Vəzifəli şəxslərin uşaqları yenidən hakim qarşısına çıxarıldı - Restoranda nə baş verib?

img

01-12-2023 [09:52]


Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun sədrliyi ilə Elmir İsmayılov, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və Murad Əhmədlinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

Mia.az Musavat.com-a istinadla xəbər verir ki, bu şəxslər xuliqanlıqda ittiham olunurlar.

Müttəhimlər bu ilin yayında “Sea Breeze”də kütləvi davada tərəf olublar. İş üzrə 2 zərərçəkən var - Cavad Muradov və Elnur Məmmədov.

“Sea Breeze”dəki kütləvi dava ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İstintaq İdarəsində ümumilikdə 3 cinayət işi araşdırılıb. Həmin işlərdən ikisi yekunlaşdırılaraq Sabunçu Rayon Məhkəməsinə göndərilib. Cavid Muradov hazırki məhkəmə predmeti olan iş üzrə zərərçəkən, istintaqda olan iş üzrə isə təqsirləndirilən şəxsdir. Buna görə o, həbsdədir, məhkəməyə də istintaq təcridxanasından gətirilir. Daha bir iş isə Elnur Məmmədov və digərilərinin cinayət işidir, həmin iş üzrə 6 nəfər təqsirləndirilənin axtarışda olması səbəbindən istintaq yekunlaşmayıb.

Digər bir cinayət işi üzrə təqsirləndirilən şəxslərdən Peyman Vəlizadə, Elmir İsmayılov və Məhəmməd Həsənzadə də həbsdədirlər, Murad Əhmədli isə məktəbli olduğundan barəsində həbslə əlaqəli olmayan qəti-imkan tədbiri seçilib.

Noyabrın 30-da keçirilən prosesdə ilk olaraq Elnur Məmmədovun vəkili Cavidan Osmanov vəsatətlə çıxış edərək prosesin qapalı keçirilməsini istəyib. Hakim aşkarlıq prinsiplərini əsas tuturaq vəsatəti təmin etməyib.

Bundan sonra söz iş üzrə zərərçəkən Elnur Məmmədova verilib. O, sərbəst ifadəsində təqsirləndirilən şəxslərlə hər hansı bir ədavətinin, qarşıdurmasının olmadığını, təqsirləndirilən şəxslərdən Elmir İsmayılovla əvvəldən tanışlığının olduğunu, Peyman Vəlizadə, Məhəmməd Həsənzadə və Murad Əhmədlini isə tanımadığını deyib.

Elnur Məmmədov hadisədən uzun müddət ötdüyünü deməklə, həmin gün baş verən hadisəni tam olaraq xatırlamadığını da söyləyib.

Dövlət ittihamçısı Amin Şəkərəliyevin suallarını cavablandıran zərərçəkən bildirdi ki, hadisə baş verən gün restoranda içki məclisində o, Vüqar, Cavad və xanımlarla oturduğu zaman Vüqar Elmiri onların masasına dəvət edib. Elmir masaya yaxınlaşanda yanında dostları da olub. O da Elmirə irad bildirib ki, gəlirsə, tək gəlsin. Bu zəmində aralarında mübahisə olub. Vüqar onları sakitləşdirib.

Sonradan isə Vüqar ona deyib ki, arada narazıçılıq olmasın deyə onu Elmirlə barışdırmaq istəyir. Bu zaman dava düşüb, Elmir İsmayılov onu, o da özünü müdafiə etmək üçün Elmir İsmayılovu vurub.

Dövlət ittihamçısının suallarını cavablandıran Elnur Məmmədov deyib ki, Elmir İsmayılovla aralarında dava “Sea Breeze”dəki avtomobil dayanacağı tərəfdə olub. Həmin vaxt Elmirin yanında təqsirləndirilən şəxslərdən heç birinin olmadığını deyən Elnur Məmmədov içkili olduğunu, ətrafdakı adamların Elmirin mühafizəçiləri olduğunu düşündüyünü, hadisə ilə bağlı bir çox məsələləri xatırlamadığını bildirib.

Elnur Məmmədov Elmir İsmayılovun vəkili Aydın Kərimbəylinin suallarını da cavablandırıb. Deyib ki, Elmir İsmayılovu hadisədən əvvəl tanıyıb, ortaq dostları ilə birgə “Samovar” restoranında çay da içiblər. Vəkilin “Sea Breeze”dəki davanın restoranın daxilində olub-olmaması ilə bağlı sualına Elnur Məmmədov bildirib ki, restoranın daxilində mübahisələri olub, dava isə sonradan dayanacaq tərəfdə baş tutub.

Vəkilin suallarını cavablandıran Elnur Məmmədov bir çox hadisələri xatırlamadığını deyib.

Vəkil Aydın Kərimbəyli Elnur Məmmədovdan Elmir İsmayılovla təqsirləndirilən skamyasını bölüşənlərin idmançı görkəmi olub-olmadığını xəbər alıb, o da bildirib ki, təqsirləndirilənlərin idmançı görkəmi yoxdur. Orada olan, adlarını bilmədiyi idmançılarla bağlı istintaqa məlumat verdiyini də söyləyib.

Vəkil xatırladıb ki, istintaqa ifadəsində Elnur Məmmədov Elmir İsmayılovun onu 15 nəfər idmançı ilə döydüyünü, restorana 10 mühafizəçi ilə gəldiyini deyib və məhkəmədəki ifadəsi ilə həmin ifadə ziddiyyət təşkil edir.

Elnur Məmmədov belə ifadə vermədiyini deyib.

Həmin gün Elmir İsmayılovla dava etmək niyyətinin olmadığını bildirən Elnur deyib ki, mübahisədən sonra restorandan çıxaraq icarələdiyi “White villa”ya gedib, geri dönməkdə məqsədi hesabı ödəmək olub. O zaman dostu Vüqar onu Elmir İsmayılovla barışdırmaq istəyib ki, aralarında restorandakı mübahisəyə görə inciklik qalmasın. Hər hansı bir təhlükənin olacağını da düşünmədiyindən geri tək dönüb.

Elnur Məmmədovun vəkili sualı bir qədər dəqiqləşdirib. Ondan “White villa”dan geri, restorana dönərkən hər hansı bir qorxusunun olub-olmadığını soruşub. Elnur Məmmədov deyib ki, hər hansı bir qorxusu olmayıb, geri qayıdıb ki, hesabı ödəsin.

Elmir İsmayılovun vəkilinin sualını cavablandıran Elnur Məmmədov deyib ki, Elmir İsmayılovdan hər hansı bir təhlükə gözləməyib.

Vəkil deyib ki, ittihamda iddia edilir ki, Elnur Məmmədovu vurub yerə yıxıb, sonra da təpikləyiblər. Həmin şəxsin Elmir İsmayılov olub-olmadığı sualına cavabında Elmir İsmayılovun onu yerə yıxıb təpikləmədiyini deyib.

Elnur Məmmədov deyib ki, hadisədən sonra “Xurma” restoranında görüşərək Elmir İsmayılovla barışıblar, əl sıxıb ayrılıblar. Vəkil bundan sonra nə kimi zərurət yaranması üzündən şikayət etməsinin səbəbini soruşub. Elnur Məmmədov deyib ki, barışıqdan sonra dostu Cavad Muradova Sabunçu Polis İdarəsindən zəng olunub. Cavada Elnur Məmmədovla polisə gəlmək tapşırılıb. O da Cavadla birgə polisə gedib. Orada onları Bakı Baş Polis İdarəsinin əməkdaşları qarşılayıb və həmin idarəyə aparıblar. İdarədə 2 gün qalıb. 2-ci günün axşamı ondan izahat alınıb. Elnur Məmmədov bildirib ki, o, şikayət ərizəsi yazmayıb.

Vəkil Faiq Nəcəfovun suallarını cavablandıran Elnur Məmmədov bildirib ki, həmin gün Elmir İsmayılovla mübahisə və sonradan dava zamanı niyyətləri restoranın işinə mane olmaq olmayıb, sadəcə içkili olduqlarından belə bir hadisə baş verib, bitib: “İçkili məclis olub, hadisə də olub bitib, əgər bu hadisə küçədə olsaydı, bu gün də məsələ bitmişdi, şikayət də yoxdur”.

Hadisə zamanı Elnur Məmmədovun ağzından və burnundan qan axıb, sosial şəbəkələrdə yayılmış videoda bu detal olsa da, Elmir İsmayılov həmin videoda orada yoxdur.

Elnur Məmmədov təqsirləndirilən Məhəmməd Həsənzadənin vəkili Vüsal Orucovun suallarını cavablandırarkən deyib ki, hadisədən sonra Elmir İsmayılovla barışıb və o, baş vermiş hadisə ilə bağlı hər hansı bir şikayət, ərizə, müraciət yazmayıb. Barışıqdan sonra onu Cavadla birgə Sabunçu Polis İdarəsinə dəvət ediblər, oradan isə BŞBPİ-nə aparıblar. Orada ondan ifadə alıblar. O, ifadəni özü yazmayıb, o fikirlərini deyib və kompyuterdə müstəntiq yazıb. O, hadisə günü Məhəmməd Həsənzadəni, Peyman Vəlizadəni orada görmədiyini də deyib.

Bundan sonra Elmir İsmayılov Elnur Məmmədova bir neçə sual verdi. Ondan həmin gün Vüqarın dəvəti ilə onların masasına yaxınlaşarkən yanında kimlərin olduğunu xəbər aldı. Elnur Məmmədov onun yanında iki nəfərin olduğunu dedi. Elmir İsmayılov isə bildirdi ki, Cavad da, Vüqar da və digər ifadə verən şahidlər də bildirib ki, o, masaya tək yaxınlaşıb.

Elmir İsmayılov maşınının əzilməsi epizodu üzrə ifadə verərkən bunun Cavad Muradov tərəfindən edildiyini istintaqda dediyini xatırladıb. Elnur Məmmədov isə deyib ki, o, belə bir ifadə verməyib, maşınla bağlı istintaqda yazılanların da həqiqət deyil.

Təqsirləndirilən Məhəmməd Həsənzadə də Elnur Məmmədova sual verib, onu həmin gün masa arxasında, ümumiyyətlə orada görüb-görmədiyini dəqiqləşdirib. Elnur Məmmədov deyib ki, nə onu, nə Peyman Vəlizadəni, nə də ki, Murad Əhmədlini görməyib.

Hakim Elnur Məmmədovun ibtidai istintaqa verdiyi ifadəsinin bir hissəsini elan etdi. Həmin ifadəyə görə Cavad əsəbi olduğundan Elmirin maşınının qarşısını kəsib və əli ilə maşının üstünə zərbələr vurub. Hadisədən sonra Elmir ona deyib ki, maşını Cavad əzib.

Elnur Məmmədov deyib ki, o, belə bir ifadə verməyib, BPİ-də ona deyilib ki, Elmir belə bir ifadə verib ki, maşınını Cavad əzib. Onun özünə gəlikdə isə belə bir ifadə verməyib.

Bundan sonra hakim Elmir İsmayılova sərbəst ifadə verməyə şərait yaradıb. Elmir İsmayılov deyib ki, o, hadisə zamanı tək olub deyə qardaşına yığıb. Qardaşı Elgün İsmayılov ora gələnə qədər maşında olub deyə heç bir videoya da düşməyib. Qardaşı da ora gələndə onun ünvanına söyüş söyülüb, o da döyülüb. Hadisədən sonra isə tərəflər “Xurma” restoranında görüşüblər, Elnur Məmmədov onunla barışıb, orada deyib ki, söyüş söyübsə də, həmin söyüşlər öz ünvanına getsin. Elmir İsmayılov bildirb ki, onun maşınını nə Cavad Muradov, nə də ki, Elnur Məmmədov əzib. Maşını əzənlər başqa şəxslər olub, həmin şəxslər də bu gün axtarışdadırlar. Elmir İsmayılov hakimdən ədalətin bərpa olunmasını xahiş edib.

Sərbəst ifadəsindən sonra Elmir İsmayılov dövlət ittihamçısının suallarını cavablandırıb, deyib ki, ifadələri onun sözlərindən yazılsa da, düzgün yazılmayıb. Bunu istintaq zamanı barəsində həbs-qəti imkan tədbiri seçilərkən də hakimə deyib. Bildirib ki, Elnur Məmmədovu özünü müdafiə etmək məqsədi ilə vurub.

Bundan sonra Elnur Məmmədovun vəkili Cavidan Osmanlı Elmir İsmayılov axtarışda olan şəxslərin onun müdafiə etdiyi şəxslə dostluq əlaqələri haqda sual verib. Elmir İsmayılov bildirib ki, axtarışda olanlarla zərərçəkənin dostluğu haqda ona istintaqda məlumat verilib. Hadisə zamanı da həmin şəxslərin Elnurun onların qardaşı olmasını qışqırıb dediklərini eşidib.

Vəkil Faiq Nəcəfovun sualını cavablandıran Elmir İsmayılov Elnur Məmmədovla mübahisə, sonradan dava edərkən niyyətlərinin özlərini kiməsə göstərmək, restoranın işinə mane olmaq, stolları aşırmaq olmadığını deyib. Bildirib ki, sadəcə öz aralarında mübahisə, sonra da dava olub. Hər hansı digər niyyətləri olmayıb.

Vəkil Vüsal Oruclu isə Məhəmməd Həsənzadənin Elmir İsmayılovun mühafizəçisi, mühafizə rəisi olub-olmamasına dair sual verib. Elmir İsmayılov suala “gülməlidir” cavabını verib. Deyib ki, Məhəmməd Həsənzadə onun kiçik qardaşının sinif yoldaşıdır, o qardaşına zəng edib ki, gəlib onu xəstəxanaya aparsın. Həmin vaxt Məhəmməd də onun qardaşının yanında olduğundan o da qardaşı ilə birgə “Sea Breeze”yə gəlib.
Hakim Məhəmməd Həsənzadəyə sərbəst ifadə verməyi təklif edib, eyni zamanda bildirb ki, onun telefon anten məlumatları ilə bağlı Azercell-ə verilən sorğuya da cavab verilib. Həmin cavabın da növbəti məhkəmə iclasında tədqiq ediləcəyini elan edib. Məhəmməd Həsənzadə sərbəst ifadəsində deyib ki, dostu Elgün İsmayılovla çay içərkən ona qardaşı Elmir zəng edib, onu xəstəxanaya çatdırmasını xahiş etdiyini eşidib. Buna görə də Elgünlə birgə o, Peyman Vəlizadə və Murad Əhmədli birgə “Sea Breeze”yə gəliblər. Orada Elgünlə birgə Elmiri xəbər alıblar, bu zaman onlara səhv istiqamət verilib, onları kütlənin içinə yönəldiblər. Orada Elnurun Elmirin ünvanına söyüşlər söydüklərinin şahidi olublar, Elgün də ona irad bildirib: “Bu zaman Elgünü vurub yerə yıxıblar. İstintaqda yazıblar ki, guya mən Cavad Muradovu orada tutub boğmuşam. Halbuki, videolardan da açıq-aşkar görünür ki, belə bir şey olmayıb. Bu bir uydurmadır. Sonra biz Elmiri axtarmışıq, onu dayanacaq tərəfdə görmüşük. Onu tapanda tanımadığım bir şəxs bir yumruq zərbəsini Elmirə, birini də mənə endirdi. Yazıblar ki, guya bizi Cavad vurub, əslində isə Cavad orada bizi vurmayıb, orada sakitləşdirib”.

Məhəmməd Həsənzadə tərəflərin suallarını cavablandırarkən barışıq ərizələrinin olduğunu bir neçə dəfə xatırladıb. Dövlət ittihamçısı isə bu məsələnin bir neçə dəfə xatırladılmasına ehtiyac olmadığını deyib. Məhəmməd Həsənzadənin vəkili isə dövlət ittihamçısına bildirib ki, o da bir sualı bir neçə dəfə verir.

Bundan sonra Cavad Muradov Elnur Məmmədova sual vermək istəyib. Hakim əvvəlcə şərait yaratmasa da, Cavad Muradovun “imkan verin sözümü deyim, 6 aydır həbsdəyəm, kiminsə badına getmişəm, sözümü deyim, istəyirsiz 100 il verin, cəzamı çəkməyə hazıram” sözlərindən sonra ona belə bir şərait yaradıb. Cavad Muradov Elnur Məmmədovdan xəbər alıb ki, istintaqa Elmir İsmayılovun maşınının qarşısını kəsib əzməsi haqda ifadə verib. Elnur Məmmədov da belə bir ifadə vermədiyini bildirib. Deyib ki, Cavad Muradov orada mübahisəni sakitləşdirib, dava zamanı isə onları aralaşdırıb. Sonradan da onlar “Xurma” restoranında görüşüb barışıblar. Elnur Məmmədov Cavad Muradova deyib ki, onları üz-üzə qoymaq istəyirlər.

Bundan sonra təqsirləndirilən Peyman Vəlizadə sərbəst ifadə verdi. Onun ifadəsi Məhəhəməd Həsənzadənin ifadəsini uyğun oldu.

Bundan sonra proses dekabrın 7-nə qədər təxirə salındı/Musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq