Ukraynada yenidən ara qarışdı - VİDEO

img

07-04-2014 [14:19]


Ukraynanın şərqində, bir çox şəhərlərdə etnik ruslar yenidən fəallaşaraq kütləvi nümayişlər və piketlər keçirib. Xarkov şəhərində yüzlərlə Rusiya-yönümlü etirazçı hökumət binası qarşısında polisi daş atəşinə tutub. Bir etirazçı isə polisin diqqətindən yayınaraq, regional administrasiya binasının birinci mərtəbəsinə daxil olaraq Rusiya bayrağını dalğalandırmağa nail olub. 

Rusiya ilə sərhəddən 80 kilometr qərbdə yerləşən Donetsk şəhərində üzləri maskalanmış, daş və dəyənəklərlə silahlanmış böyük izdiham hökumət binasına hücum edərək, idarənin şüşələrini qırıb. Bir neçə yüz nəfərdən ibarət etirazçılar sonradan administrasiya binasının eyvanından edilən çıxışları dinləyib. Etirazçılar eyvandan "Donetsk Respublikası” yazısını asıb. Binanı ələ keçirmiş fəallar Krımda olduğu kimi Donetsk vilayətində Rusiyanın tərkibinə daxil olmağa dair referendumun keçirilməsini istədiklərini bəyan edib. "Associeted-Press"in jurnalistinin hadisə yerindən verdiyi məlumata görə, etirazçılar təhlükəsizlik qüvvələrinin binanı geri alma cəhdinə qarşı, giriş hissədə barikada qurmağa hazırlaşdıqlarını, xeyli sayda maşın təkəri topladıqlarını deyib.

Rusiya sərhədi yaxınlığında yerləşən digər Ukrayna şəhəri, Luqanskda da, oxşar hadisələr müşahidə olunub. Yüzlərlə insan təhlükəsizlik xidmətinin qərargah binasını mühasirəyə alıb. Polislə toqquşan etirazçılar binanı yumurta və daş atəşinə tutub, daha sonra bir qədər də çılğınlaşaraq, tüstülü pirotexnika və alışqan maddələrdən istifadə edib. Vaxtında edilən müdaxilə sayəsində yanğının qarşısı tezliklə alınıb. Qarşıdurma zamanı azı bir polisin və bir etirazçının yaralandığı bildirilir.

Ukraynanın şərq bölgəsi davamlı etirazlardan sonra fevralda Rusiyaya qaçmış sabiq prezident Viktor Yanukoviçin əsas dayaq nöqtəsi olub. Regionda yaşayanların yarıya qədəri etnik ruslardır və onları çoxu müvəqqəti hökumətin Rusiya əleyhinə olan millətçilərdən təşkil olunduğunu fikrindədir. Ukraynanın müvəqqəti hökuməti etnik rusların hüquqlarının pozulması ilə bağlı iddiaları rədd edərək, əksinə Moskvanı ölkədə qeyri-sabit vəziyyət yaratmaqda ittiham edir.

Hazırda bəzi müşahidəçilər Rusiyadan sonra Latviyanin da hədəf seçiləcəyi barədə ehtimallar irəli sürüb.


ans


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA