur, hər yerdə istehsal etmək mümkündür. İstehsal prosesində xaric olan fosfata görə qırmızı rəngə boyanır və pişik sidiyi qoxusu verir.

Metamfetamin qəbul edildiyi zaman təzyiq və bədən istiliyi yüksəlir, göz bəbəkləri genişlənir. İshal, ürəkbulantısı, qusma müşahidə edilir. Beynin normal funksiyaları pozulur, depressiyaya gətirib çıxarır. İstifadəçilərdə qalıcı anedoniya (hər şeyə biganəlik) meydana gəlir. Metamfetamin heroindən daha çox və tez asılılıq yaratdığı qeyd edilir. Davamlı istifadəçilərində "Met ağzı" deyilən diş çürükləri müşahidə edilir, immun sistemi zəifləyir. Bu kəslərdə stafilokok infeksiyalarına tez-tez rast gəlinir. Çəki itkisi və qısamüddətli libido artımına, bundan əlavə cinsi zəifliyə səbəb olur. Böyük dozada qəbul edildikdə, ölüm baş verə bilər.

NARKOTİK LOMKASI

Düşünürəm ki, narkotiklər haqqlnda danışanda “narkotik lomkası” haqqında da məlumat vermək lazımdır. Deməli, stresslər və depressiyalar “qırmızı xətti” keçən psixoloji proseslərdir (oxu: problemlərdir) və bütün insanalr bu və ya digər dərəcədə bunların təsirini hiss edir. Amma dərdini verən Allah dərmanını da verir. Insan orqanizmi endofrin qrupuna daxil olan xüsusi hormonlar ifraz edir və beyinə “köməyə” göndərir. Bu hormonlar stress və depressiya kimi psixoloji problemlərin təsirini, yaratdığı ağrıları dayandırmağa və aradan qaldırmağa xidmət edir. Sağlam, normal insan bəzən bu ağrıları heç hiss etmir.  

Amma insan ağır narkotiklər – heroin, opium, ya kokain qəbul edirsə, orqanizm avtomatik olaraq, endofrin istehsalını dayandırır, sadəcə olaraq, buna ehtiyac qalmır. Məlum olduğu kimi, ağır narkotiklər stressi, depressiyanı insandan götürməsə də, insanı stressdən müvəqqəti götürür və psixoloji problemlərin aradan qalxması – “kef dünyası” ilyuziyası yaradır. İnsanın narkotik istifadəçisi, ya aludəçisi olmasından asılı olaraq, endofrin istehsalı 5-15 gün dayana bilir. Narkotikin təsiri isə 1-2 günə keçir, aludəçi mütləq yeni doza qəbul etməlidir. Əks təqdirdə, endofrin müdafiəsi olmayan beyin psixi depressiyaların və narkotik “aclığı”nın dəhşətli hücumlarına məruz qalır...

Heroin və opium aludəçiləri “lomka”ın dəhşətli ağrısını insanın dərisini soymaqla müqayisə edirlər, sanki sənin dərini diri-diri soyurlar və yerinə duz qoyurlar. Kokan aludəçiləri isə, deyirlər ki, elə bil dərinin altında “qoşunla zəhərli qarışqa gəzir” və dayanmadan dişləyir. Hər iki halda, qusma və diareya, qıcolmalar baş verir, adam heç zad yemir, ancaq su içir. Dostlar, siz insanın özünün özünə yaratdığı ağrıları – sadizmin miqyasını təsvvür edirsinizmi?! Bu ağrılar gah yüksəlir, gah da zəifləyir, bəzən elə dəhşətli şiddətlənir ki, insan “ağrı şoku”ndan ölə bilir. Belə insan dəlidir və çox təhlükəlidir, əgər ayağa dura bilsə, hər şeyə, hər çür vəhşiliyə - ölməyə və öldürməyə qadirdir. Təki narkotikin növbəti dozasını əldə etsin və canını bu dəhşətli ağrılardan xilas etsin... 

Narkotik “lomka”sı hardasa 10-15 gün davam edir. Birinci 5-6 gün ən dəhşətlisidir, əgər ölməsən və dözsən - növbəti dozanı qəbul etməsən, deməli qalib gəlmisən. Bir qayda olaraq, bu müddətdən sonra qusma və diareya səni tərk edir, ağrılar da zəifləyir. Artıq yemək istəyirsən və bulyondan başlaya bilərsən. Doğrudur, ağrılar daha bir həftə azalaraq davam edir, amma xəstə gündə “iynənin ucu” qədər düzəlirsə, deməli düzəlir. Uzağı bir aya ayaq üstəsən, hətta idman edə, üzə də bilərsən. Bir şərtlə, narkotikdən uzaq gəzməli  və “qulağında sırğa” etməlisən: sən onu sevməsən də, o, səni sevir... 

Və son olaraq... Hər şey insanın öz iradəsindən asılıdır... Hətta deyirlər ki, sağalanlar, keçmiş narkomanlar da olur...

(Ardı olacaq)

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:59 21.05.2024

MİQ və problemlər...