Emin Əmrullayev məktəblərdəki nöqsanlardan danışdı, yeni mesajlar verdi

img

17-12-2021 [11:54]


"Ali təhsil müəssisələrində bəzi proqramlar həqiqətən də əsaslı şəkildə dəyişdirilməlidir".

Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, universitetlərdə tədrislə bağlı məzmunda daim dəyişikliklər olur, ali təhsil proqramları yenilənir və təkmilləşir: "Təbii ki, dövr dəyişdikcə həm yeni ixtisaslar, həm ixtisasların proqramları yaranır, həm də mövcud ixtisasların proqramları təkmilləşir. Düşünürəm ki, bu dəyişikliklərin olması da labüddür. Bəzi proqramlar həqiqətən də əsaslı dəyişikliklərə məruz qalmalıdır. Bu da həmin sahədəki mütəxəssislərin işidir. Təhsil Nazirliyi də ekspert komissiyalarının rəyi əsasında həmin proqramları təsdiq edir"/Report

Nazir jurnalistlərə açıqlamasında ölkədə 4000-dən çox məktəbin olduğunu, 150 min müəllimin çalışdığını, 1 milyon 600 min şagirdin təhsil aldığını xatırladaraq bildirib ki, çox milyonluq qrupda mütəmadi olaraq hər hansı bir neqativ hallar olur: "Təbii ki, istəməzdik belə faktlar olsun. Belə hadisələr olduqca da Təhsil Nazirliyi müvafiq araşdırmalar aparıb qanun çərçivəsində həmin hadisələrə qiymət verir. Açıq neqativ hallarla bağlı hər zaman nazirliyin mövqeyi eyni olub. Yəni həmin hadisələr sona qədər araşdırılıb".

Onun sözlərinə görə, sistemin böyük olması səbəbindən hansısa müəllim, direktor və ya valideyn, eləcə də şagirdlər arasında konfliktin yaranması qaçılmazdır: "Bunun qarşısını almaq təbii ki, bizim ideal arzumuzdur. Lakin real dünyada yaşayırıq və cəmiyyət də bizimlə birlikdə çalışmalıdır ki, belə hallar minimallaşsın və olmasın. Olduğu halda da Təhsil Nazirliyi mütəmadi olaraq müvafiq addımlar atır və hər il onlarla direktor işdən ayrılır, təhsil şöbə müdirlərinin müvafiq qaydada əmək müqavilələrinə xitam verilir".

E.Əmrullayev qeyd edib ki, bu davamlı prosesdir: "Burada söhbət 5-10 nəfərdən getmir. Nəzərə alsaq ki, 4 400-dən çox məktəbdən söhbət gedir. Hər direktorun da 3-4 müavini var. Məktəb kifayət qədər mürəkkəb və hər gün insanlar arasındakı ünsiyyətdən danışırıq. Mütləqdir ki, milyonlarla insanın ünsiyyətində müəyyən neqativlər ola bilər. Hər bir məsələ araşdırmalı və nəticəsi barədə də ictimaiyyətə geniş məlumat verilməlidir".

Mia.az

.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA