Prezident İlham Əliyev və birinci xanım Neftçala və Salyanda - Yeni açılışlar oldu (FOTOLAR/Yenilənib)

img

18-04-2023 [19:17]


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala rayonuna səfər ediblər.

Mia.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Neftçala şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçala Olimpiya İdman Kompleksinin açılışında iştirak ediblər.

Mia.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, ərazisi 4 hektar olan Kompleksin tikintisinə 2013-cü ildə başlanılıb və inşaat işləri mərhələli şəkildə icra edilib. Sahəsi 12 min 848 kvadratmetr olan idman kompleksinin binasında yaradılan 770 tamaşaçı yeri olan universal idman zalında basketbol, voleybol, həndbol, minifutbol, badminton üzrə məşqlərin və yarışların keçirilməsi üçün lazımi şərait yaradılıb. Eyni zamanda, burada gimnastika, güləş, cüdo, ağır atletika, fitnes-trenajor, taekvondo, aerobika, sambo, karate, boks və kiqboksinq, rəqs, şahmat və digər idman növləri üzrə yarışların keçirilməsi nəzərdə tutulub.

Kompleksə üzgüçülük hovuzu da daxildir. Burada 220-dən çox tamaşaçının yarışları izləməsi üçün hər cür şərait var.

Ərazidə 56 çarpayılıq üçmərtəbəli mehmanxana binası da fəaliyyət göstərəcək. Burada fiziki imkanları məhdud şəxslər üçün də nömrələr nəzərdə tutulub. Mehmanxana korpusunun foyesində restoran və kafe də fəaliyyət göstərəcək. Eyni zamanda, kompleksdə əlavə olaraq 68 nəfərlik restoran rayon sakinlərinin və qonaqların istifadəsinə veriləcək. Restoranın açıq sahəsi burada yay mövsümündə və əlverişli hava şəraitində müxtəlif idman məşqləri, gənclərin yay düşərgələri ilə bağlı tədbirlərinin keçirilməsinə imkan verir.

Kompleksdə, həmçinin süni ot örtüklü qapalı minifutbol və açıq tipli minifutbol meydançası, açıq hava idman meydançası, iki Bocce idman oyunu meydançası, uzunluğu 280 metr olan xüsusi yumşaq döşəməli dairəvi qaçış zolağı da yaradılıb.

Bir sözlə, kompleksdə idmançıların və qonaqların istirahəti üçün bütün imkanlar var.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Mia.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Neftçala rayonunda Neftçala-Kürkənd-2 nömrəli Mayak avtomobil yolu sakinlərin xahişi ilə yenidən qurulub.

Neftçalanın 3 yaşayış məntəqəsini əhatə edən 19 kilometr uzunluğunda bu yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Nəticədə 20 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşıması asanlaşıb. Yolboyu torpaq, qazma, yataq yolun profilə salınması işləri görülüb. Yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsi isə 6 metrdir.

Yolboyu suların ötürülməsini təmin etmək məqsədilə mövcud borular yenilənib, boru başlıqları tikilib, yola yeni asfalt-beton örtüyü döşənib.

Prezident İlham Əliyevə Neftçalada 4 yaşayış məntəqəsini əlaqələndirən yolların layihəsi də təqdim olunub.

Qeyd edilib ki, Neftçala rayonunun Neftçala–Xol Qaraqaşlı–Şorsulu avtomobil yolunun 7-ci kilometrliyindən ayrılan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq aparılan yenidənqurma işləri yekunlaşıb.

Uzunluğu 10 kilometr olan Həsənabad–Neftçala və Bankə–Beştalı avtomobil yolları 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib. Yolun eni 10 metrə qədər genişləndirilib. Buraya 6 metrlik hərəkət hissəsi və 2 metr enində çiyinlər daxildir.

Yolun 8,5 kilometr uzunluğunda Həsənabad–Neftçala hissəsində normativ enin alınması üçün genişləndirmə və kipləşdirmə işləri görülüb, yeni yol əsasının inşası və asfaltlanma işləri aparılıb. Yolun yaşayış məntəqəsindən keçən hissəsində eni 1,5 metr, uzunluğu 900 metr olan piyada səkisi inşa olunub.

Layihə çərçivəsində yolun 1,5 kilometrlik Bankə–Beştalı hissəsində də sadalanan işlər icra olunub. Layihə üzrə yolun bu hissəsində Kür çayı üzərində yerləşən və uzunluğu 286 metr olan körpü təmir edilib. Görülən işlərə paralel olaraq, yolboyu suların ötürülməsi məqsədilə mövcud dəmir-beton boruların bərpası, zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni suötürücü boruların tikintisi işləri yerinə yetirilib.

Layihənin icrası 38 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsi arasında gediş-gəlişi rahatlaşdıracaq, kənd təsərrüfatının daha da inkişafına töhfə verəcək

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçalanın Yenikənd kəndində “Azerbaijan Fish Farm” MMC-nin Nərə Damazlıq Təsərrüfatında yaradılan şəraitlə tanış olublar.

Mia.az xəbər veirr ki, dövlət başçısına və birinci xanıma zavodda yaradılan şərait barədə məlumat verilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hazır məhsullara baxıblar.

Bildirilib ki, S.Q.Kərimov adına Kür-təcrübi nərə balıqartırma zavodu 1954-cü ildə istismara verilib və özəlləşdirilənədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərib. Özəlləşdirildikdən sonra müəssisədəki 34 nohur tam yenidən qurulub, qapalı su çevrəsi əsasında fəaliyyət göstərən texnologiya alınıb, hovuzlar təmir olunub və yeni hovuzlar quraşdırılıb. Həmçinin yeni idarə binası, yeməkxana və “Qonaq evi” binası müasir səviyyədə inşa olunub, su təchizatı sistemi yenilənib, ərazi abadlaşdırılıb.

Diqqətə çatdırılıb ki, investisiya proqramının icrası nəticəsində müəssisənin Xəzəryanı dövlətlər arasında ilk dəfə olaraq nohur, açıq su təchizatı sistemi və qapalı su çevrəsi əsasında fəaliyyət göstərən ixtisaslaşmış damazlıq təsərrüfatının yaradılmasına nail olunub.

Müəssisəyə 16 milyon manata yaxın vəsait yatırılıb, 90-dək yeni iş yeri yaradılaraq, işçilərin ümumi sayı 115 nəfərə çatdırılıb. Onların orta aylıq əməkhaqqı 600 manat təşkil edir.

Vurğulanıb ki, hazırda müəssisə tam özəl sahibkarlıq subyekti olduğundan “Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatı adlanır. Müəssisə 1 əsas və 2 yardımçı təsərrüfatdan ibarətdir.

Əsas təsərrüfat Neftçala rayonunun Yenikənd kəndində yerləşir və ümumi sahəsi 58,6 hektar təşkil edir. Təsərrüfat nohurlardan, qapalı su çevrəsi təchizatı sistemindən və müxtəlif hidrotexniki qurğulardan, o cümlədən sudurulducu sistemlərdən ibarətdir.

Hollandiyanın tanınmış şirkətlərindən biri tərəfindən qurulmuş qapalı su çevrəsi sistemi müxtəlif yaş qruplarına aid balıqların yetişdirilməsi üçün hovuzları, suyun tərkibini nəzarətdə saxlama sistemini və qurğularını özündə birləşdirir. Balıq saxlanılması, artırılması və yetişdirilməsi üçün 34 nohurun ümumi sahəsi 34 hektardır.

Təsərrüfatın “Dəniz sahili bölməsi”nin ümumi sahəsi 8 hektardır və Xəzər dənizinin sahilində, Nord-Ost qoltuq istiqamətində yerləşir. Təbii mühit şəraitinə uyğunluğu təmin etmək məqsədilə bu bölmə dəniz suyu ilə təchiz olunan və diametri 6 metr olan 12, diametri 9 metr olan 16 və diametri 20 metr olan 32 hovuzdan ibarətdir. Hazırda bu hovuzlarda müxtəlif yaş qruplarına aid ümumi kütləsi 61,7 ton olan nərə cinsli 18 min 400 balıq yetişdirilir.

Qeyd edilib ki, təsərrüfatda il ərzində 10 ton nərə cinsli balıq kürüsü, 200 ton nərə cinsli balıq əti, 100 ton əmtəəlik çəkikimi balıqların istehsal edilməsi nəzərdə tutulur. Nərəcinsli balıqların faktiki istehsalı 65 ton, kürü məhsulu isə 1,327 ton təşkil edir.

Bioloji müxtəlifliyin qorunması və nəsli kəsilməkdə olan balıq növlərinin bərpası məqsədilə 1 milyon ədəd nərəcinsli balıq körpəsinin artırılaraq, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Xəzər dənizinə buraxılması da layihədə yer alıb.

“Azerbaijan Fish Farm” MMC-nin Yenikənd Nərə Damazlıq Təsərrüfatı ilə bağlı layihənin icrası zamanı sosial yönümlü tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulub və bu tədbirlərin bir hissəsi artıq yerinə yetirilib. Belə ki, Yenikənd kəndi və Bankə qəsəbəsində yollar abadlaşdırılıb, su təchizatı sistemi qurulub, işıq və qaz təminatı bərpa edilib.

Təsərrüfatın yenidən qurulması zamanı bütün texniki-bioloji normativlərə və qaydalara riayət olunub. Mövcud yerli və beynəlxalq qanunvericilik çərçivəsində fəaliyyət göstərməsi üçün Ətraf mühit və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədi və Texniki-Bioloji Əsaslandırılma hazırlanıb, istehsal və satış üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “İSO- 22000” və “Halallıq” beynəlxalq sertifikatları alınıb.

Eyni zamanda, kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarət konvensiyası (CİTES) katibliyinin icazə kodu alınıb.

Qeyd edək ki, 2022-ci ildə təsərrüfatda ümumilikdə 2 milyon 101 min 468 manat dəyərində 50 min 731 ton balıq və balıq məhsulları istehsal olunub və satılıb.

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Neftçalada Heydər Əliyev Fondu tərəfindən inşa olunan 420 şagird yerlik Bankə qəsəbə 2 saylı tam orta məktəbin açılışında iştirak ediblər.

Mia.az xəbər verir ki,dövlətimizin başçısına və birinci xanıma məktəbdə yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, məktəbin binası 1960-cı ildə inşa olunub. Ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşdüyünə görə bu təhsil ocağı üçün yeni bina tikilib.

Beş korpusdan ibarət üçmərtəbəli məktəb binası zəruri mebel və avadanlıqlar, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.

Məktəb binasında 18 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası var.

Məktəbin həyətyanı sahəsi abadlaşdırılıb, yaşıllaşdırma işləri aparılıb.

***

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nefçaladan Salyan rayonuna səfər ediblər.

Mia.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Salyan şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

Mia.az xəbər verir ki, səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına və birinci xanıma Doğum Evində və Uşaq Poliklinikasında yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, xəstəxananın bina və qurğuları 3,94 hektar sahədə inşa edilib, tikililərin ümumi sahəsi 16 min 472 kvadratmetrdir.

Qeyd edilib ki, binada əsaslı təmir işlərinə 2019-cu ildə başlanılıb və 2022-ci ildə başa çatdırılıb.

Xəstəxana Doğum Evi, Uşaq Poliklinikası, Gigiyena və Epidemiologiya Mərkəzi, Yoluxucu xəstəliklər korpusu, Patoloji Anatomiya binası, digər tikili və qurğulardan ibarətdir.

Müalicə ocağı müasir tələblərə cavab verən Rəqəmsal stasionar ultrasəs müayinə cihazı, rentgen (vizioqraf ilə birlikdə) və rəqəmsal stasionar exokardioqraf cihazı ilə təchiz olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər mühüm işlər görülüb. Bu sahədə aparılan davamlı islahatlar sayəsində ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti və səviyyəsi də yüksəlib. Bu istiqamətdə görülən işlər vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib.

Mia.az xəbər verir ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, Salyan şəhərində yaradılan Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə dispetçer idarəetmə sistemi ilə aşağı gərginlikli şəbəkələr tərəfindən elektrik enerjisinin son istehlakçıyadək çatdırılması nəzarətdə saxlanılır. Eyni zamanda, 110, 35, 10-6 və 0,4 kV-luq şəbəkələrin real vaxt rejimində güc imkanlarının qiymətləndirilməsi, zəruri hallarda digər mənbələrə yönləndirilməsi və rəqəmsal hesabat sisteminin qurulması ilə abonent məmnunluğu təmin olunur.

Qeyd edilib ki, rayonun elektrik enerjisinə artan tələbatının qarşılanması, habelə fasiləsiz, dayanıqlı və etibarlı enerji təchizatının təmin edilməsi və həmin prosesin daimi nəzarətdə saxlanılması məqsədilə 110/35/10 kV-luq “Qaraqaşlı” və 110/35/6 kV-luq “Şorsulu”, 35/10 kV-luq 12, 35/6 kV-luq 14 və 35/0.4 kV-luq 12 yarımstansiyanın Rəqəmsal İdarəetmə Mərkəzinə inteqrasiya olunması həyata keçirilir.

Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzini işə salıb.

Diqqətə çatdırılıb ki, şəbəkələrin texniki parametrlərinin mütəmadi monitorinq edilməsi, o cümlədən qeyri-balans, texniki itki və ya qəza hallarında elektron xəritədə dərhal problemin yerinin koordinatları müəyyən edilir, SMS-xəbərdarlıq xidməti ilə “199 Çağrı Mərkəzi” və qəza xidmətlərinə məlumat ötürülür. Bununla da elektrik enerjisinin verilməsində yaranan fasilələrin qısa müddətdə aradan qaldırılması və istehlakçıların məmnunluğu təmin edilir.

Qeyd edək ki, ümumi qoyuluş gücü 40-50 MVt olan Salyan rayonunun paylayıcı şəbəkələri vasitəsilə 33 min 331 abonentə (31 min 182 əhali, 2 min 149 qeyri-əhali) xidmət göstərilir.

Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin dispetçer sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına malikdir.

Diqqətə çatdırılıb ki, gələcəkdə belə Rəqəmsal İdarəetmə mərkəzləri vasitəsilə bərpaolunan enerji mənbələrinin iş rejimlərinin izlənməsi də nəzərdə tutulur.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Salyanda “ASAN xidmət” Mərkəzinin açılışını edib.

Mia.az xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, Salyan regional “ASAN xidmət” Mərkəzi üçün ayrılan 2 hektar ərazidə inzibati bina, iki yerüstü avtomobil dayanacağı, kafe, konsert səhnəsi, dekorativ fəvvarə, istirahət və uşaq əyləncə meydanı yaradılıb. Mərkəzdə mediafasad quraşdırılıb.

Respublika üzrə sayca 25-ci olan Salyan regional “ASAN xidmət” Mərkəzində videomüşahidə kameraları, monitorlar, kompüterlər, printerlər, iki lift, iki eskalator, yanğınsöndürmə, mərkəzləşdirilmiş havalandırma və istilik sistemləri, çiller, generator, UPS, 22 ədəd “ASAN ödəniş” terminalı, elektron şikayət köşkü (Skype), iki elektron rəy sorğusu (exit poll) köşkü, Çağrı mərkəzinə zəng köşkü quraşdırılıb.

Əsasən Salyan, Neftçala, Biləsuvar, Şirvan rayonlarında qeydiyyatda olan ümumilikdə 426 min 600 vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək.

Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək.

Burada çalışacaq əməkdaşların ümumi sayı 205, könüllülərin sayı 45 nəfər nəzərdə tutulur.

Mərkəzdə üzərində xüsusi QR kodlar əks olunan məlumat tabloları yerləşdirilib. QR kodları oxudaraq asan.gov.az saytına keçid etməklə "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin, yashat.gov.az portalına keçid etməklə isə "YAŞAT" Fondunun fəaliyyəti barədə asanlıqla məlumat əldə etmək mümkündür.

Dövlətimizin başçısına innovativ yeniliklər - “Metaverse” platforması, “METASAN xidmət”, “Evə dönüş” layihəsi, “e-ASAN” avadanlığı, “Charge Box” elektrik qidalanma stansiyaları barədə də məlumat verilib.

Sonra Prezident İlham Əliyevə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının ilk yubiley medalı, həmçinin "ASAN xidmət" kollektivi adından qurumun 10 illiyinə həsr olunmuş və ABAD tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, son illərdə Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar xüsusi vurğulanmalıdır. "ASAN xidmət" mərkəzlərinin yaradılması da bu islahatların tərkib hissəsidir. Bu mərkəzlər dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

Hazırda Azərbaycanda 24 "ASAN xidmət” Mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.

Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox, “ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir.

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 8 milyon 640 mindən çox vətəndaşın 61 milyondan çox müraciəti daxil olub.

Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 faiz təşkil edir.

Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən 2 milyon 783 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.

Dövlət Agentliyi öz fəaliyyəti çərçivəsində 16 ölkə və 2 beynəlxalq təşkilatla müqavilə imzalayıb.

Həmçinin bir neçə ölkədən “ASAN xidmət” təcrübəsinin öz ölkələrində tətbiqi ilə əlaqədar müraciətlər daxil olub. Hazırda danışıqlar davam etdirilir.

img img img img img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq