"Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” Ictimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Regionlarda şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarının məşğulluğunun artırılması və işsizliyinin aradan qaldırılması” layihəsi çərçivəsində sonuncu tədbirini 30 sentyabr 2016-cı il tarixində Qusar rayon Gənclər Evində keçirmişdir. Bu barədə birlik.az saytına qurumun mətbuat xidmətindən məlumat daxil olub.
"Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək” Ictimai Birliyinin sədri-Layihə rəhbəri Məmmədhəsən Həsənov layihənin donoru, məqsədi haqqında məlumat verdi.
Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndəsi "Qarabağ Müharibəsi Əlilləri və Veteranları, Şəhid Ailələri” İctimai Birliyin sədri Canəli Hörmətov, Məşğulluq Mərkəzinin nümayəndəsi Mətləb Ərzimanov, Qarabağ Müharibəsi I qrup əlili Suliddin Qayımatov, Müharibə Veteranlarından Şəhriyar Həbibov, Teyfur Dostiyev və şəhid ailələrindən Sevda Sultanova, Nəhayət Mühürova iştirak etdilər.
Qusar rayon "Qarabağ Müharibəsi Əlilləri və Veteranları, Şəhid Ailələri” İctimai Birliyin sədri Canəli Hörmətov çıxış edərək, layihəyə uğurlar arzuladı və bildirdi ki, Qarabağ müharibəsi və şəhid ailələri Dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Əlillərimiz və onların övladları üçün Məşğulluq Mərkəzlərində kursların yaradılması çox vacibdir. Buna görə Məmmədhəsən müəllim Sizə minnətdaram ki, belə layihələri bölgələrdə həyata keçirirsiniz. Böyük Vətən Müharibəsi iştirakçılarının təhsili və işlə təmini dövlət tərəfindən öz öhdəliyinə götürülmüşdür. Hal-hazırda bu Qarabağ Müharibəsi iştirakçılarına da tədbiq olunsa, yaxşı olardı.
Layihənin eksperti Rəşad Həsənov təkliflər paketini bənd-bənd oxuyaraq, iştirakçılara izah etdi və onların təkliflərini dinləyib, gələcəkdə təklif paketi hazırlananda bu təkliflərdən istifadə olunacaqdır.
Yerindəcə Qarabağ əlili işlə müraciət edərək, "Gözətçi” vəzifəsində çalışmaq istədiyini bildirdi. Məşğulluq Mərkəzinin nümayəndəsi həmin şəxsin ərizəsini alaraq mərkəzə dəvət etdi.
Tədbirdə müvafiq qurumların nümayəndələri də sözü gedən layihəyə öz fikirlərini bildirdilər. Müharibə Veteranı və şəhid ailələrinin məşğulluğunun artırılması məqsədilə xüsusi diqqətin ayrılması vurğulandı. Məşğulluq Mərkəzinin nümayəndəsi Mətləb Ərzimanov həmçinin bildir ki, hansı kursların yaradılması ilə əlaqədar təkliflər verilərsə, həmin kursları yaratmağa hazırıq. Yetər ki, bu təbəqədən olan insanların istək və marağı olsun və bizə müraciət etsinlər. Daha hansı təkliflər olarsa dinləməyə hazırıq.
Tədbirin sonunda təkliflər paketinin ictimai müzakirəsi aparıldı. Təkliflər paketi Məşğulluq Mərkəzinin nümayəndəsinə təqdim edildi.
Tədbirdə kofe brek də verildi.