İLHAM ƏLİYEV, MİŞEL və PAŞİNYAN GÖRÜŞDÜ: Brüsseldə üçtərəfli müzakirə aparılıb - Açıqlamalar (FOTOLAR/Yenilənib)

img

14-05-2023 [22:06]


Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlama verib.

Mia.az xəbər verir ki, Şarl Mişel açıqlamasında deyib:

- Axşamınız xeyir, xanımlar və cənablar. Bu gün biz böyük məmnuniyyətlə Prezident Əliyevi və baş nazir Paşinyanı Brüsseldə təşkil olunmuş beşinci görüşdə qəbul etdik. Bizim fikir mübadiləmiz səmimi, açıq və nəticəyönümlü idi. Əsas diqqət Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəldilmişdi. Liderlər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər. Mən müvafiq səyləri təqdir edirəm. Biz gündəliyimizdə olan bütün məsələləri birlikdə nəzərdən keçirdik. Bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan ilə Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır.

Sərhəd məsələlərində biz irəliləyişi və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımları müzakirə etdik. Həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəldilər. Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq.

Bağlantılar məsələsində tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar. Bu mövzuda xüsusilə də Naxçıvana və əks istiqamətdə dəmir yolu əlaqəsinin bərpasına dair mövqelər olduqca yaxınlaşıb. Dəmir yolu əlaqələrinin bərpası ilə bağlı modallıqları və konkret qrafik üzrə zəruri inşaat işlərini özündə ehtiva edəcək ümumi razılaşmanın yekunlaşdırılmasına dair müvafiq heyətlərə təlimatlar verilib. Bu işdə tərəflər Ümumdünya Gömrük Təşkilatından dəstək alınmasına dair razılığa gəliblər.

Humanitar məsələlərə gəldikdə, qarşıdakı həftələr ərzində saxlanılan daha çox şəxslər azad ediləcəkdir. Öz tərəfimdən onu vurğuladım ki, sadəcə, yolunu azan və qarşı tərəfə keçən əsgərlərin sürətli prosedur vasitəsilə azad olunmalarına dair qarşılıqlı anlaşmanın təmin olunması davam etdirilməlidir.

Biz, həmçinin itkin düşmüş şəxslərin taleyi ilə bağlı və minaların təmizlənməsi işinin sürətləndirilməsinin vacibliyinə dair müzakirələr apardıq.

Biz keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi ilə əlaqədar müzakirələri davam etdirdik. Mən Azərbaycanı beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq çərçivəsində həmin əhalinin hüquq və təhlükəsizliyinin təmin olunması ilə bağlı müsbət gündəliyin formalaşdırılmasına dəvət etdim. Mən, həmçinin Bakının bu əhali ilə şəffaf və konstruktiv dialoq aparması zərurəti məsələsini qaldırdım. İnanıram ki, düşmənçilik ritorikasından çəkinmək, qarşılıqlı məqbul həll yollarına nail olmaq üçün xoş niyyət və liderliyin nümayiş etdirilməsi vacibdir.

Avropa İttifaqının gizli gündəliyi yoxdur. Bizim yeganə məqsədimiz Azərbaycana və Ermənistana əhatəli və ədalətli sülhə nail olmaqda kömək etməkdir. Biz onların birgə səylərinə dəstək verməyə hazırıq.

Biz Brüssel görüşlərini mümkün qədər tez-tez keçirmək barədə razılığa gəldik. Liderlər növbəti dəfə Brüsseldə iyul ayında görüşəcəklər. Artıq bəyan etdiyimiz kimi, biz yenidən yaxın gələcəkdə Fransa Prezidenti Makron və Almaniya Kansleri Şolts ilə Kişineuda keçiriləcək 2-ci “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində görüşəcəyik.

Mən, həmçinin liderləri oktyabrda Qranadada təşkil ediləcək 3-cü “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində daha bir belə görüşə dəvət etmək niyyətindəyəm.

***

Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə görüşü olub.

***

Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb.

Mia.az xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın dövlət başçısı İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına xidmət edən Brüssel formatının bərpasından məmnunluq ifadə edilib.

Prezident İlham Əliyev tərəfindən Şarl Mişelin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, regionda davamlı sülh və təhlükəsizliyin, sabitliyin təmin olunması istiqamətində olan səyləri yüksək qiymətləndirilib.

Həmçinin görüşdə Vaşinqtonda sülh müqaviləsi üzrə danışıqlar məsələsinə də toxunulub və regional məsələlər müzakirəyə çıxarılıb. Eləcə də bugünlərdə Ermənistan tərəfi ilə keçiriləcək üçtərəfli görüşün gündəliyinə aid olan məsələlər barəsində də fikir mübadiləsi aparılıb. 

Həmçinin görüşdə son günlərdə Ermənistan tərəfindən iki ölkənin sərhədində - Kəlbəcər istiqamətində törədilmiş məqsədyönlü təxribatlar haqqında məlumat verilib.

***

13.05.2023.Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 14-də Belçikanın paytaxtı Brüsseldə görüş olacaq.

Mia.az xəbər verir ki, bu barədə Avropa İttifaqı daha bir açıqlama yayıb.

Bildirilib ki, Mişel Paşinyan və Əliyevlə təkbətək görüş də keçirəcək.

Bu arada o da aydın olub ki, Paşinyan artıq görüş üçün Brüsselə yolllanıb.

***

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel ilə görüşəcək.

Mia.az xəbər verir ki, bu barədə Avropa Şurası yazılı açıqlama yayıb.

Bildirlib ki, Mişelin Əliyev və Paşinyanla növbəti görüşü mayın 14-də keçiriləcək

Açıqlamada bildirilir ki, iyunun 1-də Moldovada keçiriləcək Avropa Siyasi Birliyinin (AST) sammiti çərçivəsində üçlüyün Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzla da görüşəcəyi gözlənilir.

Məlumatda o da qeyd olunur ki, Mişel Azərbaycan və Ermənistan liderlərinə, eləcə də Almaniya və Fransa prezidentlərinə AST-nin oktyabrda İspaniyada keçiriləcək növbəti iclasında da görüşməyi təklif edib.

Xatırladaq ki, Əliyev və Paşinyan ilk dəfə 2021-ci il dekabrın 14-də Mişelin rəhbərliyi altında iki ölkə arasında ziddiyyətli məsələləri həll etmək üçün görüşüblər.

Üçlük formatında sonuncu görüş 31 avqust 2022-ci ildə keçirilib.

***

"Ötən il Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında bir neçə görüş keçirilib. Dekabr ayında, məhz Ermənistan tərəfi Brüsseldə eyni formatlı görüşdə iştirakdan imtina edib, bununla da prosesə maneçilik törədilib".

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib Azərbaycan tərəfi, ötən il baş tutmamış və Aİ Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə may ayında yenidən bərpa olunması planlaşdırılan Brüssel görüşünə razılıq verib: "Eyni zamanda, Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsi təklif olunub. Azərbaycan tərəfi öz növbəsində, Brüssel formatını əvəz etməmək və bu formatı dəyişdirməmək şərtilə Kişinyovda qeyri-formal görüşdə Azərbaycan tərəfinin iştirakının mümkün olduğunu bildirib. Bununla yanaşı, sözügedən görüşün təfərrüatları barədə müfəssəl məlumat verilmədiyi nəzərə alınaraq, Kişinyov görüşündə iştiraka dair yekun razılıq hələlik mövcud deyil".

Lamiyə

MİA.AZ

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR