Arzu Kazımovun məhkəməsində skandal: Akademiklə vəkil mülk və pul "atışması"na çıxdı

img

01-08-2013 [13:18]



Elşad Abdullayevin qayınatası və sürücüsünün sensasion etirafları; Hüseyn Əhmədovla iş adamının vəkili arasında gərginlik yaşanıb

İyulun 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarla əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə cinayət işi üzrə adı şahid qismində keçən Hüseyn Səfərovun nümayəndəsi Nazim İsmayılov çıxış etdi.

O bildirdi ki, Hüseyn Səfərov ailə məsələləri ilə bağlı məhkəmə iclasında iştirak etmir. Nümayəndə şahidin məhkəməyə göndərdiyi arayışı elan etdi. Şahid arayışında qeyd edib ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyir: "Elşad Abdullayevlə Arzu Kazımovun əlaqəsi olub. Amma Elşad Abdullayev Arzu Kazımovu şantaj edir”.

Şahid daha sonra arayışında qeyd edib ki, E. Abdullayev itkin düşən qardaşı Mahir Abdullayevlə maraqlanmayıb: "Elşad Abdullayev yaxşı oyunçudur. Bu gündə yaxşı oynaya bilir. Elşad Abdullayev belə oyunları ilə öz cinayət əməllərini ört-basdır etməyə çalışıb və bunu da bacarıb. Elşad Abdullayevin oyunlarının tələsinə də hüquq-mühafizə orqanları düşüb”.

H.Səfərov daha sonra arayışında A.Kazımovun xeyirxah iş adamı olduğunu və ondan üzr istədiyini bildirib: "Arzu Kazımov uğurlu biznesi olan şəxsdir və onun Elşad Abdullayevə möhtac olmasına inanmıram. Elşad Abdullayevlə çox bir yerdə olmuşam. Ondan hər dəfə Arzu Kazımova nə qədər pul verməsini soruşsam da, bu suallarıma cavab verməkdən yayınıb. İndi Elşad Abdullayevin məqsədini başa düşürəm. Onun məqsədi pulun miqdarını bildirməməklə bugünkü gündə şər, böhtan atmaq olub. Elşad Abdullayev öz qohumlarını da aldadıb, onların pullarını mənimsəyib. Elşad Abdullayev mahir oyunçudur. Elşad Abdullayev pul iyi hiss etdiyi yerdən zəli kimi yapışır. O, qardaşının tapılması üçün heç bir pul xərcləməyib. Bu gün mənə və Arzu Kazımova böhtan atır”.

Nümayəndə şahidini məhkəməyə göndərdiyi arayışı elan etdikdən sonra hakim tərəflərin mövqeyini öyrəndi. Tərəflər şahidin məhkəmə iclasına gəlməməsinə etiraz etmədilər və arayışın məhkəmə tərəfindən qəbul edilməsini dəstəklədilər.

Ondan sonra şahid qismində E.Abdullayevin qayınatası, akademik Hüseyn Əhmədov ifadə verdi. O, ifadəsində Arzu Kazımovu tanımadığını dedi: "Bir gün işdə olarkən zəng elədilər ki, aşağı düş, səninlə işimiz var. Mən də gəldim. Elşad mənə dedi ki, bir nəfərin ona borcu var. Pulun əvəzində torpaq sahəsi verir. Həmin torpağı da mənim adıma sənədləşdirmək istəyir. Bunun üçün də notariusa getdik və sənədləşmə oldu. Bundan başqa heç nədən xəbərim yoxdur”.

H.Əhmədov A.Kazımovla E.Abdullayevin arasında torpaq sövdələşməsi olduğunu da təsdiqlədi. "Həmin torpağı da Elşad Abdullayev mənim adıma rəsmiləşdirib” deyən şahid yoxa çıxan Mahir Abdullayevin qaytarılması üçün E.Abdullayevə köməklik etdiyini də vurğuladı: "Mahirin geri qaytarılması üçün Elşad Abdullayevə 500 min dollar vermişəm. Həmin pulun da Arzu Kazımova adiyyəti yoxdur”.

H.Əhmədov bildirdi ki, sonradan A.Kazımov həmin torpağı Elşad Abdullayevdən aldığı pul müqabilində girov qoyub: "Bunu mən vaxtında bilməmişəm, Elşad Abdullayev də bununla bağlı mənə heç bir söz deməyib. Bütün bunları Elşad Abdullayev video yayandan sonra bilmişəm. Mahirin oğurlanması üçün Elşad Abdullayev pul verməsini də mənə vaxtında deməyib. Buna görə də təəssüflənirəm. Çünki Elşad bununla bağlı mənə vaxtında məlumat vermiş olsaydı vaxtında tədbir görərdim, ona məsləhətlər verərdim”.

Daha sonra A.Kazımovun vəkili Ramiz Zeynalovun suallarını cavablandıran H.Əhmədov bildirdi ki, o, ABU-da dekan olması ilə bağlı yayılan məlumatlar əsassızdır. Həmin universitetin qurucusu olduğunu deyən şahid bildirdi ki, sonradan universitetə prorektor vəzifəsinə təyin edilib. Şahidin universitetlə bağlı tərif dolu çıxışı vəkilin etirazına səbəb oldu. Vəkil bildirdi ki, 10 minlərlə tələbə küçələrdə qalıb. Bu zaman şahidlər vəkil arasında mübahisə yarandı. Mübahisə zəminində vəkil şahidi rüşvətxorluqda, 10 mülkünün hansı pullarla əldə etməsi barədə ittiham dolu çıxış etdi. Hakim bildirdi ki, məhkəmədə ABU-nun fəaliyyəti və şahidin mülkləri araşdırılmır. Hakim mübahisəsini sakitləşdirəndən sonra vəkil A.Kazımov tərəfindən verilmiş torpaq sahələrində Hüseyn Əhmədovun qohumlarının yerləşdirilməsi ilə bağlı Elşad Abdullayevin bacısı oğlu Azad Mürsəliyevin ifadəsini diqqətə çatdırdı. H.Əhmədov həmin torpaq sahəsinin harada olmasından xəbərsiz olduğunu, torpaq sahəsində qohumlarının yerləşdirilməsinin həqiqət olmadığını bildirdi.

Sonra prosesdə E.Abdullayevin sürücüsü işləmiş Şamil Hüseynov ifadə verdi. Ş.Hüseynov E.Abdullayevlə A.Kazımovun tez-tez görüşdüklərini bildirib: "Görüş zamanı Mahirin itkin düşməsindən də danışırdılar. Lakin Elşadın Arzuya pul verdiyini görməmişəm”.

Daha sonra şahid qismində ifadə verən Ş.Hüseynov bildirdi ki, vaxtilə E.Abdullayevin sürücüsü olub. Onun sözlərinə görə, A.Kazımovla E.Abdullayev bir-birilərinin məkanlarında dəfələrlə görüşüblər. Şahid qeyd etdi ki, onların görüşləri M.Abdullayevin itkin düşməsi ilə bağlı olub. E.Abdullayevin oğurlanan qardaşının qaytarılması üçün A.Kazımova pul verməsini mətbuatdan oxuduğunu deyən şahid bildirdi ki, onların görüşlərində iştirakçı olmayıb. Şahid həmçinin E.Abdullayev tərəfindən A.Kazımova 1 milyon manatı 30 faizlə borc verməsindən də xəbəri olmadığını dedi. Onun sözlərinə görə, E.Abdullayevlə A.Kazımovun görüşlərində daxili işlər nazirlinin sabiq müavini Zahid Dünyamalıyevin iştirak etməyib: "Mən Zahid Dünyamalıyevin bu görüşlərdə iştirak etməsindən xəbərim olmayıb. Əgər görüşmüş olsaydılar bilərdim. Çünki Zahid Dünyamalıyev vəzifəli şəxs olub, onun da xidməti maşını olub. Həmin maşını görüş yerləri olan ünvanlarda görmüş olardım”. Ş.Hüseynov bildirdi ki, E.Abdullayev DİN-in Bilgəh qəsəbəsində yerləşən sanatoriyasında olmayıblar və orada Elşad Abdullayevlə Zahid Dünyamalıyev görüşməyiblər.

Sürücüsü onu da dedi ki, E.Abdullayevlə bir yerə gedəndə hər zaman onun çantasını daşıyıb: "Heç vaxt bu çantada pul olmayıb... İçində yalnız telefon və ya sənədlər olub”. 

A.Kazımovun sürücüsü Ağalar Əliyev də ifadəsində E.Abdullayevin bir neçə dəfə Arzu Kazımovla görüşdüyünü bildirib. Daha sonra proses iştirakçılarının suallarını cavablandıran A.Əliyev Z.Dünyamalıyevin də

A.Kazımovun ofisinə gəldiyinin şahidi olduğunu deyib.

Proses avqustun 7-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, A. Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas gətirib Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan vədlər verərək yaxın münasibətlərdə olduğu E. Abdullayevdən ümumilikdə 1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir.

İstintaqla Arzu Kazımovun törətdiyi cinayətdə hər hansı digər şəxsin, daxili işlər nazirinin sabiq müavini mərhum Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, işin bu hissəsinin cinayət təqibinə xitam verilib.

musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA