ABŞ-dan hakimiyyətlə bağlı daha bir sərt bəyanat

img

07-06-2014 [12:51]


ABŞ-la Azərbaycan hakimiyyəti arasında münasibətlərində yaranmış gərginlik hər ötən gün daha da artır. ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın "Azadlıq” radiosuna müsahibəsində hakimiyyətə yönəlik sərt tənqidlərdən sonra rəsmi Vaşinqtonun mövqeyini əks etdirən daha bir sərt bəyanat verilib.


"Turan”ın Vaşinqton müxbirinin verdiyi məlumata görə, ABŞ-ın ATƏT-də siyasi müşaviri Kristofer Robinson iyunun 5-də Vyanada ATƏT Daimi Şurasında "Azərbaycanda insan hüquqlarının davam edən pozuntuları” adlı bəyanat səsləndirib.

Bəyanatda ABŞ növbəti dəfə Azərbaycan hökumətini birləşmək və toplaşmaq, fikri ifadə etmək və vicdan azadlıqları sahəsində beynəlxalq öhdəliklərinə hörmət etməyə çağırılır. Qeyd edilir ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin vergi ödənişindən yayınma və qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi şübhəli ittihamlarla 5 il yarım müddətinə həbs edilməsi Vaşinqtonu çox narahat edir: "Hakimiyyət həmçinin təşkilatın ictimai direktorunu və tərəfdaş QHT-nin rəhbərini də şübhəli ittihamlarla mühakimə edib. Bu əməllər, o cümlədən digər son tədbirlər Azərbaycanın dostlarını hökumətin səmimiliyi, demokratik inkişafa sadiqliyi haqqında düşünməyə vadar edir.



Biz həmçinin hakimiyyətin SDİ direktoru Leyla Yunusun və onun həyat yoldaşının saxlanılmasından, pasportlarının əllərindən alınmasından, onlara qarşı sonrakı təzyiqlərdən narahatıq. Bu, onların Börndə hüquq müdafiə konfransında iştirakına mane olub. Leyla Yunus regionda xalq diplomatiyası üzrə səylərin möhkəm əqidəli tərəfdarı idi. Onun və jurnalist Rauf Mirqədirovun barəsində istintaq Azərbaycan vətəndaş cəmiyyətinə, xüsusən Qarabağ münaqişəsinin dinc yolla həllinə yardım etmək istəyənlərə mənfi təsir göstərir. Bu gün biz Azərbaycandakı dostlarımızı ölkənin insan hüquqları və əsas azadlıqlar sahəsində aparıcı rolunu geri qaytarmağa çağırırıq”.

Bəyanatda daha sonra deyilir ki, Azərbaycan və ABŞ enerji tədarükü yollarının müxtəlifləşdirilməsinə və regional təhlükəsizliyə yardıma sadiqdir: "Biz Azərbaycanın Əfqanıstanda Beynəlxalq Koalisiyanın işinə töhfəsini yüksək qiymətləndiririk. Biz Azərbaycanı açıq bazar iqtisadiyyatında və Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin axtarışında dəstəkləyirik.



Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyi beynəlxalq ictimaiyyətdə böyük məsuliyyət nəzərdə tutur və ABŞ demokratiyanın, insan hüquqlarının və əsas azadlıqların inkişaf etdirilməsinə kömək etməyə hazırdır. Təəssüf ki, vətəndaş cəmiyyətinin Azərbaycanda işləyə biləcəyi məkan əvvəlki kimi hakimiyyət tərəfindən daraldılır və bu meyl getdikcə güclənir ki, bu da regionda hərtərəfli təhlükəsizliyi təhlükəyə atır.
Azərbaycan ölkədə demokratik inkişaf və uzunmüddətli sabitlik üçün həlledici əhəmiyyət daşıyan daha açıq cəmiyyət yaradaraq, sabitliyi və çiçəklənməni ən yaxşı şəkildə təmin edə bilər. Biz Azərbaycan hökumətini siyasi plüralizm üçün şərtlərin möhkəmləndirilməsi üzrə işə başlamağa və müstəqil KİV və vətəndaş cəmiyyəti üçün məkanı genişləndirməyə çağırırıq".

ABŞ adından səslənən bəyanatda faktiki olaraq, Azərbaycandakı hazırkı vəziyyət regionda təhlükəsizliyə təhlükə kimi qiymətləndirilir. Bu isə kifayət qədər sərt mövqe kimi dəyərləndirmədir. Bəyanatdan belə anlaşılır ki, Vaşinqton artıq Azərbaycandakı yaranmış siyasi vəziyyəti təhlükəli hesab edir.



ABŞ-Azərbaycan münasibətlərinin son vaxtlar gərginləşməkdə davam etməsini şərh edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı qeyd etdi ki, Ukrayna hadisələrindən sonra postsovet məkanında avtoritar rejimlərə münasibətin əsaslı şəkildə dəyişildiyi göz önündədir. İstər Avropa Birliyi ölkələri, istər ABŞ demokratik cəmiyyət quruculuğu istiqamətində fəaliyyət göstərən qüvvələrə dəstəyi artırıblar, eyni zamanda avtoritar rejimlərə qarşı mövqeni sərtləşdiriblər.

A.Hacılı düşünür ki, yaxın zamanlarda bunun ciddi nəticələri olacaq və Azərbaycan hakimiyyəti bu bəyanatları qulaqardına vurmalıdır: "Çünki dünyanın aparıcı güc mərkəzləri ilə konflikt şəraiti heç bir dövlətə və heç bir hakimiyyətə uğurlu bir nəticə vəd etmir. Hətta nüvə silahına malik olan, dünyanın güc mərkəzlərindən biri olan Rusiya kimi dövlətin Qərb ölkələri ilə konflikt nəticəsində hansı problemləri yaşadığı göz önündədir. Düşünürəm ki, apardığı bu siyasətə görə Rusiyanı daha ağır nəticələr gözləyir.

Azərbaycan Avropaya inteqrasiya xəttini götürdüyünü ən azı deklorativ olaraq bəyan edib. Azərbaycan hakimiyyəti indiki siyasi şəraitdə birmənalı olaraq bu istiqamətdə addımlar atmalı, ölkədə fundamental insan haqlarının pozulmasını durdurmalı, siyasi məhbusları azadlığa buraxmalı, siyasi təşkilatların bərabərhüquqlu rəqabətinə şərait yaratmalı, sərbəst toplaşma azadlığını təmin etməli və ölkədə demokratik seçkilərin keçirilməsi üçün şəraitin yaradılması istiqamətində addımlar atmalıdır”.

Müsavat rəsmisi hesab edir ki, yalnız bu halda Qərb dövlətlərinin Azərbaycana münasibəti dəyişə bilər. Azərbaycan hakimiyyəti belə bir siyasət yeridərsə, heç şübhəsiz ki, Qərb dövlətlərinin, Avropa Birliyi dövlətlərinin Azərbaycana münasibəti dəyişəcək. Bu da Azərbaycanın demokratik inkişafına səbəb olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA