Ali Məhkəmə 3 siyasətçi, 1 baş redaktorun şikayətinə baxacaq

img

24-10-2013 [14:32]


Ali Məhkəmənin 28 oktyabr plenumunda Avropa İnsan Hüquqları Məhkəməsinin müxalifətçilər Arif Hacılı, Sərdar Cəlaloğlu, Pənah Hüseyn və Rauf Arifoğlu haqda qərarına da baxılacaq.

Məlumatı "Media forum”a vəkil Fuad Ağayev verib. 2003-cü ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkisindən sonra həbs edilmiş Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, keçmiş baş nazir Pənah Hüseyn və "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediblər.

26 iyul 2011-ci ildə Avropa Məhkəməsi Arif Hacılı, Sərdar Cəlaloğlu, Pənah Hüseyn və Rauf Arifoğlunun məhkum olunmasını qanunsuz sayıb və onların məruz qaldığı ədalətsizliyə görə Azərbaycan dövlətini ümumilikdə 40 min avro cərimələyib. Qərara görə, Azərbaycan dövləti şikayətçilərin hər birinə 10 min avro maddi təzminat ödəməli idi. Müxalifətçilərə təzminat ödənilsə də, qərar özü yerinə yetirilməyib.

Fuad Ağayev deyib ki, təzminat ödənilməsi qərarın yerinə yetirilməsi demək deyil: "Avropa Məhkəməsinin qərarında konkret olaraq Azərbaycan məhkəmələrinin müxaliflər barəsində işi ədalətli araşdırmadığı müəyyən olunmuşdu. Göstərilmişdi ki, həmin işlərə yenidən baxılmalıdır. İki il keçib, dəfələrlə tələb etməyimizə baxmayaraq yalnız indi baxılacaq o məsələyə”.

Xatırladaq ki, Ali Məhkəmənin oktyabrın 28-də keçiriləcək plenumunun gündəliyində keçmiş səhiyyə naziri Əli İnsanovun da məsələsi var.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA