"Bu, Ermənistan başda olmaqla, bütün dünyaya mesaj olacaq" - Əliyevlə Ərdoğan bir araya gəldi, bəyanat verildi - VİDEO / TAM MƏTN (Yenilənib)
13-06-2023 [20:19]
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.
Mia.az xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib:
- Əziz Qardaşım, hörmətli Cümhurbaşqanı.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, əziz Qardaşım, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana, Vətəninizə xoş gəlmisiniz.
Sizi Cümhurbaşqanı seçkilərində qazandığınız qələbə münasibətilə bir daha təbrik etmək istəyirəm. Şadam ki, bu qələbədən iki həftə sonra Siz Azərbaycana dövlət səfərinə gəlmisiniz.
Seçkilərdə Sizin qələbəniz 20 ildən çox müddət ərzində apardığınız siyasətin Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür. Sizin liderliyinizlə qardaş Türkiyə böyük və şərəfli yol keçmişdir, dünya çapında böyük güc mərkəzinə çevrilmişdir. İstər xarici siyasət sahəsində, istər daxili siyasət sahəsində fəaliyyətiniz Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilir. Sizin qələbəniz Azərbaycan xalqını da çox mutlu etmişdir.
Əminəm ki, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Bu gün biz Sizinlə həm görülmüş işlərə yekun vurduq, eyni zamanda, növbəti illərdə görüləcək işlər haqqında geniş fikir mübadiləsi apardıq. Həm təkbətək görüş zamanı, həm də heyətlərin iştirakı ilə apardığımız danışıqlar bir daha bizim ortaq niyyətimizi ifadə edir. Yəni, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır.
İki gündən sonra biz Şuşa Bəyannaməsinin ikinci ildönümünü qeyd edəcəyik. Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Əslində, faktiki olaraq, biz uzun illər müttəfiqlər kimi fəaliyyət göstərirdik, ancaq Şuşa Bəyannaməsi bunu rəsmi sənədə çevirdi. Bu sənədin Şuşada imzalanması təbii ki, rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Fürsətdən istifadə edərək, Azərbaycan xalqı adından Sizə və qardaş Türkiyəyə İkinci Qarabağ savaşı dönəmində bizə göstərdiyiniz qardaşlıq dəstəyinə, mənəvi və siyasi dəstəyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm.
Təbii ki, bizim gələcək işbirliyi proqramımız bu gün müzakirə olunan məsələlər arasındadır. Bütün sahələrdə konkret proqramlar əsasında işlər gedir. İlk növbədə, Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bizim xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır. O cümlədən bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.
Bu gün, eyni zamanda, müdafiə və müdafiə sənayesi sahələrində gələcək planlar haqqında danışdıq. Məmnuniyyətlə qeyd olundu ki, bu il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir. Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək və biz bunu indi əyani şəkildə görürük. Bu dəstəyə görə də Sizə özəlliklə təşəkkürümü bildirmək istəyirəm.
Bugünkü dünyada güc amili ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ona görə bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər bizim gücümüzü həm bölgədə, həm dünyada daha da artıracaq.
Məmnunluq hissi ilə qeyd etdik ki, ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq. Çünki birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edəcək, xüsusilə enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq. Bununla paralel olaraq, Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır, buna da böyük tələbat var. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Biz bu gün yenilənən, yəni, bərpaolunan enerji növləri üzrə əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Biz bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində fəal əməkdaşlıq edirik.
Təbii ki, hər dəfə görüşəndə biz nəqliyyat məsələlərini də geniş müzakirə edirik. İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Ona görə biz Azərbaycanda nəqliyyat və logistika imkanlarımızı genişləndiririk. Bakı Dəniz Limanının imkanlarını 25 milyon tona genişləndiririk. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir.
Biz, eyni zamanda, Zəngəzur dəhlizinin tezliklə açılması haqqında fikir mübadiləsi apardıq, bu məsələni müzakirə etdik. Zəngəzur dəhlizinin açılması qaçılmazdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Hər halda biz bu istiqamətdə səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.
Müzakirə olunan məsələlərdən biri də təhsil sahəsi ilə bağlıdır. Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqlar indi son mərhələdədir. Biz çox ümid edirik ki, yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcəkdir.
Bir sözlə, qeyd etdiyim bütün bu və digər məsələlərlə, - çünki gündəliyimiz kifayət qədər genişdir, - bağlı fikir birliyi, vəhdət, mövqe birliyi var, belə də olmalıdır. Türkiyə-Azərbaycan birliyi xalqlarımız üçün, bölgə üçün, Türk dünyası üçün önəmlidir. Əminəm ki, gələcək illərdə bu birlik daha da güclənəcək və bizi yeni uğurlar, yeni qələbələr gözləyir.
Əziz qardaşım, gəldiyinizə görə bir daha təşəkkür edirəm. Vətəninizə xoş gəlmisiniz!
X X X
Sonra Türkiyə Prezidenti bəyanatla çıxış edib:
- Hörmətli cənab Prezident, əziz Qardaşım.
Əvvəlcə, hörmətli mətbuat nümayəndələrinə bir daha bildirirəm ki, Prezident üsul-idarəsinin ikinci dönəmində 86 faizlik iştirak səviyyəsi ilə keçirilən budəfəki seçki dünyada müstəsna deyə biləcəyimiz bir seçki olmuşdur. Bu seçkidən də millətimin iradəsi ilə qalib çıxmaq, yenidən ilk səfərimizi Şimali Kiprə və həmin gün Bakıya gələrək burada gerçəkləşdirmək bizi son dərəcə məmnun etmişdir. Biz öz evimizdəyik və indi burada mətbuata bəyanatla çıxış edirik.
İlham qardaşım, nazirlərin bu gün qarşılıqlı keçirdiyi iclasları olduqca gözəl bir şəkildə ümumiləşdirdi. Bununla yanaşı, hansı sahələrdə nələr etdik, nələri edirik, təkbətək görüşdə də bunları ətraflı müzakirə etdik. Prezident Əliyev bunları da ümumiləşdirdi və heyətlər arasındakı görüş barədə də ətraflı məlumat verdi.
Türkiyə və Azərbaycan iki qardaş ölkədir. “Bir millət, iki dövlət” düşüncəsi ilə bu günə qədər addımladıq. İndiyə qədər addımladığımız bu yolda bundan sonra da qərarlı şəkildə yolumuza davam edəcəyik. Burada bir məsələni də bildirmək istəyirəm. Xüsusilə səlahiyyətlərimin icrasına başlama mərasimində İlham qardaşımın xanımı ilə birlikdə iştirakı dünyaya və Türkiyəyə bir mesajdır. Buna görə mən də eyni qaydada xanımımla birlikdə bu səfərə gəlmişəm. Bu səfərlər aramızdakı münasibətlərin nə qədər inkişaf etməsinin ən gözəl ifadəsidir. Bunları təkcə bu gün etdik? Xeyr. Biz bunları daim – Baş nazir olduğumdan bəri, Prezidentliyi təhvil aldığımdan bəri yaşadıq, yaşayırıq və Rəbbim ömür verdikcə də yaşamaqda davam edəcəyik.
Əziz qardaşım İlham Əliyevə və azərbaycanlı qardaşlarımıza göstərdikləri bu qonaqpərvərliyə görə də şəxsən öz adımdan və heyətim adından çox təşəkkür edirəm. Hazırda atdığımız və atacağımız addımlardan biri də Türkiyə-Azərbaycan Universiteti məsələsidir. Bu məsələ ilə əlaqədar Ali Təhsil İdarəsinin sədri öz həmkarı ilə bu məsələni bu gün nəzərdən keçiriblər. Qanuni prosedurun vacibliyini isə İlham qardaşım ifadə etdi. Bu məsələni də tez bir zamanda həyata keçirərək, İnşallah, Türkiyə ilə Azərbaycan arasında belə bir universitetin qurulmasına nail olacağıq. Beləliklə, azərbaycanlı gənclərimiz Türkiyəyə rahatlıqla gələ biləcəkləri kimi, türk gəncləri də eyni qaydada Azərbaycandakı universitetdə oxumaq şansı əldə edəcəklər.
Bununla yanaşı, ən vacib məsələlərdən biri də məlum olduğu kimi, enerjidir. Enerji sahəsində istər TANAP, istərsə də TAP ilə bağlı illərdən bəri görülən işlər var. Bu işlərin təfərrüatlarını da nazirlərimiz öz aralarında müzakirə etdilər. Həmçinin bununla bağlı bundan sonrakı dövrdə görəcəyimiz işlər müzakirə olundu. Avropa enerji sahəsində, xüsusilə Türkiyə vasitəsilə alacağı qaz məsələsində çox narahatdır. Buna görə davamlı xahişlər edirlər. Bu məsələ ilə əlaqədar biz üzərimizə düşən işi görürük və bundan sonra da həyata keçirməkdə davam edəcəyik.
Bütün bunlarla yanaşı, müdafiə sənayesi sahəsində atılacaq addımlar da böyük əhəmiyyət kəsb edir. Bu sahədə atacağımız addımlarla birlikdə bu işin müdafiə sənayesi hissəsi ilə yanaşı, təhsil məsələsində də üzərimizə düşən vəzifələr var. Bu vəzifələri bu günə qədər necə yerinə yetirmişiksə, bundan sonra da eyni qaydada həyata keçirməkdə davam edəcəyik.
Ən mühüm məsələlərdən biri də xüsusilə hazırda özəl sektorumuzun burada atdığı addımlardır. Şirkətlərimiz kənd təsərrüfatı, heyvandarlıq sahələrində müştərək fəaliyyəti uğurla həyata keçirirlər. Bununla yanaşı, nəqliyyat sahəsində türk podratçı firmaları həqiqətən də Azərbaycanda uğurlu infrastruktur layihələrini həyata keçirirlər. Bu, bizi xüsusilə məmnun edir.
Şuşa Bəyannaməsinin müddəalarını da, İnşallah, bundan sonra da uğurla həyata keçirməyi davam etdirməkdə qərarlıyıq və bu məsələdə güzəştə getməyəcəyik.
Üzərində ən çox çalışdığımız və həssaslıq göstərdiyimiz Zəngəzur dəhlizi məsələsini, İnşallah, sürətlə həll etməyimiz bizə iki mühüm imkanı qazandıracaq. İstər avtomobil yolu, istərsə dəmir yolu ilə bağlı atılacaq addımlar sayəsində buradan İğdıra, Naxçıvana yolun açılması ilə Türkiyənin Naxçıvanla əlaqəsi daha güclü olacaq. Bu əlaqələrin yaradılması Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin daha da güclənməsinə imkan verəcək. Çünki yol mədəniyyətdir. Əgər yolunuz varsa, mədənisiniz. Yolunuz varsa, mədəniyyətə çatmısınız. Əgər yol yoxdursa, heç bir şey yoxdur. Hazırda Azərbaycanın, xüsusilə müharibələrdən sonra infrastrukturla bağlı böyük həssaslıq göstərdiyi ən əhəmiyyətli məsələ yollardır. Bundan əvvəlki səfərimdə də gördüm, bütün tunellər, viaduklar Azərbaycanın Qarabağ müharibələrindən - istər Birinci, istərsə İkinci Qarabağ müharibəsindən sonra necə inkişaf etdiyini ən gözəl şəkildə ortaya qoyur. Biz bunları bilavasitə gördükcə iftixar hissi keçiririk. İyirmi il əvvəlki Bakını düşünürəm və hazırda da Qarabağı düşünürəm. Otuz il ərzində Minsk qrupu vaxt uzatdı və bunun nəticəsini yaşayırıq. Vaxtı çox uzatdılar, addım atmağa imkan vermədilər. Bax, öz göbəyinizi özünüz kəssəniz, addım atarsınız. Sağ olsun, İlham qardaşım bunu bacardı. Millət olaraq bunu bacardınız və indi də bu səviyyəyə gəldiniz. Deməli, məsələ odur ki, qətiyyətli olduğun zaman, inandığın zaman istədiyinə nail olmaq mümkündür. Azərbaycan da bu nəticəyə nail oldu.
Əlbəttə, indi qarşımızda atılacaq bəzi addımlar var. İnşallah, bu addımları da uğurla atdıqca Azərbaycan mövcud əhalisi ilə təbii ki, daha da irəli gedəcək. Mənim əhali ilə bağlı planımı, proqramımı bilirsiniz, ən azı üç deyirdim. Amma Azərbaycanda bu, ən azı beş olmalıdır. Elədirmi, qardaşım?
Prezident İlham Əliyev: Çalışacağıq.
Prezident Rəcəb Tayyib Ərdoğan: Ən azı beş olmalıdır. Hazırda əhali 12 milyondur?
Prezident İlham Əliyev: Hələ 11 milyona çatmayıb, 10 milyonun üstündədir, amma, İnşallah, yaxın zamanda çatacaq.
Prezident Rəcəb Tayyib Ərdoğan: Çatacaq, İnşallah. Yəni, bunu bacarmaq lazımdır. Buna nail olanda Azərbaycan daha güclü olacaq. Çünki əhali hər bir ölkənin gücüdür, həmin ölkənin gələcəklə bağlı paradiqmalarını dəyişdirir. Bu inamla, Türkiyə-Azərbaycan qardaşlığı və “Bir millət, iki dövlət” anlayışı ilə gələcəyə doğru addımlayacağıq. Aramızdakı Preferensial Ticarət Sazişindən tutmuş digər sahələrdə atacağımız addımlarla, İnşallah, Türkiyə-Azərbaycan qardaşlığını daha yüksək səviyyəyə çatdıracağıq. Çox təşəkkür edirəm.
***
Prezident İlham Əliyevlə Azərbaycanda dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş olub.
Mia.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
***
İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü keçirilib.
Mia.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanı salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:
- Sizin dövlət səfəriniz bizi çox məmnun edir. Şadam ki, prezident seçkilərindən qısa müddət sonra Siz Azərbaycana səfər edirsiniz. Bir daha sizi qələbə münasibətilə təbrik etmək istəyirəm. Sizə yeni uğurlar arzulayıram. Əminəm ki, növbəti illərdə də bizim dostluğumuz, qardaşlığımız hər zaman olduğu kimi yüksək səviyyədə olacaqdır.
Biz bu gün Sizinlə artıq təkbətək görüş əsnasında bir çox məsələləri müzakirə etdik. İndi heyətlər çərçivəsində də bunun davamı olacaq. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı - bu, beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir. Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Siz bilirsiniz ki, Sizi Azərbaycanda, çox sevirlər. Siz bizim əziz qonağımızsınız.
Mən yeni hökumət üzvlərini də ürəkdən təbrik etmək istəyirəm. Bir çoxlarını tanıyıram. Dünən artıq bizim nazirlər və digər yüksəksəviyyəli rəsmilər bir arada olmuşlar, bu gün də bu təmaslar davam edir. Hər zaman olduğu kimi, bizim görüşlərimiz həm görülən işlərə yekun vurur, eyni zamanda, növbəti illərdə görüləcək işlərlə bağlı yol xəritəsi cızır. Əminəm ki, bu səfərdə də belə olacaq. Bir daha xoş gəlmisiniz.
x x x
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:
- Hörmətli cənab Prezident, əziz Qardaşım.
Hörmətli heyət üzvləri.
Sizləri öz adımdan, heyətim adından ən səmimi hisslərimlə salamlayıram. Millətimizin iradəsi ilə yenidən prezident seçildikdən sonra hər zamankı adətimiz üzrə əvvəlcə Şimali Kipri ziyarət etdik, sonra da dərhal Bakıya gələrək Sizinlə bir arada olduq. Göstərdiyiniz qonaqpərvərliyə görə şəxsən öz adımdan və heyətim adından səmimi təşəkkürlərimi xüsusilə ifadə edirəm.
Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Bunun son örnəyini Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük. Azərbaycan hökuməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü və dərhal zəlzələ bölgəsinə heyət göndərdilər. Ürəyi bizimlə döyünən hər bir Azərbaycan vətəndaşına yenə şəxsən öz adımdan və millətim adından minnətdaram.
Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşadakı baş konsulluğumuzu istədiyiniz vaxt açmağa hazırıq. Hakan bəy, bu məsələdə də heç gecikdirmədən, inşallah, Şuşadakı baş konsulluğumuz hər an açıla bilərsə, bu təbii ki, yenə başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır.
Maarif Vəqfimiz Azərbaycan qurumlarının dəstəyi ilə təhsil-tədris sahəsində fəaliyyətini davam etdirir. İnşallah, gələn il məktəbimizin yeni təhsil korpusunu istifadəyə verməyi planlaşdırırıq.
Əziz qardaşımla təkbətək görüşümüzdə xüsusilə Xəzərdən keçən Orta Dəhliz və bu xüsusda Bakı-Tbilisi-Qars dəmiryolu xəttini də bir an əvvəl müzakirə etməyimizdə fayda var.
***
"Növbəti illərdə dostluğumuz və qardaşlığımız hər zaman olduğu kimi yüksək səviyyədə olacaq".
Mia.az xəbər verir ki, bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla geniş tərkibdə görüşü zamanı deyib.
"Biz bu gün Sizinlə artıq baş-başa görüş əsnasında bir çox məsələləri müzakirə etdik. İndi heyətlər çərçivəsində də bunun davamı olacaq", - Prezident İlham Əliyev bildirib.
***
"Prezident seçkilərində Türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir".
Mia.az xəbər verir ki, bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla geniş tərkibdə görüşü zamanı deyib.
"Bilirsiniz ki, Sizi Azərbaycanda çox sevirlər. Siz bizim əziz qonağımızsınız. Yeni hökumət üzvlərini də ürəkdən təbrik etmək istəyirəm. Bir çoxlarını tanıyıram", - Prezident İlham Əliyev bildirib.
***
"Azərbaycanla münasibətlərimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq".
Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı deyib.
Onun sözlərinə görə, bu gün Türkiyə - Azərbaycan qardaşlığı dünyada qibtə ilə izlənilir: "Bunun nümunəsini Türkiyədə baş verən zəlzələ zamanı gördük. Çünki Azərbaycan dövləti və xalqı kədərimizi öz kədəri kimi qəbul etdi. Azərbaycan xilasediciləri dərhal zəlzələ bölgəsinə gəldi. Ürəyi Türkiyə ilə döyünən hər bir Azərbaycan vətəndaşına şəxsən öz və xalqım adından minnətdarlığımı bildirirəm. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq".
***
"Türkiyənin Şuşada Baş Konsulluğunu istənilən zaman açmağa hazırıq".
Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı deyib.
"Əgər Türkiyənin Şuşada Baş Konsulluğu açılarsa, əlbəttə, bu, Ermənistan başda olmaqla bütün dünyaya bir mesaj olacaq", - Türkiyə lideri bildirib.
MİA.AZ
"Bayer Leverkuzen" yeni baş məşqçi gətirib
"Bu, faktiki olaraq inhisarçılıqdır" - Nazirlik yanında İctimai Şura üzvü AYNA-nın qərarına etiraz etdi
Taylan Bulut Türkiyə vətəndaşlığı alıb
"Fənərbağça"nın yeni baş məşqçisi İstanbula gəlib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Qətər Əmiri ilə telefonda danışdı: “Türkiyə bütün imkanları ilə yanınızdadır"
Rəsmi Bakıdan İsrailin Qətərə hücumu barədə - AÇIQLAMA
DÇ-2026: Azərbaycan - Ukrayna oyununda iki qol var (YENİLƏNİB)
"Fənərbağça"nın yeni baş məşqçisi bəlli olub - Açıqlama
HƏMAS-dan İsrailin Dohadakı qərargaha hücumu haqda ilk açıqlama: "5 nəfər ölüb, biri liderin oğludur" (Yenilənib)
Sulu qar yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib - Müzakirə
Qətərdən İsrailin ölkəsinə hücumuna sərt - Reaksiya
Neymarın sevgilsinin ağzı əyilib - FOTO
Türkiyədə təxribat xarakterli paylaşımlar edənlər saxlanılıb
“İblis”in yeni təqdimatı olacaq
Qadın nazir döyüldü, maliyyə naziri lüt soyunduruldu - Nepalda hökumət binaları yandırılıb (FOTOLAR)
Növbəti dörd gündə güclü külək əsəcək - Xəbərdarlıq
Makron baş nazirin istefasını qəbul edib
İSRAİLDƏN QƏTƏRDƏ ŞOK ƏMƏLİYYAT: HƏMAS liderləri öldürüldü? - Ordu xəbəri təsdiqlədi (FOTO, YENİLƏNİB)
"Abzas Media"çılarla bağlı qərar verilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Uber”, “Bolt” hava limanına buraxılmayacaq? - YENİ QƏRAR (AÇIQLAMALAR, VİDEO) - Yenilənib
Şıxlinskinin həbs müddəti uzadılıb
General Milli Məclisdə: "Nazirə rütbələri bir pillə aşağı salmaq səlahiyyəti verilməlidir"
SAHİL BABAYEV TAPŞIRIQ VERDİ: iki qurumda yoxlama başladı - Mətbuat katibi xəbəri təsdiqlədi
Manaf Ağayevin oğlu müşavir təyin edildi
CHP sədri "Gələcək iqtidar partiyasını ələ keçirməyə cəhd" olduğunu deyir: "Həyatı durduracaq addımlar ata bilərik"
"Polis haqqında" qanun dəyişir - Yeni qanun müzakirəyə çıxarılıb
Hotel sahibi polis postunun suyunu niyə kəsib? - Şuşada maraqlı olay
İftixar Piriyev vəzifədən azad olunub
CHP-nin keçmiş sədri 25 dəqiqəlik görüşdən sonra: "Kılıçdaroğlu geri dönmək istəyir, belə edərsə, küçəyə çıxa bilməz"
Sabah Masallıda bu kəndlərdə qaz olmayacaq - SİYAHI
Milli Məclisdə xüsusi iclas keçirilib (Yenilənib)
"Sonsuz qardaşlıq - IV": Bakıda çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimə başlayıb
Sabah hava necə olacaq? - Proqnoz
Qəzza bombalanıb: daha 11 nəfər ölüb, 25 nəfər isə itkin düşüb
Qəzzada aclıq: daha 6 nəfər ölüb