Usubov kollegiya iclası keçirdi, Daxili İşlər Nazirliyi 6 ayın hesabatını verdi

img

31-07-2013 [22:43]


Bu gün daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, hesabat məruzəsi ilə çıxış edən nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov qeyd edib ki, daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlərin sayı 2012-ci ilin 6 ayı ilə müqayisədə 11,4 faiz azalaraq 10048-ə enib:

"Onların strukturunda şəxsiyyət əleyhinə olanlar 48,3 faiz, soyğunçuluqlar 24,8 faiz, habelə mütəşəkkil dəstələr tərəfindən törədilən cinayətlər 2,9 dəfə, əvvəllər cinayət törətmiş şəxslərin təkrar cinayətləri 16,7 faiz, qrup halında cinayətlər 13,5 faiz, odlu silahın tətbiqilə törədilənlər 5,4 faiz, məişət zəminində baş vermiş cinayətlər 2,1 dəfə azalıb. Bütövlükdə respublikanın 22 şəhər və rayonunda ağır və xüsusilə ağır cinayətlərin sayında nəzərəçarpan azalma müşahidə edilib.

Ötən ilin 6 ayı ilə müqayisədə cinayətlərin açılması yaxşılaşaraq 87,4 faiz təşkil etmiş, açılmış cinayətlərin sayı 14,4 faiz və ya 1379 fakt çox olub. Cinayətkar qrup və dəstələrin fəaliyyətinin qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərlə 1039 nəfərdən ibarət 361 cinayətkar qrup və 10 mütəşəkkil dəstə zərərsizləşdirilmiş, onların törətdiyi 1130, o cümlədən 320 ağır və xüsusilə ağır cinayət açılıb

Təqsirləndirilən və itkin düşmüş şəxslərin axtarışı üzrə də fəal iş aparılmış, axtarış işinin ümumi göstəricisi 49,8 faiz təşkil etmişdir. Eyni zamanda, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların tutulması 3,1 faiz, itkin düşənlərin tapılmasının nəticələri 2,9 faiz yaxşılaşmış, yerli, dövlətlərarası və beynəlxalq axtarışda olan 1053 təqsirləndirilən şəxs tutulub.

İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının icrası da məqsədyönlü şəkildə davam etdirilməklə 66 fakt aşkarlanıb, 5 nəfərdən ibarət 2 cinayətkar qrup zərərsizləşdirilib.

Nazirliyin istintaq və təhqiqat qurumlarının fəaliyyəti də bütövlükdə səmərəli olub və müstəntiqlər ötən ilin 6 ayı ilə müqayisədə 3 faiz çox, yəni 11802 cinayət işinin istintaqını aparıb, təhqiqatçılar tərəfindən kriminal məzmunlu 37407 məlumat və müraciət araşdırılıb.
Ümumilikdə, ötən ilin 6 ayına nisbətdə 52 faiz çox və ya 683.430 müvafiq qayda pozuntusu müəyyən edilməyib. Bu vacib işin müsbət nəticələrindən biri də piyadaların avtomobillə vurulması hadisələrinin 2 dəfə azalması olub".

İclasa yekun vuran general-polkovnik Ramil Usubov əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi tədbirlərində, xüsusi əməliyyatlarda əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı, mütəşəkkilliyi ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA