"Şəkillə savaş aparmaq mübarizə üsulu deyil" - Zəngilanlı jurnalistdən rəqibinə və məmurlara mesaj + FOTOLAR

img

27-01-2020 [14:06]


125 saylı Zəngilan- Qubadlı seçki dairəsindən parlament seçkilərinə namizəd Afət Telman qızı Məhərrəmovanın (Afət Telmanqızı) “Yeni Sabah”a müsahibə verib.

Mia.az onun müsahibəsini təqdim edir: 

- Hazırda təbliğat-təşviqat kampaniyanız necə gedir? Hansısa problemlərlə qarşılaşırsınızmı?

- Bildiyiniz kimi, təbliğat-təşviqat kampaniyası ayın 17-dən başlanıb. Təvazökarlıqdan bir az uzaq olar, amma mən aktiv şəkildə bu kampaniyanı aparıram. Çalışıram ki, bütün seçicilərimlə ünsiyyət saxlayım, onlarla maksimum çox görüşüm olsun, problemlərini dinləyim. 

Ən əsası da mənim problemim nədir? Bizdə seçicilər dağınıq şəkildədir. Zəngilan-Qubadlı dairəsindən namizədliyimi vermişəm və burada yaşayan seçicilər məsafə baxımından dağınıq şəkildədir. Təsəvvür edin, Sumqayıtdan Gəncəyə, Mərdəkandan Sabirabada... 

Yəni, məcburi köçkünlər müxtəlif yerlərdə məskunlaşıblar, kompakt şəkildə yerləşməyiblər. Buna görə də mən bir az o problemlərlə qarşılaşıram. Elə yerlər var ki, orada bir ailə var. Ancaq o mənim üçün fərq etmir ki, bir ailədir, iki ailədir və ya bir nəfərdir. Çalışıram ki, hər kəsin yanına gedim, hər kəslə görüşüm. 

Sabirabadda artıq neçə vaxtdır ki, Zəngilan qəsəbəsi salınıb. Hacıqabulda Nəvai stansiyasında məcburi köçkünlərin kompakt yaşadığı ərazi var, Şirvanda məcburi köçkünlər üçün yeni binalar təşkil olunub. Mən ora gedib seçicilərlə görüşəndə elə ərəfəyə düşdüm ki, orada artıq dövlət tərəfindən tikilən binalara məcburi köçkünlərin köçü başlamışdı. Həm də xoş bir təsadüf idi ki, mən elə bir vaxt da gəlib onlarla görüşdüm. 

Sonra Sabirabadda bir qəsəbə var, orada da qarış-qarış gəzdim. Elə yerlər var ki, seçicilər kompakt yerləşməyiblər. Həmin yerlərə mən qapı-qapı gedirəm, onlarla görüşürəm. Ən çox da məcburi köçkünlərin məskunlaşdığı yataqxanalar mövcuddur. Həmin insanlar yataqxanalardan mərhələli şəkildə köçürülür, mənzillə təmin olunurlar. Yəni, məcburi köçkünlərin yaşadığı yerlərdə də oluram, bir ailənin yaşadığı yerə də gedirəm. Bunu özüm üçün böyük problem saymıram, onların gedib qapılarını döyürəm. 

Çətinliyim bir məsələdə olmur ki, onlar jurnalist olduğum üçün məni tanıyırlar. Xoş qarşılayırlar, səmimi qarşılayırlar. Seçicilərdə seçkiyə getməmək istəyini daha çox görürəm. Onlar elə fikirləşirlər ki, bu seçkilər nəyi dəyişəcək? Mən seçicilərimlə görüşlərimdə bir fikri onlara aşılayıram: Çalışın ki, seçkilərdə aktiv iştirak edin. Yəni, istəyirəm ki, “seçkilərə getmirəm” anlayışının üstündən xətt çəkilsin. Onların problemlərini də dinləyirik. 

Yenə deyim, jurnalist olduğum üçün onlar əvvəlki dönəmləri də xatırlayırlar. “Siz jurnalist olan zamanı da həmişə xalqın yanında olmusunuz, xalqın sözünü demisiniz, problemlərini işıqlandırmısınız”, deyirlər. Yəni, bu cür ünsiyyət mənə xoş olur. Təbliğat-təşviqatın sonuncu gününə qədər mən onlarla görüşəcəyəm. Yəni, mənə məsafənin heç bir fərqi yoxdur. 

Dünən Sumqayıtda görüşlərim keçirildi. Çalışacağam ki, bir neçə dəfə yenə Sumqayıtda olum. Hələ ki, xüsusi hörmət və sevgiylə qarşılaşmışam. Elə böyük problemlə qarşılaşdığım olmayıb. Bu mənə stimul, motivasiya verir, bütün işlərimdə qələbəyə daha da yaxınlaşdırır. 

Bəzi yerlərdə nümayəndələr tərəfindən yapışdırılan şəkillər cırılırdı. O ərazilərə də təkrar monitorinq olunur. Nümayəndələrim gedib həmin ərazilərdə monitorinq edir, şəkillər cırılıbsa, yenidən yapışdırılır. Amma mən fikirləşirəm ki, bu düzgün deyil. Şəkilin  cırılması, şəkillə savaş aparmaq mübarizə üsulu deyil. Mübarizni də sivil şəkildə aparaq. Kim layiqdirsə, o seçilsin. 

- Görüşdüyünüz seçicilərin qaldırdığı problemlər əsasən, nə olur? Sizdən nə istəyirlər? 

- Görüşdüyüm seçicilərin bəziləri hələ də yataqxanada məskunalşıblar. Onlar da mərhələli şəkildə yeni mənzillərlə təmin olunacaq. Onların dediyi  əsas məsələ mənzil problemidir ki, mənzil şəraiti yaxşılaşdırılsın. Bu da ölkə başçısı tərəfindən aparılan bir siyasətdir. Qaçqınların, məcburi köçkünlərin mərhələli şəkildə yeni mənzillərə, qəsəbələrə köçürülmə proqramı var. Bu problem mərhələ-mərhələ həll edilir.

Qeyri yaşayış sahələrində yaşayan insanların vəziyyəti daha dözülməzdir. Onlar yataqxanada olmadığı üçün bir az ümidləri kəsilib. Onlar üçün də vacib olan budur ki, mənzil problemləri yaxşılaşdırılsın. Onlar elə şəraidə yaşayırlar ki... Çox bərbad vəziyyətdə, zirzəmidə yaşayırlar. Mən onların vəziyyəti ilə tanış oldum. 

Bəzi seçicilər işsizlik problemindən şikayətləndi. Gənclərin işlə təmin olunması bir az çətindir. Bu paytaxtda olan problemlərdir. 

Sabirabadda, Şirvanda, Hacıqabulda şikayətlənirdilər ki, yollar bərbad gündədir. Sabirabadda Yeni Zəngilan qəsəbəsi deyilən bir qəsəbə var, onların yolları o qədər bərbad gündədir ki. Deyirlər, siz hələ yaxşı, quru vaxtında gəlmisiniz, bura yağış yağanda dözülməz olur, keçmək olmur. 

Su problemləri var idi. Məktəb, baxça və evlərdə istiliklə bağlı problemlər oldu. Bəzi yerlərdə hələ qaz çəkilişləri də yoxdur. Adətən, rayon yerlərində problemlər bundan ibarət idi. Bir də deyirdilər ki, heyvan, mal-qara versəydilər, təsərrüfatla məşğul olardıq. Yəni, rayon yerlərindəki problemlər bu idi. Bakıdakı problem isə mənzil şəraiti idi. Qapı-qapı gəzdim, gördüm ki, onların mənzil şəraitinin yaxşılaşdırılmasına böyük ehtiyac var. 

- 125 saylı dairənin seçiciləri Sizə - Afət Telmanqızına niyə səs verməlidirlər?

- Seçicilərlə görüşəndə onlar məni tanıyırlar. Bu tanımağı bir kənara qoyuram. Əvvəlcə, deyirlər ki, nəyə görə Qubadlı-Zəngilan seçki dairəsindən namizədliyiniz irəli sürülüb? Onlara da bildirirəm ki, Zəngilandanam. Yəni, bu səbəbdən. Buradan namizədliyimin irəli sürülməsi təsüdüfi deyil. Çünki mənim atamın, babamın, nənəmin, əmimin Zəngilanda məzarı var. Mən bir vətəndaş olaraq istəyərəm ki, o torpaqlar işğaldan azad olunsun, mən də o torpağa ayağımı basım və öz doğmalarımın məzarını ziyarət edim. Yəni, bu el-oba mənə yad deyil. 

O cümlədən, Qubadlı rayonu. Qubadlı Zəngilanla yaxındır. Bir neçə dəfə Qubadlı Zəngilanla birləşik olub, sonra ayrılıblar. Görüşlərimdə də ayrı-seçkilik salmıram. 

Seçicilərin mənə “nəyə görə sənə səs verməliyik?” sualı olmayıb. Sadəcə seçicilər sual verir ki, “biz seçkiyə getsək, nə dəyişəcək?” “Yenə eyni olacaq hər şey, yoxsa dəyişəcək?” Yəni, bildirilər ki, buna inanaq, ya inanmayaq? Mənim onlarla söhbətimdə sözüm o olub ki, siz seçkilərdə aktiv iştirak edin. Ölkə başçısı da çıxışlarında dəfələrlə deyib ki, məqsəd yeni qanunvericilik bazasının formalaşmasıdır. Bütün islahatların tərkib hissəsi budur. Xalqın inandığı, seçicinin inandığı, seçici ilə fəal ünsiyyəti olan insanı xalq öz içindən seçməlidir ki, bu həm də biz tərəfdən bir kömək olacaq. 

Yerlərdə olan problemləri işıqlandıracağıq. Onlarla bu söhbətlərdən sonra böyük həvəslə deyirlər ki, biz seçkilərdə iştirak edəcəyik, seçimimizi edəcəyik. Yəni, seçkilərdə bu var- birinci növbədə, insanların seçkiyə inamını artırmaq. Əsas məqsəd budur. Onlar seçkiyə inanmalıdırlar ki, seçkilərdə maksimum aktiv iştirak etsinlər. Görüşlərdə “mən seçkiyə getməyəcəyəm, getsəm, nə olacaq, getməsəm, nə olacaq?” fikirləri səslənir. Amma mən hər dəfə onlara deyirəm ki, siz getməlisiniz. Getməlisiniz ki, həyatınızı da dəyişəsiniz. Getməlisiniz ki, verdiyiniz səsin arxasında dayanasınız. Ən azı vicdanınız rahat olsun deyə. 

Mən seçicilərimdən çox razıyam. 20-dən artıq görüş keçirmişəm. Bu görüşlərdən sonra gəldiyim nəticə o olur ki, onlar seçkidə iştirak edəcək. Deyirlər ki, biz seçkidə iştirak edəcəyik, sizə güvənirik, inanırıq ki, bizim yanımızda olacaqsınız. Mən hər zaman onlara deyirəm ki, sizin probleminiz, mənim problemimdir. Mən də sizlərdən biriyəm. Hər zaman çalışacağam ki, hər bir işdə yanınızda olum. Seçicilərimə də təşəkkür edirəm. Mən hər görüşdə onlara təşəkkür edirəm. Çünki onlar məni böyük hörmətlə qarşılayırlar, bu mənə böyük zövq verir. Mən onlardan yer və göy qədər razıyam.

- Sizin seçicilərinizə vədiniz nədir?

- Bütün namizədlər kimi, mən də öz platformamı hazırlamışam. Orada qısa tərcümeyi-halım da öz əksini tapıb. Mən bunu hər görüşdə seçicilərimə təqdim edirəm ki, onunla tanış olsunlar. Onlara görüşlərdə deyirəm ki, əgər, siz mənə etimad göstərsəniz, seçkilərdə iştirak etsəniz, sizlə görəcəyim işlər nə olacaq. 

Birinci növbədə, məlum məsələdir ki, elim-obam işğal altındadır. Artıq 27-ci ilə keçir. Birinci növbədə ölkə başçısının torpaqlarımızın işğaldan azad olunması üçün apardığı siyasəti dəstəkləmək və onun yanında olmaq. İstənilən halda, Ali Baş Komandanın apardığı bu siyasəti mən də dəstəkləyib, onun yanında olacağam. Onların da, mənim də birinci problemimiz budur. Beynəlxalq görüşlərdə maksimum Qarabağ həqiqətlərini demək, söyləmək, hər kəsin yanında bu ifadəni işlətmək, hər hansı tədbirlərdə də bu məsələni xüsusi qabartmaq. 

İkinci məsələ də odur ki, yataqxanada məskunlaşan insanların maksimum yanında olmaq, onların yeni qəsəbələrə, yeni binalara köçürülməsinə təkan vermək. 

Digər işlər də budur ki, məsələn, məcbuiri köçkündür, başqa rayon qeydiyyatında olan bir şəxslə ailə qurub, avtomatik onun məcburi köçkünlük limiti, yararlandığı güzəşt limiti ləğv olunur. Bu istiqamətdə müəyyən bir iş görmək lazımdır. Parlamentdə alternativ fikirlər səsləndirmək olar. 

Mənim görəcəyim iş Zəngilan-Qubadlı caamatının yaşayış səviyyəsinin yaxşılaşdırılmasıdır. Onsuz onlar bütün çıxışlarında deyirlər ki, biz dövlətin yanındayıq. Mən qeydlərimi aparmışam, o problemlərin tam həll olunması mümkün deyil, amma zamanla onların həlli istiqamətində fəaliyyət göstərəcəyəm. Seçicilər bu baxımdan mənə inanır ki, mən onların hər problemində yanlarında olacağam. 

Onlara demişəm, mən Parlamentdə olsam, sizin səsiniz olacağam. Mənim parlamentdə olmağım, Zəngilan Qubadlı caamatının parlamentdə olmasıdır. Sloqanda da bildirmişəm, güvənsinlər, inam göstərsinlər. Ondan sonrası mənim üzərimə düşən işdir. Mən də üzərimə düşən işi layiqincə yerinə yetirəcəyəm. Bu ancaq vəd olaraq qalmayacaq. Özlərinə də söyləmişəm ki, məni söz verim, sonra yerinə yetirməyim - bu cür anlayış ola bilməz.

P.S. Xatırladaq ki, bu dairədən deputat İmamverdi İsmayılov da yenidən namizəddir. Saytlarda yayılan məlumatlara görə, bəzi icra qurumları deputatdan yana inzibati resursları işə salıb, onun rəqiblərinə qarşı xoş olmayan üsulllara (şəkillərin cırılması və s) əl atıblar...

“O torpaqlara gedib doğmalarımın məzarını ziyarət etmək istəyirəm” –  Müsahibə 

“O torpaqlara gedib doğmalarımın məzarını ziyarət etmək istəyirəm” –  Müsahibə 

“O torpaqlara gedib doğmalarımın məzarını ziyarət etmək istəyirəm” –  Müsahibə 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR