"Bizi hər tərəfdən boğmağa çalışırlar, ancaq..." - Putin Rusiyanın dünyanın 5 ən böyük iqtisadi gücünə sahib olduğunu dedi

img

11-01-2024 [11:54]


Rusiya prezidenti Vladimir Putin Rusiyanın uzaq şərqində yerləşən Xabarovsk şəhərində iqtisadi müşavirə keçirib.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, müşavirədə çıxış edən Putin ölkəsinə təzyiqlərdən söz açıb və buna baxmayaraq, iqtisadi inkişafın sürətlı getdiyini bəyan edib.

Rusiya Mərkəzi Bankının zamanla faiz dərəcəsini aşağı salacağına inandığını ifadə edən Putin bildirib ki, hazırkı faiz dərəcəsi müvəqqətidir və inflyasiya ilə bağlı məsələlər həll edildikdə, bu, dəyişəcək: "Bankın addımı, ümumiyyətlə, inflyasiya ilə mübarizəyə yönəlib və düşünürəm ki, məqsədə nail olacağıq”. 

Xarici ölkələrin Rusiyaya təzyiq etdiyinə diqqət çəkən Putinin sözlərinə görə, Rusiya bu təzyiqlərdən qorxmur: "Bizi hər tərəfdən boğmağa çalışırlar və təzyiq altındayıq. Ancaq buna rəğmən, yenə də Avropanın ən böyük iqtisadiyyatı bizik. Artıq Almaniyanı geridə qoyub bu səviyyəyə yüksəldik. Dünyada isə ilk beşlikdəyik: Rusiya, Çin, ABŞ, Hindistan, Yaponiya və Rusiya. Dediyim kimi, bu siyahıdan da görünür ki, biz Avropa qitəsində birinciyik”.

Rusiyanın alıcılıq gücü baxımından bütün Avropanı geridə qoyduğunu bildirən Putin qeyd edib ki, adambaşına düşən milli gəlir hissəsində daha çox çalışmalıdırlar: "Hələ görəcəyimiz işlər var, çoxdur...".

Putin son vaxtlar ölkədə gündəm olan yumurta qiymətlərindəki artıma da toxunub və səlahiyyətli qurumların bu bahlaşmaya gec müdaxilə etdiyini vurğulayıb: "Rusiyada yumurta istehsalı azalmayıb, istehlak artıb. İnsanların gəlirləri bir az artıb deyə daha çox yumurta və toyuq əti almağa başlayıblar. Müvafiq qurumlar da vaxtında idxalı açmağı düşünmədilər və qiymətlər artdı. Ona görə də çox diqqətli olmalıyıq”.

Xatırladaq ki, Rusiyada yaranan yumurta qıtlığı problemini aradan qaldırımaq üçün Azərbaycandan da yumurta alınıb. 

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq