İlqar Altay: "Maydan hərəkatında başlıca məqsəd Putindən, Moskvadan, rus şovinizmindən qurtulmaq idi"

img

11-03-2014 [23:42]












- İlqar bəy, Rusiya ilə qonşu Ukrayna
arasında konflikt artıq təhlükəli savaş həddinə çatmaqdadır. Bizi maraqlandıran,
bir araşdırmaçı kimi, bu problemin səbəbləri və doğura biləcək nəticələri barədə
fikirlərinizdir. 
- Bu günkü Rusiya ilə Ukrayna arasındakı
qarşıdurmanı həm xalqlararası, həm də Moskva-Ukrayna, Kreml-Ukrayna, yəni
Rusiya siyasi elitası ilə Ukrayna xalqı savaşı kimi adlandırırlar. İstənilən
halda bu konflikt iki qonşu slavyan dövlət arasında ciddi problemə çevrilib.
Səbəblər
cox müxtəlifdir. Burada geosiyasi, iqtisadi, ictimai, milli-mənəvi və sair
problemlər mövcuddur. 
- Əsas səbəb nədir bunların içində? Hansı ki,
bütün başqalarını əlavə səbəblərə çevirə bilir. 
- SSRİ dağılandan bəri onsuz da zəifləmiş
Rus imperiyası ilbəil mövqelərini ititrir., Onun rəqibi Qərb isə heç bir qələbə
hüdudunda dayanmır, irəliləyir. Moskvanın öz bufer zonası hesab etdiyi
postsovet ölkələrini bir-bir onun təsir zonasından çıxarır. Ən vacib strateji
bufer olan Ukraynanı itirmək görünür, Moskvanın bərk qəzəbləndirib. Ancaq
bundan da əsas vacib səbəb Ukrayna və Rus xalqları arasındakı milli-mənəvi
tarixi problemdir. Bu iki slavyan xalqı arasında müəyyən köklü ziddiyyət
olmasaydı, bu xalqlar heç imkan verməzdilər ki, nə Qərb, nə Şərq nə də hansısa
qüvvə bu iki ölkəni qarşı-qarşıya qoya bilsin. 
- Maraqlıdır iki qonşu, oxşar və qardaş xalq arasında bu qədər dərin,
mental ziddiyyətin olmasını qeyd edirsiniz. İki qonşu türk və ya ərəb dövləti
arasında bu cür ciddi qarşıdurma yoxdur. 
- Bəli, maddi, ərazi problemindən də çətini
milli-mental mahiyyət daşıyan ziddiyyətdir, türkdilli dovlətlər arasında şükür
ki, bu yoxdur, olmayıb. Məsələ nədədir? Təsəvvür edin ki, oğul böyüyüb
atasından soyuqluqla ayrılıb. Bu azmış kimi, onu boyüdüb başa çatdıran atanı
saymır, hörmətsiz edir, üzünə qayıdır. Bu da azmış kimi, üstəlik atasını öz təsiri,
hegemonluğu altına salıb, öz köləsi etmək istəyir. Bu artıq dəhşətdir,
deyilmi!? Rusiya əslən Ukraynadan törəyən millətdir, yəni onun övladı sayılır.
Qədim Rusiyanın paytaxtı Kiyev olub. Monqollar qədim, möhtəşəm Kiyevi aylarla
mühasirə hesabına çətinliklə alan vaxt Moskva çay kənarında bir qəsəbə olub. O
qədər kiçik olub ki, monqol qoşunu əhəmiyyət verməyib böyründən keçib yuxarı
Novqorod şəhərinə doğru gedib. Bunlar danılmaz tarixdir. Ümumrusiya provaslav
kilsəsi, yəni baş keşiş Kiyevdə yerləşib. Neftin, qazın əhəmiyyət daşımadığı
dövrlərdə varlı qara torpaq Ukraynada olub, moskovitləri yedirdib, təmin edib.
Zaman keçib, moskva rusları inkişaf edib, Şərqə doğru gedib müxtəlif millətləri,
türk tayfalarını əsarətinə salıb, imperiya yaradıb. Bu da azmış kimi, özünün
törədiyi slavyan Ukrayna xalqını da hörmətsiz edərək öz kölə sferasına qatıb.
Özünə velikorus, Kiyev rusları ukrainləri isə malorus adlandırıb. Rus şovinizmi
Möhtəşəm qədim Kiyevi, Ukraynanı
"okrain” yəni, Rusiyanın bir kənarı, ukrainləri istehzalı "xoxol” adlandıib
kiçik yad millətlər sırasına qatdıb, əsrlərlə ruhən incik salıb. Bu hegemonçu
siyasət illərlə bütün rus xalqına aşılanıb. Ruslarda bu üstün, hegemon
tendensiya, ukrainlərdə isə daxili etiraz, yəni mental dərin ədavət bu gün də
qalır. Ona görə də bu gün rus baş bilən alimləri təəccüb qalıb bildirirlər ki,
Rusiya ukrainlərə doğru neft, qaz, sənaye və s. baxımdan ne qədər addım atsa da
ukrainlər onları sevmir ki, sevmir. İki xalq arasında ədavətin, dönməz
barışmazlığın kökü bürdadır. 
- Söylədiyinizdən belə çıxır ki, Kiyevdə
Maydan hərəkatı əslində Rusiyaya etiraz imiş? 
- Elədir ki, var. Maydan hərəkatında
xalqın basilica məqsədi Putindən, Moskvadan, Rus şovinizmindən qurtulmaq idi. Zəif
və özünü itirmiş Yanukoviçin hakimiyyət bandasından qurtulmaq ikinci, həm də çətin
olmayan məsələ idi. 
- Bəs Ukraynanın daxili işi sayılan Kiyevdəki
inqilabi proseslərə Moskvanın belə sərt reaksiyası nədən oldu? Nə üçün iki ölkə
arasındakı münasibət qısa müddətdə bu cür kəskinləşdi?
- Qərblə Rusiya arasında illərdir ki,
savaş gedir. Qərb illərdir ki, aram aram Rusiya ətrafı ölkələri onun təsir
dairəsindən
çıxarır. Bu həm də, birinci növbədə həmin ölkələrin xalqlarının azadlıq istəyidir.
Ukrayna Rus imperiyasının çöküşü üçün mühüm strateji əhəmiyyət kəsb edir. Qərb
strateqləri Ukrayna xalqının Rusiyadan olan dərin inciklik və narazılığını gözəl
bilir. Həm də xalqın Yanukoviç hakimiyyəti özbaşınalığından kəskin narazılığını
bilir. Bütün bunları bilərək, Qərb Putinin Soçi olimpiadasına, şöhrətə başının
qarışmasından yararlanıb narazı elektorata dəstək verdi. Prezident Yanukoviçin
də Maydan hadisələri zamanı uğursuz davranışı, Qərb və Rusiya arasında oynayıb,
guya balans saxlayıb yəni nala-mıxa vurması da öz rolunu oynamadı. 
- Yəni, imkanlar üst-üstə düşdü…
- Təbii ki, beləliklə, xalqın Avropa
yönlü qətiyyəti, Qərbin güclü fəaliyyəti və dəstəyi, Kremlin arxayınçılığı,
Yanukoviçin zəif qeyri-stabil durumu prosesləri nəzarətdən çıxarıb təbii yöndəmə
saldı. Rusiya ayılıb gördülər ki, Kiyev və neçə ildi ipi Putinin əlində olan
Yanukoviç hakimiyyəti əldən çıxıb, artıq
xalq hakimiyyəti götürüb. Ukraynanın itirilməsi təbii ki, Rusiya imperiyasının
sonunun başlanğıcıdır. Putin bunu bilir və onu dəhşət bürüyür. Onun kimi,
psixoloji baxımdan paranoya patalogiyalı insanlar əslində qorxaq və vahimələnən
olurlar. O yaxşı bilir ki, rus xalqını yalnız özünü güclü, qətiyyətli göstərib
qorxu yaratmaq hesabına idarə edib. Xalq onun qorxaq və zəif olduğunu, zəiflədiyini
bilsə, dərhal aşırar. Beləliklə şokdan çıxan kimi dərhal başladı cürətli, və qəti
addımlar atmağa. Yəni, heç olmasa görüntü xatirinə, Krım variantından istifadə
etməyə. Xalqa göstərsin ki, bax mənim əlimdən Ukraynanı aldılar, amma mən də
son anda cürət göstərib Krımı qopartdım, rus xalqı yayda Krım çimərliklərində
özünü rahat günə verə bilər. Bu qədər. 
- Səbəblərdən danışdıq. Sizin fikrinizcə bu
konfliktin nəticələri necə ola bilər. Çünki bütün region bu saat gərginlikdədir
bununla əlaqədar. 
- Düşünürəm ki, mövcud Rusiya-Ukrayna konflikti 3 istuqamətdə cərəyan
edə bilər. Amma bəri başdan deyim ki, hər 3-ü Rusiyanın, daha doğrusu onun
rəhbərliyinin
agır sarsıdıcı məğlubiyyəti ilə nəticələnəcək. Birincisi sülh variantıdır.
Putin hansısa danışıqlar adlıya, bəhanə ilə geri çəkilir, Krım Ukrayna tərkibində
qalır. Bu zaman Kremlin müharibə və qələbə ritorikası ilə həvəslənib qabağa
getmiş Ukrayna rusları, Rusiya şəhərlərində vətənpərvər mitinqləri keçirənlər,
müharibə qərarı vermiş Federasiya Şurası, Moskva Pravoslav Kilsəsi, müxtəlif
ictimai-siyasi xadimlər pis ofsayd vəziyyətində qalır. Putin rus xalqı və bütün
dünya qarşısında zəif və cılız vəziyyətdə qalır, neçə ildə qurduğu saxta imici
ifşa olunur. 
- Amma bunun əksi yəni
müharibə variantı da istisna deyil.
- Müharibə ikinci variantdır. Ukrayna həm ərazisinə, həm əhalisinə
görə böyuk dövlətdir. Xalqı da vuruşqandır, hərbi təcrübə keçmiş çoxlu
mütəxəssisləri
var. İndi keçən hər saat, hər dəqiqə ukrainlərin xeyrinə, onların dövlət və hərbi
cəhətdən möhkəmlənməsinə işləyir. İnqilaba qədərki dövrdən fərqli, yeni
hakimiyyət buna imkanlar açır və Avropadan təcili çoxlu kömək gəlir. Təbii ki,
insanlarda da vətənpərvərlik, müqavimət ruhu artır. Rus hərbisinə qarşı müxtəlif,
nizami ordu, partizan hərəkatı, diversiyalar və s. formada müqavimət başlayar.
Qardaş slavyan dövlətinə qarşı müharibə rus xalqınin, ictimai elitasının özündə
və ümumiyyətlə bütün dünyada pis qarşılanar. Bu lokal müharibə variantıdır.
Qlobal müharibədə, yəni Qərb də buna qoşulsa, qısa müddətdə Rusiya hərbi
obyektləri vurular və Rusiyanın sonu gələr. Putin və ətrafı bunu gözəl hiss
edir. Üçüncü variant isə, Krımın Ukraynadan alınmasıdır. 
- Bu yəqin ki, son variantdır və bu saat cərəyan 
edən hadisələr də buna doğru gedir. 
- Bu variantın da Moskva üçün xeyri yoxdur və nəticə etibarı ilə ziyanı olacaq.
İndiyədək Rusiya Azərbaycan üçün Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi
Osetiya, Moldovada Dnestryanı Respublika
yaradım nə xeyri olub? Bunlar bir siyasi və iqtisadi yükdür onsuz da imkanı zəif
olan Rusiya xalqı üçün. Həmin bölgələr özlərini himayəyə verib arxayınlaşir,
işləyib çalışmır, daima Rusiyadan hazır yardım gözləyirlər. Qərb və dünya
ictimaiyyəti isə bu beynəlxalq normalara zidd syasətindən istifadə edib
Rusiyanı müxtəlif sanksiyalarla boğur. Krım məsələsində bu sanksiyalar birə-beş
artacaq. Bu dəfə hətta Çin və İran kimi antiqərb dövlətlərin Rusiyaya dəstək
olmadığını gorsək, Putinin Lukaşenko və Nazarbayev kimi sıx müttəfiqlərinin
Rusiyanın mövqeyini müdafiə etmədiyini görsək Moskva bütün dünyada təcrid
vəziyyətinə
düşür. Sonda yenə uduzur. Variant kimi o da ola bilər ki, Qərblə Moskva
arasında razılaşmaya əsasən Krıma müstəqil dövlət statusu verilsin. 
- Bu da maraqlıdır və həm də gərginliyin
azaldılması üçün ağlabatandır doğrusu. 
- Beynəlxalq birliyin nəzarətində yaradıla biləcək bu yeni dövlət də cox
yəqin ki, sonradan Kırım türklərinin, ukrainlərin ixtiyarına keçəcək. Çünki
Rusiya Federasiyası çox keçmədən dağılacaq və Moskvanın Krıma təsiri sıfıra enəcək.
Bu variant krım türkləri üçün perspektivdə şans gətirə bilər yəni, tarixi dovlət
müstəqilliklərinin bərpası baxımından. 
- Rusiya prezidenti
vladimir Putinin şəxsiyyəti, onun enerji və bacarığı həm də qeyri-adekvatlığı
barədə çoxlu diskussiyalar var. Sizcə Putin düşüncəsi dünyanın 1 nömrəli
probleminə çevrilmış Ukayna dartışmasını sülh yönümündə həllinə imkasn verəcəkmi?
 - Cənab Putin fikrimcə, çox
böyük bir yükün altına girib. Düzdür, enerjili və bacarıqlı insandır. Amma onun
genetik beyin tutumu, yəni intellekt səviyyəsi uzağı "KQB”-nin idarə rəisi
postuna kifayət edərdi. Onu hakimiyyətin birinci adamı öz şəxsi potensialı yox,
əlverişli şərait edib. Bu mənada, Rusiya Feferasiyası kimi nahəng və ziddiyyətli
ölkəni, həm də çürüməkdə olan imperiya tör-töküntüsünü idarə etmək və həm də
diktator olaraq tək idarə etmək, özünü çox ağır bir yükün altına vermək deməkdir.
Böyük bir ölkədə hakimiyyət qollarını, iqtisadiyyatı, siyasəti, cəmiyyəti və hər
şeyi qatlayıb dizinin altına qoymaq həm ağır cavabdehlik yüküdür. Digər tərəfdənsə
qeyri-məhdud hakimiyyət, özbaşınalıq imkanları yaradır. Fitri istedad və
intellektə malik olmayan hər bir insan belə agır yükdən sarsıntıya, belə
hüdudsuz imkandan isə boşalmaya uğrayır. Nəticədə şəxsiyyətin deformasiya və
deqradasiyası baş verir. Hadisələrə, ətrafa, real həyata qeyri-adekvat
yanaşmalar baş verir. Məsələn RF prezidenti kimi ciddi bir postun sahibi 
deltaplanda uçur, özü də mütləq durnaların müşaiyəti ilə. 30 illik, iki böyük övladın anasını boşayır, özü də nümayişkaranə surətdə telekanallar, xalq və dünya
ictimaiyyəti qarşısında. Düşünürəm ki, bu cür zəif, dayanıqsız durumla Putin
beynəlxalq təcriddə olduğunu, öz hakimiyyət piramidasının söküldüyünü, xalqın
coşa biləcəyini duyub, imperiya ambisiyalarını kənara qoyub Qərbin tərəfdaşına
da çevrilə bilər. Çarəsiz qalıb hətta, RF-nın NATO-ya daxil olmasına imkan
yarada bilər. Bu hal isə, artıq Kreml imperiyasının sonu, xalqların azadlığı
deməkdir.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA