Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində "bal bazarı" açılıb

img

08-11-2013 [10:27]


"Ömrümdə heç velosipedim də olmayıb, mənə "qaradskoy qai”dən məktub göndəriblər ki, bəs gəl, radara düşmüsən. Deyirəm ki, piyadalar da radara düşür? Cavab verir ki, sən gəl, aydınlaşdıraq”. 

Bu gülməli, həm də ağlamalı olay redaksiyamızın əməkdaşlarından birinin başına gəlib. Ümumiyyətlə isə son vaxtlar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində belə "çp”lər çoxalıb. Bakı Şəhər DYP-dən gələn məktubda heç zaman maşını olmayan, adına heç bir nəqliyyat vasitəsi sənədləşdirilməyən əməkdaşımızdan radara düşdüyünə görə cərimə ödəməsi tələb olunurdu! Uzun-uzadı sorğu-sualdan sonra məlum oldu ki, BŞDYPİ əməkdaşları səhv ediblər. Onların belə səhvlər buraxması haradasa başa düşüləndir. Amma dövlət yollardakı sürət və təhlükəsizlik rejimlərinə riayət olunması üçün hər il büdcədən milyonlarla vəsait ayırır. Bəs bu vəsait hara xərclənir? Niyə radarlardan daxil olan məlumatlara bu cür başdansovdu yanaşılır?

Bu günlərdə BŞDYPİ-də olan vəkillərdən biri bu qurumda baş verənlərlə bağlı maraqlı detallar açıqlayıb. Vəkil deyib ki, qurumdakı kabinetlərdə əsl bal bazarı açılıb: "Kabinetlərin əksəriyyəti ortadan pərdə və ya digər materialla bölünüb. Gedirsən, pulunu verirsən və balını sildirirsən. Əsl bal bazarıdır”.

Vəkil əməkdaşımıza deyib ki, bu proseslərə BŞDYPİ-də rəis müavinləri nəzarət edir: "Rəis müavinləri bu cür açıq bazara görə əsla narahat deyillər. Çox eybəcər, biabırçı vəziyyət hökm sürür orda”.

Son vaxtlar redaksiyamıza bu cür şikayətlərin daxilolması artıb. Ona görə də bu istiqamətdə ciddi araşdırmalara başlamışıq. Yaxın saylarda hamını heyrətə sala biləcək silsilə reportajlar dərc edəcəyik.

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA