Şəhid əsgərimiz dəfn olundu: "Yaralıykən xalası oğluna zəng vurub, deyib ki..." - Təbriz İbrahimovun son sözləri + Üstündən çıxan əşyalar (FOTOLAR)

img

20-05-2021 [11:25]


Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İbrahimov Təbriz İsmayıl oğlu dəfn edilib.

Mia.az xəbər verir ki, o, II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində Salyan Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin rəsmiləri, şəhidin doğmaları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Allah rəhmət eləsin!

***

Şəhid hərbçi Təbriz İsmayıl oğlu İbrahimovun nəşi bu gün doğulduğu Salyan rayonunun Çadırlı kəndinə gətirilib.

Mia.az xəbər verir ki, şəhidin cənazəsinin önündə qurban kəsilib.

Şəhid sabah Bakıda II Fəxri xiyabanda dəfn olunacaq.

Allah rəhmət eləsin!

***

Sentyabr ayının 28-də Murov yüksəkliyində döyüş zamanı itikin düşmüş müddətdən artıq xidmət edən hərbi qulluqçu 29 yaşlı Təbriz İsmayıl oğlu İbrahimovun DNK analizinin nəticəsinə görə şəhid olduğu təsdiqini tapıb.

Mia.az xəbər verir ki, şəhidin nəşi yaxın saatlarda Salyan rayonunun Çadırlı kəndinə gətiriləcək..

Qeyd edək ki, Təbriz İsmayılov həmin gün sonuncu dəfə xalasıoğluna zəng vuraraq : "Mina partlayışı nəticəsində ayağından yaralandığını və Ağdağ adlanan postdan aşağı dərənin dibinə düşdüyünü” deyib. O bildirib ki, "bura neytral zonadır və yaxınlıqda erməni postu var, düşməni asanlıqla həm görürəm, həm də eşidirəm".

O, dərədə tək olmadığını, həmin yerdə şəhid və yaralıların olduğunu da deyib. Çox qan itirdiyinə görə halsızlaşdığını və neytral zonadan çıxmaq ümidinin olmadığını söyləyib. Bundan sonra Təbriz xalasıoğlundan halallıq istəyib və danışıq qəfil kəsilib. Yaxınları daha sonra onunla əlaqə qurmağa çalışsalar da zənglərə cavab verməyib…

Bir həftə əvvəl isə üzərindən tapılmış əşyalara görə Təbrizin olduğu nəş DNK analizinə təqdim edilmişdi. Ailəsinə bu gün verilən məlumata görə, nəşin Təbriz İsmayılova məxsus olduğu təsdiqini tapıb.

Qeyd edək ki, Təbriz İbrahimov 1992-ci ildə Salyan rayonunun Çadırlı kəndində doğulub. 2020-ci il sentyabrın 27-də Murovdağda gedən döyüşlərdə itkin düşüb.

Emil Məmmədov

***

Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətinin müəyyən edilməklə, doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Respublika Hərbi Prokurorluğundan Mia.az-a verilən məlumata görə, hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılması istiqamətində müntəzəm iş aparılır:  "Bundan əvvəl verilən məlumatlara əlavə olaraq bildirilir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilən əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik".

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA