Ukraynanı yenidən iğtişaşlar bürüdü, rəsmilər qarşıdurmanı əngəlləyə bilmirlər - SAVAŞ

img

07-04-2014 [19:50]



Krımdan sonra Ukrayna şərq vilayətlərində Rusiyanın yeni işğal planları ilə üz-üzədir. Aprelin 7-də Donetskdə vilayət administrasiyası binasını ələ keçirən rusiyayanlılar "Donetsk Xalq Respublikası” suveren dövlətini elan etdiklərini açıqlayıblar. Separatçılar Donetskinin Ukraynadan ayrılması üçün mayın 11-nə referendum təyin edib.

Bundan qısa zaman sonra Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Donetskə gəldiyi xəbəri yayılıb. Qeyd edək ki, Donetsk Yanukoviçin doğulduğu bölgədir. Maraqlıdır ki, Avromaydan hərəkatı zamanı bu bölgə Yanukoviçi deyil, müxalifəti dəstəkləmişdi. Avromaydan hərəkatı başlanan ərəfədə Yanukoviç Donetskdə bir neçə dəfə öz iqtidarına dəstək aksiyaları düzənləməyə çalışsa da buna nail ola bilməmişdi.

Rəsmi Kiyev Donetskə yaşananlar üçün Kremlin məsuliyyət daşıdığını bildirir. Ukraynanın yeni rəhbərliyində təmsil olunan bir neçə şəxs aprelin 7-dəkı açıqlamalarından Kremli Yanukoviçi alət edərək Ukraynaya təcavüz etməkdə ittiham edib.

***
Ukrayna Daxili İşlər Nazirliyinin Donetskdə dövlət əleyhinə tədbirlər haqqında açıqlamasında deyilir ki, faktla bağlı Ukrayna Cinayət Məcəlləsinin kütləvi iğtişaşlar törətmə maddəsi ilə cinayət işi qaldırılıb.

Donetsk və Luqanskdan sonra Xarkovda rusiyapərəstlər Avromaydan tərəfdarlarının mitinqini dağıdıb. Unian.net xəbər verir ki, şəhərin baş meydanı Azadlıqda tərəflər arasında qarşıdurma gün boyu davam edib.

Unian.net-in olay yerində olan müxbirinin verdiyi xəbərə görə, maskanmış, əllərində soyuq silahlar olan rusiyapərəstlər mitinqə Ukrayna bayrağı və herbi ilə çıxan Avromaydançıları döyüb. Onlarla şəxsin xəsarət aldığı deyilir.

Milisin müdaxiləsi qarşıdurmanın aradan qaldırılması üçün yetərli olmayıb. Asayiş keşikçilərinin bəzilərinin rusiyayanlıların tərəfinə keçdiyi bildirilir.

Bu arada milis vilayət administrasiyasının aprelin 6-da ələ keçirilən binasını rusiyayanlılardan təmizləyib. İğtişaşların təşkilatçılarından bir neçəsi həbs edilib. Milis binanın ətrafını çevrələyib, bütün dövlət qurumlarının binalarına nəzarəti gücləndirib.

Aprelin 7-də səhər saatlarında rusiyapərəstlərin mitinqinə əllərinsə SSRİ bayraqları olan yüzlərlə şəxs qoşulub. Yerli əhali bu şəxslərin Ukraynada pozuculuqla məşğul olmaq üçün Rusiyadan göndərildiyini bildirir.

Avromaydan fəalları vilayət administrasiyasının binasında milisin apardığı "təmizləmədən” sonra Azadlıq meydanında barrikadalar qurmağa başlayıb. Əhali əraziyə taxta parçaları, təkər daşıyır. Unian-net-in verdiyi xəbərə görə, vətəndaşlar rəsmi Kiyevi qətiyyətli addımlar atmağa çağırır.

***

Vilayət administrasiyasından çıxmağa məcbur olan rusiyayanlılar isə tələblərini davam etdirirlər, onlar Krımda olduğu kimi Xarkovda da referendum keçirilməsini tələb edir.

Bu arada vilayət administrasiyası binasının üzərindəki Rusiya bayrağı çıxarılıb, Ukrayna bayrağı öz yerinə sancılıb. Gün boyu Avromaydan fəallarının sıraları genişlənməkdə davam edib. Azadlıq meydanındakı aksiyaya əllərində "Biz konstitusiya tətərdarıyıq, separatizm keçməyəcək”, "Putin rədd ol”, "Xarkov Ukraynadır, Ukrayna olacaq”, "Yaşasın Ukrayna”, "Ukrayna vahiddir”, "Putin get” şüarları olan yüzlərlə Xarkov sakini qoşulub.

Günorta saatlarında hakimiyyət nümayəndələri ilə separatçılar arasında danışıqlar başlanıb. Separatçılar bildirib ki, vilayət administrasiyasının azad edilməsi zamanı həbs edilən təmsilçiləri azadlığa buraxılmasa onlar Rusiyadan əraziyə sülhməramlı qüvvə yeritmək xahiş edəcəklər.

Şərq vilayətlərində gərginlik Ukrayna milli valyutasının son 4 ayda ikinci güclü zərbə almasına səbəb olub. Aprelin 7-də səhər saatlarında 14 qrivnaya satılan 1 ABŞ dolları günorta 16.50 qrivnaya qədər yüksəlib.

Ukrayna Maliyyə Nazirliyi milli valyutanın ucuzlaşmasının qarşısını almaq üçün təcili tədbirlərə ehtiyac olduğunu açıqlayıb. Ukrayna Milli Bankının hökumətə göndərdiyi tədbirlər planında bildirilir ki, əgər qrivnanın sürətli ucuzlaşmasının qarşısı alınmasa, ən qısa zamanda Ukraynanın dövlət borcları 129 milyard qrivnaya çatacaq.

***
Aprelin 7-də Ukrayna daxili işlər naziri Arsen Avakov və baş nazirin birinci müavini Vitaliy Yaryoma Xarkov və Donetskə yola düşüb. Bu haqda Ukrayna telekanallarına müsahibə verən baş nazir Arseniy Yatsenyuk deyib ki, rəsmilər ölkənin şərq vilayətlərində iğtişaşların yatırılması üzrə tədbirlər planın şəxsən həyata keçirəcəklər: "Ötən axşam biz qarşıdurmaların aradan qaldırılması və günahkarların cəzalandırılması üçün sərt tədbirlər planı hazırlamışıq. Mən münaqişə bölgəsinə ezam olunan rəsmi şəxslərlə davamlı əlaqə saxlayıram, onlardan durumla bağlı anbaan informasiya alıram. Xarkovda artıq durumu nəzarət altına almaq mümkün olub. Yaxın saatlarda digər iğtişaş bölgələrində də qanuni hakimiyyətin bərpa olunacağına əminəm”.

***

Aprelin 7-də keçmiş baş nazir Yuliya Timoşenko da Donetskə gedib. Yulilya Timoşenko onu müşayiət edən müxbirlərlə söhbətində deyib ki, Donetsk, Xarkov və Luqanskda dövlət əleyhinə tədbirlərin ssenari müəllifi də, icraçısı da Rusiya xüsusi xidmət orqanlarıdır. Timoşenko Rusiya prezidenti Vladimir Putinə "əlini Ukraynadan çək” mesajı da göndərib. 

Aprelin 7-də Dnepropetrovskda milis şəhərdə kütləvi iğtişaşlara çağırış edən bir neçə şəxsi yaxalayıb. Şəhər Milis İdarəsi bu şəxslərin izinə sosial şəbəkələrdə düşə bilib. Saxlanan şəxslər haqqında Cinayət Məcəlləsinin dövlət hakimiyyətini dəyişmək məqsədi ilə kütləvi iğtişaşlar təşkil etmə maddəsi ilə cinayət işi başlanıb.

***

"Donetsk və Luqanskda separatçı aksiyalar Rusiyanın birbaşa dəstəyi, Rinat Axmetovla, deputat Aleksandr Yefremovun yardımı ilə həyata keçirilir”. Tijden.ua bu haqda xəbəri Donetskdəki qaynaqlardan aldığını bildirir. 

Agentlik yazır ki, separatçılar arasında Ukrayna xüsusi xidmət orqanlarının da xeyli əməkdaşı var. Aksiyaları Axmetovla Yefremovun adamları birbaşa nəzarətdə saxlayır. Yefremov ötən günkü açıqlamasında bildirmişdi ki, Luqanskda vətəndaşların etirazları kütləvi etiraz kimi deyil, onların öz iradələrini nümayiş etdirmələri kimi qəbul edilməlidir.

Ukraynanın ünlü qəzetçilərindən Sergey Leşenko ölkənin şərqində baş verən olayların Rinat Axmetovla Vladimir Putinin görüşündən qaynaqlandığını yazıb.

Aprelin 7-də Xarkov səmalarında iki qırıcı uçağın görünməsi əhalini təşvişə salıb. Xarkov üzərində bir neçə dəfə dövrə vuran qırıcılar Ukraynanın qərbinə doğru yönəlib. Ukrayna Daxili İşlər Nazirliyi vətəndaşların narahatlığını nəzərə alaraq telekanallar vasitəsilə açıqlama yaymaq məcburiyyətində qalıb. DİN-in regional media mərkəzi bildirib ki, qırıcılar martın 1-dən indiyə qədər davam edən hərbi təlimlər çərçivəsində qalxıb.

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA