Məlum olduğu kimi, 5 oktyabr – Beynəlxalq Müəllimlər günü respublikamızın hər yerində olduğu kimi, rayonunda da böyük təntənə ilə qeyd olunur.

Mia.az xəbər verir ki, bu münasibətlə Heydər Əliyev Mərkəzində keçirilən bayram tədbirini Lənkəran şəhər Təhsil şöbəsinin müdiri Şəhanə Əhmədova açaraq bütün müəllimləri bayram münasibəti ilə təbrik edib və son illərdə Lənkəranda təhsil sahəsində görülmüş işlərdən, yeni məktəb binalarının tikintisindən, təhsil sahəsində qazanılmış uğurlardan söhbət açıb.

Rayonun Tatova kənd məktəbinin müəllimi Araz Babayev, Lənkəran Dövlət Universitetinin müəllimi Gülbəniz Qədirova və başqaları tədbirdə çıxış edərək ürək sözlərini söyləyiblər.

Sonra təbrik üçün söz Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova verilib.

Rayonun təhsil işçilərini Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edən İcra başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə müəllim əməyinə həmişə yüksək qiymət vermiş, müəllimlərin sosial qayğılarını daim diqqət mərkəzində saxlamışdır:

"Ulu Öndərimizin siyasi kursunu böyük uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev də milli təhsilin inkişafına davamlı diqqət və qayğı göstərir. Cənab Prezidentin sərəncamları ilə respublikamızın bütün bölgələrində təhsilin maddi-texniki bazasının gücləndirilir, yeni təhsil müəsissələri tikilib ən müasir avadanlıqlarla təchiz olunub, istifadəyə verilib. Bacarıqlı pedoqoji kadrların hazırlığına diqqətin artırılıb. Bütün bu işlərdə  Heydər Əliyev Fondu tərəfindən də təhsilin inkişafına böyük diqqət yetirilir".

İcra başçısı sonra rayonda ictimai-siyasi həyatında müəllimlərin rolunu yüksək qiymətləndirərək təhsil müəssisələrində təlim-tərbiyə prosesinin keyfiyyətinin ilbəil yaxşılaşdığını söyləyib, növbəti illərdə bu uğurların daha da artırılmasını tövsiyə edib.

T.Qaraşov sonda gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup təhsil işçisinə ŞİH-nin və ŞTŞ-nin fəxri fərmanlarını və qiymətli hədiyyələrini təqdim edib.