Təhsil nazirindən tədrisin dayandırılması barədə yeni açıqlama: "Distant təhsil böyük stres və diskamfort yaradır"

img

08-04-2021 [09:51]


“Məktəblərdə əyani təhsilin dayandırılması ilə bağlı qərar tək sorğu əsasında deyil, elmi təhlillər, tədqiqatlar nəzərə alınmaqla verilib. Təbii ki, qərarvermə prosesində bütün istəkləri təmin etmək mümkün deyil”.

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, proqnozlara görə məktəblərdə yoluxma hallarının artması gözlənilirdi: “Məktəblər tədricən distant tədrisə keçirdi. Eyni zamanda davamiyyət məsələsi də gündəmə gəlirdi. Yoluxmalar artdıqca valideynlər övladlarını məktəbə göndərmirdi. Bütün bunlarla yanaşı, ictimaiyyətin də fikirlərini öyrənmək məqsədilə sorğu təşkil etdik. Bu da birmənalı qarşılanmadı. Bir qisim valideyn övladını məktəbə göndərmək istəsə də, çoxluq distant təhsilə keçilməsinin tərəfdarı idi. Ona görə də qərarın vaxtında qəbul edildiyini düşünürəm”.T

E.Əmrullayevin sözlərinə görə, növbəti həftələr ərzində əgər COVID-19-a yoluxma sayları aşağı düşərsə, Təhsil Nazirliyi əyani tədrisə qayıtmaq istəyən ən maraqlı tərəflərdən biri olacaq: “Gərək ictimaiyyət də vəziyyəti düzgün başa düşsün. Həm müəllimlərin, həm də yaşlı valideynlərin sağlamlığını qorumağı da düşünməliyik. Bəzi insanlar qərardan narazı qala bilər. Biz daha çox balanslaşdırılmış qərar qəbul etməliyik. Regionlarda ayrı-ayrı məktəblərdə yoluxma faktları olanda distant təhsilə keçirilir. Hər gün distant təhsilə keçən məktəblər olur.

“Distant təhsilin ailələr üçün böyük stres və diskamfort yaratdığını bilirəm. Bunu başa düşürük. Məncə cəmiyyətdə elə təəssürat yaranmamalıdır ki, Təhsil Nazirliyi bunu bilmir və yaxud bundan xəbəri yoxdur. Distant tədrisə pandemiyanın törəməsi kimi baxmalıyıq”.

Onun sözlərinə görə, bəzi problemlərin qısa müddətdə aradan qaldırılması real görünmür: “Bəzi qəsəbələrdə qısa müddətdə internetin təmin edilməsi obyektiv səbəblərdən mümkün deyil. Hər müəllimin distant dərsləri eyni keyfiyyətdə keçməsi kifayət qədər çətindir. Aparılan araşdırmalar göstərir ki, Azərbaycanın kənd yerlərində distant tədrisin problemləri özünü daha ciddi şəkildə büruzə verir. Ona görə də teledərslərdən istifadə olunur. Ailələrin rolu hazırda əvvəlkindən daha çoxdur. Əvvəlki dövrlə müqayisədə hazırda həm övladlarını psixoloji nöqteyi-nəzərdən dəstəkləməsi, həm də öyrətməsi baxımından valideynlərin rolu daha önəmlidir. Emosiyaları düzgün idarə etmək lazımdır”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA