Azərbaycan polisinin 51 yaşlı döyüşçü xarakterli naziri...

img

02-07-2020 [09:21]


Elxan ŞÜKÜRLÜ,

"Strateq.az" saytının baş redaktoru

***

Ordu, polis və təhlükəsizlik orqanları (kəşfiyyat) tarixən bir dövləti düşmənlərindən qoruyacaq əsas hərbi təşkilatlar, ən mühüm işlək mexanizmlər sayılıb.

Ordunun vəzifəsi dövlətə xaricdən gələn təhlükəni dəf etmək olubsa, polisin də vəzifəsi “iç düşmən”dən qorunmaq, daxildən dövləti sarsıdacaq düşmən fəaliyyətlərin, cinayətkar qəsd və əməllərin önünü kəsmək, qarşısını almaq olub.

Bütün dövrlərdə təhlükəsizlik orqanının (kəşfiyyatın) vəzifəsi isə həm orduya, həm də polisə komanda verən əsas şəxsin – dövlət başçısının görən gözünə, eşidən qulağına çevrilməklə, onu zamanında gərəkli və doğru informasiya ilə təchiz etmək olub.

Çünki nə qədər ağıllı, müdrik rəhbər olursa olsun, aldığı qərarların qəbulu səhih informasiyaya söykənməzsə, demək ki, nəticə də mütləq yanlış olacaq və əleyhinə işləyəcək...

Bu səbəbdən, bir dövlət başçısı üçün “güc strukturları” adlandırılan kontingentin - ordunun, polisin və təhlükəsizlik xidmətinin (kəşfiyyatın) başında kimləri əyləşdirməsi, necə kadrları seçməsi həddən çox önəmli, həyati vacib məsələdir.

Hansı dövlət başçıları bunu bilib - işini də düzgün qurmağı bacarıb; hansı bilməyib – hakimiyyətinin və özünün ömrü çox qısa olub...

Heç uzağa geməyin – 1991-ci ildən bu yana Azərbaycandakı hakimiyyət dəyişikliklərinə, prezidentlərə qarşı təşkil edilmiş sui-qəsd və çevriliş cəhdlərinə baxın, hər şey sizə aydın olacaq.

İki dəfə hakimiyyətini yarımçıq buraxıb güvəndiyi Moskvaya qaçan ilk prezidentimiz Ayaz Mütəllibov da, komandasını idarə edə bilmədiyindən başını götürüb öz kəndinə sığınan ikinci prezidentimiz Əbülfəz Elçibəy də məhz güc strukturlarını vaxtında öz nəzarətlərinə ala bilməməyin qurbanı oldular...

Onlardan sonra hakimiyyətə gələn üçüncü prezident Heydər Əliyev isə özü güc strukturlarının yetirməsi olduğundan, bu qurumlar vasitəsi ilə dəfələrlə ona qarşı oynanılan oyunları zamanında çözə və çevriliş cəhdlərini önləyə bilməklə yanaşı, həm də onları şəxsi nəzarətində saxlamağı da məharətlə bacarmışdı. Təsadüfi deyil ki, onun zamanında bu qurumlara təyin etdiyi rəhbərlər, demək olar ki, heç dəyişmədi...

Elə dördüncü Prezident İlham Əliyev də 2003-cü ildə hakimiyyətə gəldikdən sonra ilk ciddi və əhəmiyyətli kadr dəyişikliyinə 2004-cü ildə MTN-dən başlamışdı – onu səhih informasiya ilə təchiz etmək üçün köhnə çekist Namiq Abbasovu çıxarıb, özünə yaxın saydığı Eldar Mahmudovu təhlükəsizlik naziri təyin etmişdi... Ancaq 11 ildən sonra aşkarlanmışdı ki, Mahmudov və dəstəsi ona göstərilən bu yüksək etimadı doğrultmaq əvəzinə, nankorluq edərək, başından böyük iddialara düşüb və elə bu iddiası ucbatından da ipini aparıb “yad əllərə” bağlayıb, ölkə sirlərini isə onlar üçün “depolamaq”la məşğul olub...

... Yəni, çox uzatmadan, bir daha o fikrin üzərinə qayıdırıq ki, istənilən dövlət başçısı üçün güc strukturlarını peşəkar, ancaq eyni zamanda özünə bağlı və sədaqətli şəxslərdən təşkil etmək son dərəcə vacib amildir və bu qurumlar “eksperimentlər”i sevmir...

Ancaq bu da acı bir gerçəklikdir ki, müstəqilliyimizi əldə etdiyimiz 1991-ci ildən bu yana, 29 il keçsə də, hələ də bir çox problemlərimizin əsas qaynağı “rus şineli”ndən çıxmış ölkəmizdə yeni hərbi-siyasi elita, o cümlədən güc strukturlarının rəhbərliyində milli kadr heyəti formalaşdıra bilməməyimizdir.

Qonşu Gürcüstan Respublikası Mixail Saakaşvilinin prezidentliyi dövründə, böyük itkilər hesabına olsa da, buna nail oldu deyə, xeyli uğura imza ata bildi və indi bu ölkə, necə deyərlər, sabit relslər üzərinə çıxmış qatar kimidir...

Ancaq çox təəssüf ki, SSRİ-dən aralandığımız son 29 ildə biz bu "yük"dən – SSRİ-nin mirası olan “sovet elitası”ndan qurtula bilmədik: istər dövlətin siyasi idarəetmə aparatında, ən yüksək eşelonlarında, istərsə də güc strukturlarında Rusiya xəttini, əzəmətli Kremli özünə daha doğma və yaxın bilən, təhsillərindən tutmuş karyeraları, biznes və şəxsi həyatları belə, Rusiyaya bağlanan, Rusiyanı hələ də “böyük qardaş” görən kadrların üstünlük təşkil etməsi təkcə Qarabağ məsələsində bizi zəif düşürmədi, həm də uzun müddət Azərbaycanın demokratik Qərb dünyasına inteqrasiyasına sədd çəkdi, ölkəni inkişafa götürəcək siyasi-iqtisadi islahatların önündə tıxac oldu...

... Xeyli zaman itirsək də, nə yaxşı ki, 2018-ci ilin 11 aprel seçkilərindən sonra Prezident İlham Əliyev, nəhayət, sürətli islahatlar, ciddi reformalar kursunu özünün dəyişməz prioritetləri elan etdi...

Sanki, yenidən ölkə qururmuş kimi, elan edilən bu islahatların bir əsas hədəfi də kritik situasiyalarda Kremldən gələn zəngləri Prezidentin göstərişlərindən üstün tutan həmin o “köhnə elita” olduğundan, onların aşkar müqavimət göstərəcəyi və bu zaman da nəzarətlərindəki mexanizmlərdən, xüsusilə də güc strukturlarındakı sabit əlaqələrindən yararlanacaqları aydın idi...

Ona görə də, dəfələrlə vurğuladığımız kimi, Prezident İlham Əliyev ötən ilin 20 iyununda gözlənilmədən köhnə komandanın təsir imkanlarının hədsiz geniş olduğu polis sistemində - Daxili İşlər Nazirliyində, eləcə də təhlükəsizlik orqanında əyləşsə də, daha böyük qurum sayılan DİN-ə gəlmək həvəsiylə yaşayan DTX-nin polis rəhbərliyində qəfildən dəyişiklik etmək, necə deyərlər, bu iki mühüm güc strukturunu birbaşa öz nəzarətinə almaq və aralarındakı ənənəvi rəqabətə də son qoymaq qərarı verdi...

... İndi dönüb 2019-cu ilin 20 iyun dəyişikliyindən ötən bu 377 gün aralığındakı zamana baxdıqda, Azərbaycan polisində gözlə görünən dəyişikliyin təkcə iki nazirin yaş və boy ölçüsündəki fərqdə deyil, bütün DİN sistemində öz əksini necə tapdığını daha aydın müşahidə edə bilirik.

Hələ bu dəyişikliklərin nələrdən ibarət olduğuna keçməzdən qabaq, təkrar 1 il əvvələ qayıdaraq, bir daha xatırladaq ki, Azərbaycanın ən uzunömürlü Daxili İşlər naziri (25 il!) olmuş və artıq yetkin siyasətçi xarakteriylə diqqət çəkən 71 yaşlı Ramil Usubovun yerinə Azərbaycanın milli polis məktəbinin məzunu olan 51 yaşlı döyüşçü xarakterli Vilayət Eyvazovun nazir təyin edilməsi o vaxt nə qədər gözlənilən olsa da, həm də “köhnələr” üçün bir o qədər gözlənilməz olmuşdu. Çünki bu yerə “köhnələr”in öz namizədləri vardı və onlar üçün illərlə hakim komandada “hamıyla yola gedən, heç kimi incitmək istəməyən” Usubovdan sonra bu postun “hamıya qarşı savaş aça biləcək” Eyvazov xarakterdə birinə keçməsini qətiyyən arzulamırdılar...

Elə Prezident İlham Əliyev də “köhnələr”in istəmədiyi, arzulamadığı variantın üzərində durdu: çünki yeni nazir həm bütün fəaliyyəti birbaşa əhalinin gözləri önündə olan polisin, DİN-in özündə fundamental islahatlar aparmalı, onu Prezidentin reformist siyasətinə uyğunlaşdırmalı, həm də oliqarxiyadan məsafəli davranaraq, onların DİN strukturlarına və hakimiyyətin islahat siyasətinə müdaxiləsinin qarşısını almalıydı...

Prezidentin hesablamalarında isə bütün bunlara ən uyğun gələn bircə ad vardı – general Vilayət Eyvazov: əvvəla, Eyvazov hansısa başqa bir ölkənin deyil, Azərbaycan Milli Polis Akademiyasının fərqlənmə diplomlu məzunu idi və  üstəlik, onu yüksəldən, pillə-pillə irəli çəkərək general zirvəsinə ucaldan da başqası yox, elə məhz İlham Əliyevin özü olmuşdu... Səbəbsə aydın idi: gənc Əliyev üçün ən kritik anda - 2003-cü ilin 15 oktyabr seçkilərində DİN sistemində bir çox generallar əlaltdan “birdən olmadı belə” ehtimalıyla müxalif düşərgə ilə də “eloğlular” vasitəsiylə körpülər qurmağa çalışdığı vaxt, “Azadlıq” meydanında 35 yaşlı zabit Eyvazovun tapançasından havaya açılan atəş təkcə siyasi ab-havanı yox, elə onların bu tərəddüdlü mövqelərini də dəyişmiş, qətiləşdirmiş, səfərbər edərək sonrakı günlərə planlaşdırılanları heçə-puça çıxarmışdı... Necə deyərlər, gənc Eyvazov gənc Əliyev üçün ən kritik dönəmdəki sədaqət və cəsarət imtahanını da fərqlənmə ilə başa vurmuşdu... Buna görə də 2005-ci ildə DİN “Hacı Məmmədov olayı”nda laxladılan vaxt Prezident İlham Əliyev Eyvazova daha böyük etimad göstərərək, onu əvvəlcə Daxili İşlər nazirinin müavini, daha sonrakı illərdə də nazirin birinci müavin vəzifəsinə irəli çəkmişdi...

Polis sistemiylə az-çox maraqlanan şəxslər yaxşı bilirlər ki, müavin olduğu illərdə Usubov kimi peşəkarın yanında bişən, yetişən və daim öz üzərində çalışan Eyvazov birinci müavin olduğu dövrdə DİN-də elə nazir Usubovun özü qədər avtoritetə çevrilməyi bacarmışdı. Onu hamıdan fərqləndirən, seçdirənsə təkcə uca boyu, şux qaməti, insanlarda müsbət emosiya yaradan aydın siması yox, həm də və ən əsası, daim öz üzərində çalışması, tələbkarlığı, işgüzarlığı və geriçəkilməz xarakterə sahib olması - cəsarəti və qətiyyəti idi...

Şübhəsiz, bu xarakteri Eyvazova təkcə cinayət aləmində yox, elə qoruduğu hakimiyyətin öz içərisində də xeyli düşmənlər qazandırıb. Hələ də milli polis məktəbimizin məzunlarına yuxarıdan aşağı baxmağa adət etmiş “sovet milisləri”, onun yerinə göz dikənlər, o postda bircə gün də olsa oturmaq arzusuyla alışıb-yananlar Eyvazovun bu sürətli yüksəlişini həzm edə bilmirlər, uğuruna sevinmək, kömək etmək əvəzinə, ayağının altını eşir, marığa yatıb həsrətlə gözləyirlər ki, görək, Eyvzov harda səhv edəcək, harda büdrəyəcək...?

Biz bunun açıq işartılarını ötən ay Yasamal hadisəsi zamanı daha aydın müşahidə etdik: başına zibil yağdırılan polisin öz şərəfini qorumaq üçün keçirdiyi əməliyyat tədbirini qəsdən elə polisin öz içindəki köstəbəklər və oliqarxiyanın sosial şəbəkələrdə müxalifət çətiri altında bəslədiyi adamlar vasitəsi ilə elə bir “antixalq” tədbirinə çevirməyə çalışdılar ki, sanki, Eyvazov çevrilişə hazırlaşırmış, bunlar yığışıb qarşısını alıblar! Unuduldu ki, axı təkcə qəfil gələn bu pandemiya dövründə - mart ayından bu yana, 4 aydır gecəsini-gündüzünə qatan,  istirahətin nə olduğunu bilməyən, az qala, Nazirlər Kabinetinin qəbul etdiyi bütün qərarlarının icrasının da həvalə edildiyi və və həvalə edilən tapşırıqları da qüsursuz yerinə yetirən bir mexanizmin başında duran da elə həmin tənqid etdikləri Eyvazovdur! (Yeri gəlmişkən, son 1 ildə blogger adıyla xaricdən yönləndirilən şəxslərin söyüş hədəfində də yalnız Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və bir də Daxili İşlər naziri Vilayət Eyvazovun adlarının olması az şey demir).

Əlbəttə, 25 ildir eyni qaydada işləməyə alışmış bir sistemi 1 ilin içərisində büsbütün dəyişmək çox çətindir. Xüsusən də dəyişiklik köhnə oliqarxiyanın dərin kök atdığı silahlı qurumları əhatə edirsə, bu, daha çətin və həddən artıq risklidir.

Bununla belə, Eyvazovun 1 ildə, az qala, DİN-də 10 illik məsafə qət etdiyini isbat edəcək 3 mühüm dəyişikliyin mahiyyətinə diqqət çəkməklə, onun nələrə nail ola bildiyi mütləq şəkildə cəmiyyətə çatdırılmalıdır:

Birincisi, 2019-cu ilin 20 iyunundan – Vilayət Eyvazovun nazir təyinatından sonra, DİN-də təqaüd yaşları çatmış generalların və yüksək rütbəli zabitlərin öz şəxsi əlaqələrindən istifadə edərək, xidmət müddətlərini artırmaq ənənəsinə son qoyulub!

Məlumatı olmayanlar üçün deyək ki, bu, əslində DİN sistemində inqilabi yeniliklərdən biridir. Çünki bu yenilik imkan verir ki, DİN-in mühüm baş idarə, idarə və digər xidmət rəisləri postlarını illərlə tutaraq, vəzifəsindən getmək istəməyən və beləliklə də, milli zabit heyətinin önə çıxmasının qarşısını kəsən “yekəqarın sovet milisləri”ni, nəhayət, sistemdən təmizləmək mümkün olsun.

Deməli, təkcə bu qaydanın tətbiqiylə biz çox yaxın gələcəkdə onu müşahidə edəcəyik ki, polis sistemində xeyli general sakitcə öz postuyla vidalaşmalı olacaq, xeyli gəns zabitlərimiz də onların yerini tuta biləcək, bir növ, sistemdə nəsil dəyişməsi baş verəcək.

İkincisi, Eyvazovun 1 illik fəaliyyəti dövründə nail olduğu başqa bir mühüm dəyişiklik aparıcı vəzifələrə, xüsusən də rəis heyətinə təyinatlarda əvvəlki ənənə və qaydalardan kökündən imtina olunması, polisin “YAP-çı zadəganlar klubu”na çevrilməsinin qarşısının alınmasıdır...

Məlumatı olanlar bilir ki, yazılmamış qaydalara görə, DİN-in aparıcı vəzifələrinə, xüsusən də rayon idarə və bölmələrinə əvvəllər daha çox dövlətin başqa strukturlarında yüksək post tutan şəxslərin, o cümlədən oliqarxların övladları, yaxın qohumları təyin edilirdisə və bu da hakimiyyəti qorumaqda “zadəgan müdafiəsi” siyasətiylə əsaslandırılırdısa, indi meyar dəyişilib: mühüm vəzifələrə təyinatda yalnız savad, intellekt və yüksək peşəkarlıq əsas götürülür. Yanaşma da budur ki, polis “yeni zadəganlar klubu” yox, xalqa və dövlətə xidmət strukturudur, oliqarxiyanın deyil, xalqının, dövlətinin maraqlarının keşiyində durmaq onun vəzifə borcudur və xalqla polis arasına da qətiyyən sədd çəkmək olmaz!

Üçüncü, daha bir mühüm dəyişiklik isə polisdə rüşvət və korrupsiya ocaqları kimi tanınan ünvanların tədricən, mərhələ-mərhələ bağlanması, ciddi struktur islahatlarına gedilməsi, rüşvət və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün sərt daxili təhqiqatın və məxfi əməliyyatların hazırlanıb həyata keçirilməsi işinə başlanılmasıdır. Polisin nüfuzuna xələl gəlməməsi üçün ictimaiyyətə geniş məlumat verilməsə də, bildirildiyinə görə, yeni nazirin birbaşa göstərişiylə DİN-in aidiyyəti idarələri rüşvətə meylli xeyli sayda polis əməkdaşını daxili əməliyyat tədbirləri yoluyla ifşa edərək, ya cəzalandırıb, ya xidmətdən xaric edib...

Əlbəttə, bütün bunlar cəmisi bir il içərisində bizim bildiyimiz və ötəri sadladığımız işlər - atılan sağlam təməllər, qurulan sarsılmaz bünövrələrdir. Bununla belə, qarşıda nazir Vilayət Eyvazovu polis sistemində islahatların ən ağır və ən çətin mərhələsinin – dövləti içdən yeyən oliqarxiya ilə toqquşmanın gözlədiyi də aydındır.

İnşallah, ümid edək ki, Azərbaycan polisi öz içində başladığı bu yenilənməni uğurla tamamlayaraq, ölkənin əsas probleminin – Dağlıq Qarabağ məsələsinin milli maraqlarımıza uyğun həlli prosesində də Ordumuz və təhlükəsizlik orqanlarımızla yanaşı, öz həlledici sözünü deyəcək!

Sabah – 2 iyul Azərbaycan Polisinin yaranamasının növbəti ildönümüdür, dostlar. Gəlin, biz də ölkənin həm çölündəki, həm də içindəki düşmənlərin acığına, islahatlar yoluna qədəm qoymuş Azərbaycan polisinə həqiqi dəstək nümayiş etdirək, bu çətin günlərdə onlara sevgimizi, sayğımızı ifadə etməklə, əsl bayram ovqatı yaşadaq!

Bayramın mübarək, Azərbaycan Polisi! Qarabağda keşik çəkəcəyin, ictimai asayişi təmin edəcəyin günü səbrsizliklə gözləyirik!

Strateq.az

Digər xəbərlər
SON XƏBƏRLƏR