Martın 3-də 2026-cı ilin ilk Ay tutulması olacaq.
Mia.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Bildirilib ki, Ay tutulması saat 12:44-də başlayıb saat 18:23-də bitəcək. Tutulmanın makisumumu isə saat 11:33-də olacaq. Bu tutulma Tam Ay tutulmasıdır və Asiya, Avstraliya, Şimali Amerika və Cənubi Amerika, Arktika, Antarktida və Sakit, Atlantik, Hind okeanında müşahidə olunacaq. Azərbaycanda isə Ay üfüqdən aşağıda olduğu və sutkanın işıqlı vaxtına düşdüyü üçün tutulma hadisəsini izləmək mümkün olmayacaq.
Ay tutulması zamanı Yer Günəşlə Ay arasına düşür və Günəş işığının Ay səthinə birbaşa çatmasını məhdudlaşdırır. Bu zaman Yerin kölgəsi Ayın üzərinə düşür və Ay tutulması baş verir. Ay tutulmaları adətən Günəş tutulmalarından daha uzun çəkir, çünki Yerin kölgə sahəsi Ayın kölgəsindən daha böyükdür. Ay tutulması yalnız tam Ay fazasında baş verir. Tam Ay tutulması təxminən 105 dəqiqəyə qədər davam edə bilir. Günəş tutulmasından fərqli olaraq Ay tutulması Ayın üfüqdən yuxarıda olduğu hər yerdən müşahidə oluna bilər.
“Qanlı Ay” kimi bilinən hadisə də məhz tam Ay tutulması zamanı baş verir və Ayın rəngi qırmızı çalara boyanır. Bunun səbəbi tutulma zamanı Yer atmosferindən keçən Günəş şüalarının ancaq uzundalğalı hissəsinin Ayın səthinə çata bilməsidir ki, bu zaman qırmızı çalara bürünür.
Qeyd edək ki, Ay tutulması 3 cür olur. Belə ki, Tam Ay tutulması zamanı Ay tamamilə Yerin tam kölgəsinə keçdikdə müşahidə olunur. Qismən Ay tutulması zamanı isə Ay Yerin kölgəsinə qismən keçir. Yarımkölgəli Ay tutulmasında isə Ay ancaq Yerin yarımkölgəsinə daxil olduğu zaman baş verir. Bu zaman Ay bir az tündləşir ki, bu fərqi insan gözü ilə seçmək çətin olur.