"Xaricdə bank hesabım yoxdu" - Yanukoviç danışdı

img

01-03-2014 [13:06]




Ukraynanın axtarışda olan keçmiş prezidenti Viktor Yanukoviç Kiyevi tərk etdikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı.

Hafta.az Yanukoviçin Rusiyada keçirdiyi mətbuat konfransından yadda qalanları təqdim edir.

 Yanukoviç Ukraynada böhran vəziyyətinin yaranmasında "Maydan” hərəkatının liderlərini, iştirakçılarını və Qərb ölkələrini günahlandırıb: "Ölkəmizi xaosa, fəlakətə sürükləyənlər hazırda hökuməti idarə edənlər və onlara dəstək olan "Maydançı”lardı. Həmçinin, Qərb ölkələri və ABŞ da "Maydan” hərəkatını dəstəkləməklə ölkədəki vəziyyətdən məsuliyyət daşıyır”.

Yanukoviç fevralın 21-i ölkə hakimiyyəti ilə müxalifət arasında imzalanan razılaşmanın tamamlanmadığını deyib. Buna görə Qərbi ittiham edib. O, Ukraynada zorakılıq aktlarının xüsusi orqanların birgə monitorinqi altında araşdırılmasına çağırış edib. 

 Yanukoviç Ukrayna hadisələrinə görə Rusiyadan yardım istəyib. Bundan əvvəl də çıxan xəbərlərə görə şəxsi təhlükəsizliyinin qorunması üçün Rusiya hakimiyyətinə müraciət edib. Yanukoviçin müraciətindən sonra təhlükəsizliyi təmin olunub. O qeyd edib ki, prezident Putinlə görüşməyib. Ancaq, onlar arasında telefon danışığı olub. Yanukoviçin dediyinə görə onlar daha çox iqtisadi məsələləri müzakirə ediblər. 

 Yanukoviç Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkoyla şəxsi ədavətinin olmadığını, onun fəaliyyəti müddətində Ukraynanın 20 milyon dollar itirdiyini qeyd edib: "Timoşenkoya heç vaxt pislik arzulamamışam. Onunla şəxsi ədavətim yoxdur. Ancaq, onun imzaladığı müqavilələr Ukraynaya 20 milyon zərər verdi. Bunu o özü yaxşı bilir”.

Yanukoviç əlavə etdi ki, Timoşenkonun siyasətdə qalması artıq Ukrayna xalqından asılıdır. 

 Yanukoviç Ukrayna xaricində bank hesabı və ya əmlakının olmadığını dedi : "Xarici ölkələrdə heç bir bank hesabı, əmlakım yoxdur. Həmişə gəlirimi ictimaiyyətə açıqlamışam”.

Yanukoviç Ali Radanı, Ukraynanın yeni hökumətini və onların qəbul etdiyi qanunları tanımadığını deyib :

"Ali Radanın impiçment qərarı sadəcə bir oyundur. Radanın qəbul etdiyi bütün qanunları tanımıram, mən heç bir qanun imzalamamışam. Ona görə də onların bütün qərarları qanunsuzdur”.

Yanukoviç bildirib ki, özü və ailəsinin təhlükəsizliyi təmin olunarsa Ukraynaya geri dönəcək: "Heç kim məni devirməyib. Şəxsi təhlükəsizliyimə görə Ukraynanı tərk etdim. Ailəmin və mənim təhlükəsizliyim təmin olunsa geri dönəcəm”.

Yanukoviç bildirib ki, Ukraynada hərbi əməliyyatlar keçirmək qəbuledilməzdir. Buna görə də Rusiyadan hərbi yardım almayacaq.

Krım hadisələrinə münasibət bildirərək qeyd edib ki, Ukrayna bölünməzdir. Krım da onun bir hissəsidi. 

Ukrayna parlamentini qeyri-leqal adlandıran Yanukoviç 25 may prezident seçkilərinin də qanunsuz olduğunu deyib. Buna görə də seçkilərdə iştirak etməyəcəyini deyən Yanukoviç özünü Ukraynanın qanuni prezidenti saydığını bir daha qeyd edib. 

Hafta.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA