Ceyhun Bayramov Əfqanistan prezidenti ilə görüşüb - Nələr müzakirə olunub? + FOTO

img

30-03-2021 [17:35]


Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən "Asiyanın ürəyi - İstanbul prosesi" 9-cu Nazirlər Konfransı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əfqanistan prezidenti Məhəmməd Əşrəf Qəni ilə görüşüb.

Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Əfqanistan prezidenti Azərbaycanı böyük Qələbə münasibətilə təbrik edərək, bu zəfərin beynəlxalq hüququn qalibiyyəti olduğunu vurğulayıb. Bu xüsusda, cənab Məhəmməd Əşrəf Qəni Azərbaycan Prezidenti cənab İlham Əliyevə xüsusi təbriklərini çatdırıb.

prezident cənab Məhəmməd Əşrəf Qəni Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törədilmiş dağıntıların miqyasından xəbərdar olduğunu və bunun təəssüf doğurduğunu qeyd edib.

Nazir Ceyhun Bayramov Əfqanistan prezidentinə təşəkkürünü bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və bərpa işlərindən bəhs edərək, yaxın gələcəkdə həyatın bu ərazilərə geri qayıdacağını vurğulayıb.

Tərəflər Azərbaycan və Əfqanistan arasında ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qeyd ediblər. ASAN xidmətinin Əfqanistanda fəaliyyətə başlaması və gələcəkdə bu xidmətin daha geniş sahələri əhatə etməsi niyyəti, ADA Universitetində gənc əfqan diplomatları üçün təlimlərin davam etdirilməsi, habelə Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA