"Yaranmış tarixi imkanın əldən verilməməsi vacibdir" - XİN bəyanat yaydı
14-08-2023 [10:30]
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Mia.az xəbər verir ki, bəyanatda deyilir:
"Bu gün, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylər Ermənistanın məqsədyönlü gərginlik və revanşizm siyasətinin qurbanına çevrilib və ciddi çağırışlarla üzləşir.
2022-ci ilin dekabrında ilk uğursuzluğuna baxmayaraq, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir.
Bununla yanaşı, Ermənistan 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul olunmuş dörd qətnaməsinin və Təhlükəsizlik Şurası sədrinin işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən bir sıra bəyanatlarına məhəl qoymayan bir ölkədir.
Ermənistanın bölgədə "humanitar vəziyyətin pisləşməsi" və "davam edən blokada" ilə bağlı əsassız iddialarla əlaqədar BMT Təhlükəsizlik Şurasına müraciəti növbəti dəfə beynəlxalq tərəfdaşlar vasitəsilə balanslı, beynəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə Ermənistanın qəsdən və məqsədyönlü şəkildə mane olduğu bir zamanda baş verir.
Məlum olduğu kimi, son üç il ərzində Ermənistanın Laçın yolundan geniş miqyasda sui-istifadə etməsi halları Azərbaycanın öz sərhədində təhlükəsizlik və asayişi təmin etmək məqsədilə sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis olunması üçün legitim və hüquqi tədbirlər görməsini zəruri edib. Ermənistanın bu səyləri "blokada" kimi təqdim etməyə çalışmasına, nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması barədə qərar qəbul etmək üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etməsinə baxmayaraq, məhkəmə 6 iyul tarixli qərarında bu tələbi yekdilliklə rədd edib.
Ermənistan Azərbaycan ərazisindən tam çıxarılmamış silahlı qüvvələrin ehtiyaclarını təmin və təchiz etməkdən, habelə Azərbaycanın təbii sərvətlərini qanunsuz olaraq istismar etməkdən məhrum olması reallığı ilə barışmayıb. Bu səbəbdən, Ermənistan bütün dünyada təbliğat kampaniyasına başlayıb, sərhəd-buraxılış məntəqəsinin normal fəaliyyəti, eləcə də Azərbaycanın Qarabağ bölgəsinə yüklərin çatdırılması üçün “Ağdam-Xankəndi” yolu kimi digər marşrutlardan istifadə edilməsinə qarşı bir sıra hərbi və digər maneələr törədib.
Bu yaxınlarda, bir sıra intensiv məsləhətləşmələr və “məkik diplomatiyası” səylərindən sonra nəhayət Qarabağ bölgəsinə humanitar yüklərin müxtəlif marşrutlarla çatdırılması, həmçinin Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilmişdi.
Birinci məsələ üzrə, yerli sakinlərin ehtiyaclarını ödəmək məqsədilə, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə humanitar yüklərin çatdırılmasına şərait yaratmaq üçün Ermənistan tərəfindən Ağdam-Xankəndi yolundan istifadənin qarşısının alınması məqsədilə qoyulmuş beton və bütün digər fiziki maneələr aradan qaldırılmalı idi. Bunun ardınca, 24 saat ərzində BQXK-nın Laçın yolundan istifadəsinin intensivləşməsi baş tutmalı idi. Rusiya sülhməramlı kontingenti və BQXK daxil olmaqla bütün tərəflər bu razılaşmanı praktiki olaraq həyata keçirməyə hazır idilər.
İkinci məsələ üzrə isə, Yevlaxda Azərbaycanın xüsusi nümayəndəsi və yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün keçirilməsi barədə razılıq əldə olunmuşdu.
Lakin, 5 avqust 2023-cü ildə Ermənistan öz qondarma rejimi vasitəsilə siyasi motivli, qeyri-qanuni şərtlər və müxtəlif bəhanələr irəli sürməklə əldə olunmuş hər iki razılıqdan son anda boyun qaçırdı.
Başqa sözlə, Ermənistanın bütövlükdə beynəlxalq ictimaiyyət və xüsusilə BMT Təhlükəsizlik Şurasından tələb etdiklərinə, bir neçə gün əvvəl tərəfdaşların, o cümlədən Təhlükəsizlik Şurasının üzvlərinin dəstəyi nəticəsində həqiqətən nail olmaq mümkün idi. Bu, yalnız Ermənistanın özünün imtina etməsi səbəbindən baş vermədi.
Əgər Ermənistan və onun tabeliyindəki qondarma “qurum” razılaşmaya əməl etsəydi, məsələ avqustun əvvəlində, Qarabağ bölgəsinin sakinlərinə humanitar yüklərin çatdırılması, habelə insanların, malların və nəqliyyat vasitələrinin keçməsi üçün marşrutların asanlaşdırılması ilə bağlı məqbul çərçivənin təmin edilməsi ilə həll olunardı.
Bu səbəbdən, Azərbaycanın Rusiya Federasiyası, ABŞ, Avropa İttifaqı və BQXK ilə bu vəziyyətdən çıxış yolları axtarmaq üçün apardığı intensiv qarşılıqlı fəaliyyətinə baxmayaraq, Ermənistan bu diplomatik səylərə qəsdən mane olması heç bir şübhə doğurmamalıdır.
Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciəti bu kampaniyanın bir hissəsidir və bu baxımdan, iştirak edən tərəflərin, o cümlədən Təhlükəsizlik Şurasının üzvlərinin səylərinə ciddi zərbə vurur.
Bu gedişatla yanaşı, son həftələrdə, beynəlxalq hüququn, habelə Ermənistanın Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatının 4-cü bəndində təsbit olunmuş öhdəliklərinin ciddi pozuntusu olan, Azərbaycan ərazisində qanunsuz yerləşdirilən Ermənistan silahlı qüvvələri hərbi-mühəndislik işlərini və digər hərbi quruculuq fəaliyyətini intensivləşdirib.
Azərbaycanın suveren ərazilərində qanunsuz yerləşdirilmiş radioelektron mübarizə vasitələrinin istifadəsi xüsusi narahatlıq doğurur. Son həftələrdə "Azərbaycan Hava Yolları"nın mülki təyyarələri ilə yanaşı, xarici ölkələrin təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb.
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycanın suveren ərazilərində hərbi quruculuq işləri və fəaliyyətin qeyri-qanuni şəkildə artırılması ilə paralel olaraq, son günlərdə Ermənistan tərəfindən delimitasiya olunmamış dövlət sərhədi boyunca növbəti hərbi avantüra məqsədli irimiqyaslı silah, digər hərbi texnika və şəxsi heyətin toplanması da müşahidə olunub.
Yuxarıda qeyd olunanlar, 30 ilə yaxın müddət ərzində, 2020-ci ilin sentyabrınadək Ermənistana xas olan, danışıqların imitasiyası, son dəqiqələrdə əvvəlki öhdəliklərdən yayınmaq və konkret qərarlar qəbul etməkdən boyun qaçırmaq üçün danışıqların hər mərhələsində siyasi, hərbi və digər təxribatlar törətməyi ehtiva edən təcrübəni xatırladır.
Eyni zamanda, Ermənistanın bu cür hərəkətləri onu göstərir ki, Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymayıb və onun Azərbaycanın ərazi bütövlüyünü şifahi olaraq tanıması onun yerdəki əməllərindən fərqlənir.
2020-ci ildə baş vermiş müharibədən sonra Azərbaycan Ermənistana iki ölkə tərəfindən bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi əsasında hər iki tərəfin legitim maraqlarına bərabər və qarşılıqlı hörmətə əsaslanan sülh təklif edib. Digər istiqamətdə isə, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin Azərbaycan Konstitusiyasında və Azərbaycanın iştirak etdiyi bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş hüquq və azadlıqlarını təmin etməklə bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya siyasətini aparır. Eyni zamanda, Azərbaycan bütün bu istiqamətlərə sadiqliyini nümayiş etdirməklə, öz suverenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsi və beynəlxalq hüququn digər universal sənədləri ilə təmin edilmiş bütün qanuni vasitələrlə müdafiə etmək hüququnu da özündə saxlayır.
Bu kritik mərhələdə, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşması və yerli erməniəsilli sakinlərin Azərbaycanın siyasi, hüquqi və sosial-iqtisadi çərçivəsinə reinteqrasiyası prosesinin qarşısında duran çətinlikləri aradan qaldırmaq üçün mövcud risklərin aydın şəkildə dərk edilməsi və beynəlxalq ictimaiyyətin Ermənistanın təxribatlarına adekvat reaksiyası həmişəkindən daha önəmlidir.
Bölgədə davamlı sülhün bərqərar olması üçün yaranmış tarixi imkanın əldən verilməməsini təmin etmək vacibdir".
Netanyahu Qəzzaya hücumu genişləndirəcək
34 yaşlı təcrübəli hücumçu "Porto"ya keçib
Müdafiə Nazirliyi: "Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə atəş açılmayıb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Səbail rayonunda transformatorda güclü yanğın başlayıb
"Beşiktaş" Vilfred Ndidini transfer etmək istəyir
Bakıda Ermənistan vətəndaşlarının məhkəməsi davam edir - Zərərçəkənlər ifadə veriblər (YENİLƏNİB)
Şagird yerdəyişməsi başlayır
Bu gecə Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq - Siyahı
Fuad Xəlilov yeni vəzifəyə təyin olundu
Əli Əsədov ƏƏSMN-ə tapşırıq verdi
Prokurorluqda qulluqda olmasının yaş həddi artırılıb
Qəzzada daha 5 nəfər acından ölüb
Bakıda və Abşeronda tozlu hava: nə vaxtadək davam edəcək?
Prezident İlham Əliyev ona vəzifə verdi - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın Baş direktoru isə...
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident “Büdcə sistemi haqqında” qanuna dəyişikliyi təsdiqləyib
“Dövlət borcu haqqında” qanuna dəyişiklik olunub
Türkiyə bunu xəyanət kimi qəbul edə bilər, lakin... - Fələstinin Yunan Kiprindəki səfirinin sərsəm iddiaları (TƏHLİL)
Anar Abdullayev həbs edilib - Məhkəmə zalında
Qəzzada daha 94 nəfər ölüb
Məktəb və bağçalarda yoxlama: 24 direktor vəzifədən azad edildi
"Beşiktaş" Samuel Çukvueze ilə maraqlanır
“Heç nə, yaşayıram” - Sabiq nazir haqqındakı iddialara cavab vermədi
Dövlət Neft Fondu 317 min manatı elə şeylərə xərcləyir ki...
Yeni rəislər vəzifədən azad olundular
Xalq yazıçısı Elçin Əfəndiyev dəfn olundu - FOTOLAR
Prezident İlham Əliyev Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb - MƏTN
"Nyukasl Yunayted" bu təklifə razı olmadı - 140 milyon avro...
Yazıçı Anar: "Bu, bəlkə də mənim üçün taleyin cəzasıdır”
Əli Əsədov müavinləriylə birgə mərasimdə - FOTOLAR
Sabiq nazirlər Qusmanla bir arada - FOTO
Jurnalist olmaq istəyən abituriyentlər qabiliyyət imtahanı verdi
"Çelsi" 19 yaşlı müdafiəçi transfer edib
Qarabağ Universitetinin Klinikası haqqında qərar verildi - Rektorun səlahiyyəti alındı
"Rizəspor" müdafiəçi transfer edib
Sabahın hava proqnozu açıqlandı
"Flamenqo" klubu kolumbiyalı yarımmüdafiəçini transfer edib
Dövlət Su Ehtiyatları Agentliyi barədə daha bir qərar imzalanıb
KXCP-nin deputatlığa keçmiş namizədi tutulub - Narkotiklə
"Olimpik Marsel" İgor Payxaonu heyətinə qatdığını açıqlayıb
Brahim Diaz "Real Madrid" ilə müqaviləsini yeniləyəcək
"Məişət Zorakılığının Qarşısının Alınmasında Müasir Tendensiyalar və Maarifləndirmə Metodları" adlı dəyirmi masa keçirilib - FOTOLAR
"Anderlext" Yasin Özcanı icarə əsasında transfer edib