AMEA-nın müxbir üzvü vəfat edib

img

18-06-2020 [16:35]


Tanınmış kimyaçı alim, Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Ziyafəddin Həmid oğlu Əsədov iyunun 18-də 70 yaşında vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə AMEA-nın rəsmi səhifəsi məlumat yayıb. 

Xatırladaq ki, bir neçə gün əvvəl mətbuatda Z.Əsədovun koronavirusa yoluxması barədə məlumat yayılmışdı. 

Qeyd edək ki, Ziyafəddin Əsədov 1950-ci il iyulun 19-da Bakı şəhərində anadan olub. O, 1967-ci ildə Bakı şəhərindəki 39 saylı orta məktəbi gümüş medalla bitirmiş və həmin il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya-texnologiya fakültəsinə qəbul olub. 1972-ci ildə ali təhsilini başa vurduqdan sonra alim təyinatla Azərbaycan Elmlər Akademiyası Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda işə başlayıb.

O, 1973-1976-cı illərdə SSRİ EA A.V.Topçiyev adına Neft-Kimya Sintezi İnstitutunda aspirantura təhsili keçmiş, 1979-cu namizədlik, 1992-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib. Z.Əsədov 2003-cü ildə professor elmi adını alıb, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Alim 1976-2002-ci illərdə Neft-Kimya Prosesləri İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmış, 2002-ci ildə yeni yaradılmış Səthi-aktiv reagentlər və preparatlar laboratoriyasına müdir təyin olunmuşdur.

Onun əsas elmi fəaliyyət istiqamətləri neft sənayesində tətbiqi nəzərdə tutulmuş yeni yüksək səmərəli səthi-aktiv maddələrin, o cümlədən oliqomer və polimer təbiətli reagentlərin sintezi və tədqiqi olmuşdur. Alimin rəhbərliyi altında bir neçə qiymətli tətbiqi xassələrə malik olan yeraltı laylardan nefti sıxışdırıb çıxaran, neft və qaz quyularının qazılması zamanı qazma məhlullarının fiziki-mexaniki göstəricilərini stabilləşdirən reagentlər, eləcə də su hövzələri səthindən ekoloji zərərli nazik neft təbəqələrini kənar edən neftyığıcı və dispersləyici birləşmələr, benzinin statik saxlanma zamanı buxarlanma itkilərini azaldan SAM-lar alınmış və tədqiq edilmişdir.

Kimyaçı alim 475 elmi əsərin, o cümlədən 10 monoqrafiya və dərs vəsaiti (kitablardan 4-ü ingilis dilindədir), 10 ixtira, 150-dən artıq xaricdə dərc olunmuş məqalənin müəllifi idi. Onun elmi rəhbərliyi ilə 6 elmlər doktoru və 4 fəlsəfə doktoru dissertasiyaları müdafiə olunmuşdur.

Z.Əsədov 2002-ci ildə Amerika Bioqrafiya İnstitutunun qızıl medalına, 2004-cü ildə Kembric (Böyük Britaniya) Beynəlxalq Bioqrafiya Mərkəzinin gümüş medalına, 2009-cu ildə Azərbaycan Respublikasının “Tərəqqi” medalına layiq görülmüşdür. Alim 2010-cu ildə AMEA Rəyasət Heyətinin Fəxri fərmanı, 2015-ci ildə AMEA Kimya Elmləri Bölməsinin Fəxri fərmanı, 2002-ci ildə “Xəzər” Universitetinin və 2018-ci ildə Bakı Ali Neft Məktəbinin Fəxri fərmanları, 2014-cü ildə isə AMEA-nın Nizami Gəncəvi adına medalı ilə təltif edilmişdir.

O, 1998-ci ildən Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının Kimya elmləri üzrə ekspert şurasının üzvü, elmi katibi və sədri olmuş, 2020-ci ildən isə şözügedən şuranın sədr müavini kimi fəaliyyət göstərib.

Alim pedaqoji fəaliyyətlə də məşğul olmuş, 1993-2014-cü illərdə “Xəzər” Univeristetində, 2006-2010-cu illərdə Bakı Dövlət Universitetində professor kimi mühazirələr oxumuşdur. 2013-cü ildən Bakı Ali Neft Məktəbində əvəzçiliklə professor vəzifəsində ingilis dilində mühazirə dərsləri aparıb.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA