GƏNC MÜƏLLİMİN PEDAQOJİ VƏ ƏDƏBİ DÜNYASI...

img

10-12-2019 [23:31]


Pedaqoji və ədəbi dünyası haqqında Sizə danışacağımız Rzayeva Gülgün Əlizamin qızı İmişli rayonunun Aranlı kəndində dünyaya göz açıb. 

Tale elə gətirib ki, Bakı şəhərinə köçüblər. H.Əliyev adına Liseydə tam orta təhsil alıb. Müəllim olmaq arzusu ilə ADPU-nun filologiya fakultəsini bitirib. Bir müddət Bakı şəhərində kurslarda işlədikdən sonra doğma İmişliyə üz tutub. 2018-ci ildə MİQ-dən 52 bal toplayaraq Ağamallar kənd tam orta məktəbində sevib-seçdiyi ixtisası üzrə müəllim kimi əmək fəaliyyətə başlayıb. Cari dərs ilindən isə yerdəyişmə edərək Hacalmuradlı kənd Q.Tarverdiyev adına tam orta  məktəbdə işləyir. Qəlbini -ruhunu  uşaqlara verə bilən bir pedaqoqdur. İşlədiyi az zaman kəsiyində müəllim-şagird kollektivlərinin və valideynlərin dərin hörmətini qazanmışdır...


... Gülgün xanım əsl ədəbiyyatçıdır. Ədəbi araşdırmalar aparmağa, mütaliə etməyə, poetik duyğularını qələmə almağa sonsuz həvəsi var. 

Gənc və istedadlı öyrədənə həm pedaqoji, həm də ədəbi dünyasının kövrək addımlarında uğurlar arzulayırıq.     

Ata bilmədim.
Getdin... Gedişinlə dünyam qaraldı,
Həsrətdən fəryadım ərşə ucaldı.
Gözlərim "getmə, qal" deyə yalvardı,
Dilim lal olubdu, dinə bilmədim.
Sinəmdə döyünən ürəyim deyil,
Gözlərim heç kəsi görəsi deyil.
Yandı bağrım başı sağalan deyil,
Gəl, mənim əlacım, deyə bilmədim.
Get, vəfasız yarım, gəlmə bir daha,
Gəlib bu qəlbimə çəkmə dağ, yara.
Unutmaq asandı düşündüm, amma
Unutmaq yolunu tapa bilmədim,
Səni ürəyimdən ata bilmədim. 

***

"Ruhumla söhbət"

Bu gün hər bir kəsdən qaçmaq istədim,
Yoruldum... Ruhumu görmək istədim.
Bilmədim ayağım hayana gedir,
Bəlkə də, ruhumun ardınca gedir.

Qəfildən dayandım... Bura haradı?
Ya mən yuxudayam, ya da xəyaldı.
Məzarlıq... Ruhların məkanındayam,
Həyatla ölümün arasındayam.
Baxdım hər məzardan boylananlara,
Bir zaman mənimtək yaşayanlara.
Bura bir dünyadı sirri bilinmir,
Ölümdən sonranı heç kim deyəmmir.

Qəfildən gözümə ruhum göründü,
Bir anlıq ürəyim tez-tez döyündü.
Ruhum dilə gəlib dedi: "Sakitləş!
Məni görmək üçün gəlmisən, dərdləş!"

Dedi: "Hazırsanmı görəcəyinə,
Hazırsan, ey insan, həyat dərsinə?"
"Hazıram, ey ruhum" - dedim sakitcə,
Tutub əllərindən getdim səssizcə.

Bir məzar önündə dayandıq, durduq,
Kar oldum, kor oldum bir neçə anlıq.
Baxdım... Donub qaldım... Dilim tutuldu,
Gözümdən axan yaş qanlı sel oldu.

Bu ki mənim şəklim, mənim rəsmimdi,
Bu mənim məzarım, mənim qəbrimdi.
Mən artıq ölmüşəm, yoxam dünyada,
Mən də bir ruhammış cümlə-cahanda.

Baxıram şəklimə üzüm gülürmüş,
Görəsən, bu şəkli kimlər seçibmiş?
Hələ üzərimdə yazılan yazı,
Sevərək dediyim söz seçilibmiş.

Məzarım üstündə 3 nərgiz vardı,
Demək sevilirəm, yaddaşlardayam,
Bəlkə də, birinin dualarında,
Bəlkə də, birinin göz yaşındayam.

Ruhum dilə gəlib dedi: "Ey, Gülgün,
Hələ də küskünsən, hələ də üzgün?
Öldünsə, geriyə yol yoxdu daha,
Bu həyat gözəldi, qədrin bil, yaşa!"

Qayıtdım geriyə, döndüm həyata,
Başımı qaldırıb baxdım səmaya.
Həyat gözəl imiş, həyat şirinmiş,
Həyat yaşamağı bilənlərinmiş! 

***

Tənha ürək

Xəstəlik lap əldən salıbdı məni,
Dost deyib mənimlə gülənlər hanı?
Bu təklik, tənhalıq yorub qəlbimi,
Ömrümü verdiyim yoldaşım hanı?

Ürəyim doludu, bölə bilmirəm,
Gözlərim yaşlıdı, silə bilmirəm.
Çəkdiyim əzaba, əziyyətlərə
Daha gücüm çatmır, dözə bilmirəm.

Heç kimə inanma, Adəm övladı,
Həyata tək gəldin, tək də gedəssən.
Hər kəsi özünə çox doğma sandın,
Bil, qara torpağa tək gedəcəksən. 

***

"Şəhidim"

Yenə tənha gecə, yenə dərd, ələm,
Saatın səsiylə olmuşam həmdəm.
Dörd divar, qaranlıq, soyuq bir otaq,
Qəfildən qapımı döydü bir qonaq.

Bu qonaq kim idi, hardan gəlirdi?
Bu gizli ünvanı necə bilirdi?
Xəyal aləmimin, sirli dünyamın
Yerini sadəcə bir kəs bilirdi.

Qapını açaraq onu səslədim,
Bilirsən yolunu necə gözlədim?
Sənsiz keçirdiyim hər an, saniyə
Bil ki, yaşamırdım, ölmüşdüm sənlə.
Səni gözləyirdim, amma gəlmədin,
Gözümün yaşını silə bilmədin.
Həsrətlə yolunu gözlədiyimiz
Körpəmiz doğuldu görə bilmədin.

Şəhidim, oğlumuz dünyaya gəldi,
Ölərkən aldığın ağır yaranı,
Sənin qisasını, sənin qanını
Yerdə qoymayacaq davamçın gəldi.

Şəhidim, sən rahat uyu məzarda,
Canından keçdiyin bu torpaqlarda,
Bir gün bayrağımız dalğalanacaq,
Onda sənin ruhun azad olacaq. 

***

"Sevgi həsrəti"

Gözümü yumuram düşürsən yada,
Bilmirəm günahsan yoxsa ki cəza.
Başımı götürüb mən gedim hara?
Aldım həyatımı düşdüm yollara.

Sonu görünməyən tənha yollarda,
Özümə bir yoldaş tapammadım mən.
Bu gözəl həyatda, bu kainatda,
Bir yuva, bir məskən qurammadım mən.

Bir xeyli yol getdim, dünyadan çıxdım,
Axır möcüzəli səmaya çatdım.
Zöhrə ulduzundan soraqlaşaraq,
Nəhayət, Şəmslə Qəməri tapdım.

Baxıram Günəşə, baxıram Aya,
Dözmədim, bir sual verdim onlara.
"Ey Günəş, görürəm sevirsən Ayı,
Bəs niyə onunla qalırsan ayrı?"

Bayaqdan hər yana istilik yayan,
Hər kəsə gözəllik, sevgi paylayan
Günəş Aya baxdı, Ay da Günəşə,
Bir həsrət var idi bu səssizlikdə.

Günəş cavab verdi: "Ey gözəl insan,
Biz ayrı qalsaq da hər an, hər zaman.
Yenə də sevirik bir-birimizi,
Uzaq məsafələr ayırmaz bizi".

Ay dedi: "Günəşim, yaxşı ki varsan,
Mənim varlığımın səbəbkarısan.
Yüz illər, min illər keçsə də belə,
Əbədi qəlbimin sevgi payısan".

Anladım, məsafə əngəl deyilmiş,
Ürəkdən ürəyə yollar var imiş.
Nə qədər qaçsam da, uzaqlaşsam da,
Mənə nəfəs verən sənin sevginmi          

 Təqdimatı hazırladı:

 Səxavət Tağlar-Əməkdar müəllim, 
yazıçı-pedaqoq, 
AYB-nin Aran Bölməsi üzrə məsul katib.
Digər xəbərlər
SON XƏBƏRLƏR