Xankəndinin böyük ziyalısı: Hikmət Cəmilzadə

img

22-12-2018 [12:51]


(...Ömrünün 59-cu qışını yaşayan, dəyərli dostum, gözəl insan-Hikmət müəllim! Arzum budur ki, 60 yaşını Azərbaycanın dilbər güşəsi olan Şuşada, doğma Xankəndində qeyd edək. O tarpaq Sizi kimi dəyərli və böyük ziyalı yetirib...Arzum budur ki, bütün rahatlığına hakim kəsilən Şuşa-Xankəndi həsrətiniz bitsin. Böyük sevgi və qələbə ilə ata oçağında, öz evinizdə olasınız. Şərəfli həyatınızı, əmək fəaliyyətinizi, ömür yolunuzu Xankəndi gənclərinə söyləyəsiniz. Qəlbiniz- ruhunuz təzələnsin, quruculuq-bərpa işlərində birgə olaq! 21-22 yaşında olduğumuz kimi...)

***

Hikmət Cəmilzadə (Xudiyev) ilə tanışlığım Xankəndili günlərimizdə olub. 

Xankəndinin "Qarabağ” mehmanxanasında qalıb, pedaqoji instituta qəbul imtahanlarına hazırlaşırdım. Mehmanxananın gecə mənzərələri çox qəribə olurdu. Erməni əyyaşları sabaha kimi çalıb-oynayırdılar. Küçədə Hikmətlə tanış oldum, mehmanxanaya gəldik. Səhəri gün o məni yaxınlıqdakı evlərinə apardı. O, bu, bizim əbədi və saf dostluğumuz başladı. Hər ikimiz Xankəndi Pedaqoji İnstitutunda təhsil aldıq. Hikmət əslən Xankəndilidir. Beynəlmiləl bir şəhərdə, bir institutda hələ o vaxtlar—80-ci illərdə biz millətçilik oyunlarını sezirdik...

Hikmətlə mənim müəyyən qədər oxşar əlamətlərimiz də var idi. Ermənilər məni Hikmət bilib, sorğu- suala da tuturdular. Onun maraqlı sevgi macəraları və dost cəfakeşliyi heç yadımdan çıxmır. O illər, gözəl günlər arxada qaldı, xatirələrdə...Biz isə ömrümüzün müəyyən bir zirvəsinə yetmişik. 60 ərəfəsinə! Yəni qocalığın gəncliyinə...İnanıram ki, ikinci gənclik dövrümüz maraqlı və yaddaqalan olacaq! Təəssüf ki, Şuşa- Xankəndi və Qarabağ xatirələrimizi yeni yaş dövrümüzdə--qocalığın gəncliyində orada təkrar yaşaya bilmirik. Ən böyük dərdimiz, ürəyimizi üzən və qəlbimizi dağlayan da bu deyilmi?!..

Əziz dostum, Hikmət müəllim!

 Siz 59 yaşı haqladınız. Yeni yaşınız mübarək! Qarabağ dərdli, Şuşa-Xankəndi həsrətli qəlbinizdən sevgi əskik olmasın. Siz bu yaşa əliboş gəlməmisiniz. DİN və FHN sistemində uğurlu fəaliyyətiniz, Vətənə, xalqa, dövlətə sədaqətli xidmətiniz gözlərimiz önündə olub. DİN-in Polis Akademiyasında təhsil illərindən tutmuş FHN-də daxili xidmət polkovniki rütbəsinə kimi həyatınız, elmi araşdırmalarınız, fəxri adınız dost sevinci olub. Hər dəfə Əməkdar jurnalist, tarix elmləri üzrə fəlsəfə doktoru imzası ilə yazı və çıxışlarınız maraq doğurub. 

Yeri gəlmişkən deyim ki, qəhrəman övladlarımızın həyat yoluna işıq saçan "Azərbaycanın Milli Qəhrəmanları” kitabınızdan Azərbaycan tarixi fənninin tədrisi zamanı və eyni zamanda gənclərə cəsurluğu öyrədərkən bir ədəbiyyat nümunəsi kimi istifadə edirik. İyirmidən çox elmi-ədəbi və publisistik kitabın müəllifisiniz. Hər yazı və əsərinizdə bir şirinlik, bir gözəllik təlqin olunur. Sizə sevgi və istəyimiz artır.

...Siz Xankəndinin nüfuzlu bir ailəsində böyümüsünüz. Atanız Cəmil müəllim (Allah rəhmət eləsin!) tarix müəllimi, söz sahibi, sayılan bir kişi olub. Ananız Xankəndili günlərimizdən tanıdığımız və Qarabağın xanım-xatın ziyalı qadını Şura müəllimədir. Allah ona ömür versin! Ziyalı bir ailədə böyümüş Siz qardaşları—Nazim müəllimi, İlham müəllimi tanımaqdan və dostluğumuzdan qürur duyuram...

...Əlimdə qələm, dostum Hikmət Cəmilzadəyə doğum günü münasibətilə təbrik yazarkən xatirələr məni hara çəkmədi?! Gəncləşdim, tələbəlik illərinə qayıtdım, sanki sabah qəlbimə-ruhuma hakim kəsilən bir qıza sevgi məktubu verəcəm... Bu dəqiqə tələbə süfrəsi arxasında Hikmət badə qaldıracaq, sevgi şerləri söyləyəcək...Və yaxud ən ciddi mühazirələrdə, dərslərdə belə dostum Hikmətin öz dərsi "sevgi dərsi” başlayacaq...O dərsin sehri, möcüzəsi, ecazkarlığı görəsən niyə maraqlı idi?! Doymurduq...

Xatirələrdən ayrılıb, təbrik məktubumu davam edirəm! 

Hikmət müəllim, Qarabağ olayları Sizin gözləriniz önündə olub. Ona görə tarixçi- alim, Əməkdar jurnalist kimi Qarabağ mövzusuda bir yazar-alim kimi düşüncələriniz hər kəs üçün maraqlıdır. Ömrünün 59-cu qışını yaşayan, dəyərli dostum, gözəl insan! Arzum budur ki, 60 yaşını Azərbaycanın dilbər güşəsi olan Şuşada, doğma Xankəndində qeyd edək. O tarpaq Sizi kimi dəyərli və böyük ziyalı yetirib...

Arzum budur ki, bütün rahatlığına hakim kəsilən Şuşa-Xankəndi həsrətiniz bitsin. Böyük sevgi və qələbə ilə ata oçağında, öz evinizdə olasınız. Şərəfli həyatınızı, əmək fəaliyyətinizi, ömür yolunuzu Xankəndi gənclərinə söyləyəsiniz. Qəlbiniz- ruhunuz təzələnsin, quruculuq-bərpa işlərində birgə olaq! 21-22 yaşında olduğumuz kimi...

SƏXAVƏT TAĞLAR,
 Əməkdar müəllimi, yazıçı-publisist.

Digər xəbərlər
SON XƏBƏRLƏR