317 saylı tam orta məktəbin müəllimi Cavid Cəfərzadə son dövrlər təhsillə bağlı həyata keçirilin dəyişikliklərlə bağlı müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir.
- 12 illik ümumi təhsilin
səviyyələri üzrə formal təhsilin müddəti necə müəyyənləşdirilmişdir?
- Bu istiqamətdə müxtəlif variantlar mövcuddur. Dövri mətbuatda rast gəlirik ki, 12 illik təhsil 4+6+2, 1+4+5+2, 6+3+3, 1+5+4+2 və s. formalarda öz əksini tapır. 12 illik təhsilə keçidin təmin olunması istiqamətində artıq maddi-texniki baza və infrastruktur mövcuddur. Tədris proqramları nisbətən yüngülləşəcək, şagirdlərin fənlər üzrə həftəlik təlim yükü azalacaqdır.Təhsil proqramlarının yüngülləşməsi ilə tədris prosesində psixoloji gərginlik minimuma enəcək və bu amil şagirdlərin sağlamlığına, təhsilin keyfiyyətinə müsbət təsir göstərəcəkdir. Proqram materiallarının, əsasən, sinifdə mənimsədilməsi, ev tapşırıqlarının həcminin nisbətən azalması, şagirdlərin inkişafetdirici tədbirlərə cəlbi üçün imkanlar genişlənəcəkdir. 12 illik təhsilə keçidin təmin olunması təhsildə ən mütərəqqi inqilab olacaqdır.
- Xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil
mühitinə inteqrasiyasının təmin edilməsi üçün hansı tədbirlər görülməlidir?
- Bütün
dünyada sağlamlıq imkanları məhdud olan uşaqlar adətən məktəb daxilində diqqətdən
kənarda qalırdılar və ya ümumiyyətlə, məktəbə getmirdilər. 1990-cı ildə keçirilən
"Hamı üçün təhsil: təlimə dair əsas tələbatların ödənilməsi” adlı dünya
konfransının nəticəsində bir çox ölkələrdə uşaqların təhsil almaq imkanından məhrum
olması məsələsi gündəliyə daxil edildi. Müasir dövrdə xüsusi qayğıya ehtiyacı
olan məktəbəqədər və məktəb yaşlı uşaqların digər uşaqlarla birlikdə bərabər təhsilalma
imkanlarının yaradılması, həmyaşıdlar qrupunda onlara qarşı tolerantlıq
mühitinin formalaşdırılması, mərhəmət və qayğı hisslərinin tərbiyə edilməsi
aktual sosial-pedaqoji problemə çevrilmişdir. Strategiyada da bu məsələ ilə bağlı
bir sıra tədbirlər nəzərdə tutulmuşdur: xüsusi qayğıya ehtiyacı olan uşaqlar
üçün təhsil və inkişaf üçün universal mərkəzlərin yaradılması, xüsusi
qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramlarının
hazırlanması, xüsusi qayğıya ehtiyacı olan uşaqların həyata və təhsil mühitinə
inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması, xüsusi
qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların
təmin edilməsi məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsi.
Yuxarıda sadalanan tədbirləri həyata keçirmək üçün ilk oncə cəmiyyətdə bu sahədə
maarifləndirmə işləri aparmaq lazımdır. Xüsusi təhsil xidmətlərinin göstərilməsi
qaydalarını tənzimləmək və təkmilləşdirmək məqsədilə mövcud bərpa- inkişaf mərkəzlərinin
əhatə dairəsi genişləndirilməli, onların təcrübəsindən istifadə edilməlidir.
Tibbi-pedaqoji-psixoloji komissiyaların əsasnaməsi və fəaliyyət dairəsi nəzərdən
keçirilməli, əsaslı dəyişikliklər edilməlidir. Onu da xüsusilə qeyd etmək
lazımdır ki, Yeni Günəşli yaşayış massivində "Xüsusi qayğıya ehtiyacı olan
uşaqlar üçün reabilitasiya mərkəzi” Heydər Əliyev Fondunun və Rusiyanın
"Uralsib” maliyyə korporasiyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində inşa
edilib. 05 noyabr 2007-ci il tarixində Heydər Əliyev Fondu ilə "Uralsib” maliyyə
korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Birgə layihə çərçivəsində
mərkəzin tikintisinə başlanılıb və bina 2011-ci il aprelin 5-də istifadəyə
verilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva açılış mərasimində
iştirak edib.
- Təhsilverənlərin peşəkarlıq
səviyyəsinin mütəmadi olaraq yüksəldilməsini təmin etmək üçün hansı tədbirlər
görülməlidir?
- Cənab prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin oktyabrın 24-də "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ı təsdiq edilib. Strategiyada göstərilir ki, sürətlə modernləşən Azərbaycan Respublikasında təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi istiqamətində yeni addımların atılmasına və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac var. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir. Təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblərə uyğun yüksəldilməlidir. Müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi vasitəsilə müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır. Son illərdə müəllimlərin əlavə təhsili sahəsində modul-kredit sisteminə əsaslanan, rəqabət mühiti yaradan, stimullaşdırma və karyera inkişafını nəzərə alan yeni modelin tətbiqinə başlanmış, fəal interaktiv təlim texnologiyaları təcrübədən keçirilmişdir.
Təhsilverənlər üçün təhsilin
bütün pillələrində təhsilalanların təfəkkürü və şəxsiyyətinin inkişafına yönəlmiş,
onların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodologiyasının və
müvafiq resursların hazırlanmasının təmin edilməsi, təhsilverənlərin əlavə təhsili
üzrə strukturların yaradılmasının stimullaşdırılması, müəllimlərin təhsil müəssisəsi
səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə
özünü doğrultmuş innovativ modellərin tətbiqi, pedaqoji heyət üçün yeni modul–kredit
və rəqabətəsaslı təlimlər sisteminin yaradılması kimi tədbirlər
strategiyada nəzərdə tutulmuş yüksək nüfuzlu təhsilverənin formalaşdırılmasına əsas
verir.
- Ümumi təhsil müəssisələrində nəticəyönlü və şəffaf
idarəetmə modelinin tətbiqi nələri nəzərdə tutur?
-Qeyd edək ki, Azərbaycanın təhsil müəssisələrində
də nəticəyönlü və şəffaf idarəetmə modelinin, yeni məlumat və hesabat sistemlərinin
yaradılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Təhsil müəssisələrinə
idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi, təhsil müəssisələrində
strateji idarəetmənin tətbiqi mexanizmlərinin yaradılması, maraqlı tərəflərin nümayəndələrinin iştirakı
təmin edilməklə təhsil müəssisələrinin dövlət-ictimai xarakterdə (Valideyn–Müəllim
Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) idarə olunmasının təmin
edilməsi istiqamətində müxtəlif tədbirlər təşkil edilir. Bununlada müəssisədə
demokratik bir ab-havanın yaranması özünüidarə orqanlarının fəaliyyətinə müsbət
təsir göstərir. Nəzərə alsaq ki, müəssisələrdə özünüidarə orqanlarının fəaliyyəti
təhsildə şəffaflığın və demokratik dəyərlərin formalaşmasına müsbət təsir göstərir.
- Tədrisin keyfiyyətli inkişafında İKT-nin rolunu necə qiymətləndirirsiniz?
- İnkişaf
etmiş ölkələrdə olduğu kimi, son zamanlar respublikamızda da təhsil sahəsində informasiya
kommunikasiya texnologiyaları tətbiq etməklə, təhsildə innovativ
texnologiyanın, keyfiyyətin artırılmasına xüsusi yer verilir. Hazırda ölkədə təhsilin
informasiyalaşdırılmasına dair hüquqi baza yaradılıb, məktəblərə kompüter,
noutbuk və elektron lövhələr verilir.İnformasiya cəmiyyətinin inkişafına
dair 2014-2020-ci illər üçün Milli Strategiyada göstərilir ki, milli-mədəni
irsin qorunması, təhsil, səhiyyə, mədəniyyət sahələri üzrə geniş istifadə üçün
təyin edilmiş elektron resurslar inkişaf etdirilməlidir.Bu gün bir təhsil
işçisi olaraq xüsusi qeyd edirəm ki, tədris prosesinin inkişafında İKT-nin rolu
danılmazdır. Təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsi informasiya cəmiyyətinin
əsas xüsusiyyətlərindən biridir. Prezident İlham Əliyevin 21 avqust 2004-cü il
tarixində təsdiq etdiyi "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı
(2005-2007-ci illər)” ölkəmizdə bu prosesə start verdi.Bundan başqa, Təhsil
Nazirliyi 2010-cu ili ölkəmizdə "Təhsildə İKT ili” elan edib və bu kampaniya çərçivəsində
konfranslar, seminarlar, müxtəlif stimullaşdırıcı və həvəsləndirici aksiyalar,
müsabiqələr həyata keçirilib. Təhsil sisteminin müasir tələblər səviyyəsində
qurulması üçün kompüter texnologiyalarının faydalı istifadəsi cəlbedici,
maraqlı və vacibdir. Ölkəmizdə təhsilin inkişafında İKT-nin mühüm rolu var.
İKT-məktəb, təlim, iştirakçılar üçün çox vacib və məlumatlı mənbədir. Hər hansı
bir fərdin intellekt qabiliyyətinin adaptasiyasıdır.
- Hal-hazırda "Direktorların işə qəbulu” ilə bağlı
müsahibələr davam edir? Bu prosesin mənfi və müsbət xarakterini bir müsabiqə
iştirakçısı olaraq necə dəyərləndirirsiniz?
- Təbii ki, müsahibə hələ davam edir. Yanvar ayında yekunlaşması gözlənilən
müsahibə haqqında onu söyləmək olar ki, müsahibədən çıxmış namizədlərin fikirlərini
sizlərlə bölüşmək istəyirəm. Bir təhsil işçisi kimi apardığım araşdırma nəticəsində
tam səmimi olaraq belə qənaətə gəlmişəm ki, müsahibələr şəffaf, obyektiv, ədalətli şəkildə həyata
keçirilir. Mən hələ müsahibədə iştirak etməmişəm. Bunun səbəbi bölgələr üzrə
müsahibələr yekunlaşandan sonra Bakı məktəblərinin namizədlərinin müsahibəyə
çağırılmasının planlaşdırılmasıdır. Bir gənc təhsil işçisi olaraq hansı işləri
görəcəyimlə bağlı artıq planlarımı, təkliflərimi hazırlamışam, məqsədlərimi müəyyənləşdirmişəm.
Əgər rəhbərlik müsahibə komissiyasında mənə etimad göstərərsə, bütün planlarımı
həyata keçirməyə cəhd edəcəm. Araşdırmalarım və daxili inamım mənə diktə edir
ki, müsahibələr tam şəffaf, azad, ədalətli şəkildə keçirilir. Ölkəmiz üzrə
bütün savadlı kadrlara ehtiyac yaranmışdır. Təhsil Nazirliyi hazırda savadlı
kadrlara daim dəstək olur, bundan sonrakı mərhələdədə dəstək olacaqdır. Buna
inamım böyükdür.
- Təhsildəki son nailiyyətlərə münasibətinizi
bilmək maraqlı olardı...
- Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib
hissəsidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və
qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji
istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır. Yeni məktəb binalarının
tikilib istifadəyə verilməsi, məktəbəqədər müəssisələrin və məktəblərin
maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsil müəssisələrinin müasir
avadanlıqlarla təchiz edilməsi, əsaslı təmir və bərpa işlərinin aparılması, Təhsil
haqqında qanuna son dəyişikliklərin aparılması, buraxılış imtahanlarının nəticələrinə
əsasən ali təhsil müəssisələrinə qəbulun aparılması, respublika və beynəlxalq
olimpiada nəticələrinə əsasən ali təhsil müəssisələrinə qəbul ətrafında müzakirələr,
direktorların işə qəbulu, müəllimlərin işə qəbulu, müəllimlərin
sertifikasiyası, müəllimlərin əmək haqqının artırılması və s. kimi mühüm amillər
təhsildə son nailiyyət hesab olunur. Düşünürəm ki, bu istiqamətdə daha çox
danışmaq və müzakirələr aparmaq olar. Əsasən vurğulamaq istərdim ki, təhsildə
inkişaflar, nailiyyətlər strategiyada nəzərdə tutulan hədəflərin reallaşması ilə
əlaqədardır.
- Təhsilin inkişafında Azərbaycan
Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın rolu
haqqında nə düşünürsünüz?
- Dövlət cinsindən, irqindən, dilindən, dinindən, siyasi əqidəsindən,
milliyyətindən, sosial vəziyyətindən, mənşəyindən, sağlamlıq imkanlarından
asılı оlmayaraq hər bir vətəndaşa təhsil almaq imkanı yaradılmasına və
ayrı-seçkiliyə yоl verilməməsinə təminat verir. Artıq Azərbaycanda yeni təhsil
erası başlamışdır. İslahatlar öz bəhrəsini verir. Əsası Ulu öndər Heydər Əliyev
tərəfindən qoyulan təhsil islahatları Prezident İlham Əliyev və Mehriban xanım
tərəfindən uğurla həyata keçirirlir. Mehriban xanımın təhsildə yeniləşən Azərbaycanda
yeni məktəb modelini qurması, bu istiqamətdə müxtəlif layihələrin tətbiqində rolu
onun təhsilə olan qayğısı, sevgisi və məhəbbətidir. Bununla yanaşı Mehriban
xanım xaricdə yaşayan azərbaycanlıların təhsilinə, yurddaşlarımızın xaricdə təhsil
almasına da xüsusi qayğı göstərir. Mehriban xanım Heydər Əliyev fondu vasitəsi
ilə 2005-2012- ci illərdə 400-dən çox ucqar kənd və rayonlarda müasir Avropa
standartlarına cavab verən təhsil ocaqları tikdirmişdir. "Üçüncü regional inkişaf proqramı çərçivəsində
təmirə ehtiyacı olan bütün məktəblər yenidən qurulacaq və ölkədə bir təmirsiz məktəb
qalmayacaq" - deyən Mehriban xanım Əliyeva bu layihə çərçivəsində 32
internat məktəbinin və uşaq evinin yenidən qurulduğunu bildirmişdir. Bunlardan əlavə,
təhsilin birinci pilləsi sayılan məktəbəqədər uşaq-tərbiyə müəssisələrinin
yenidən qurulması işləri də uğurla həyata keçirilir. 2005-2012-ci illər ərzində
respublika üzrə 20-dək uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqlarla
təchiz edilmişdir. Heydər Əliyev Fondunun "Təhsilə dəstək" layihəsi çərçivəsində
Gürcüstan, Misir, Rumınya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir
sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad
şəhəri Rara ərazisində zəlzələdən dağılmış qızlar məktəbinin əvəzində onlar
üçün yeni tədris binasının inşası uğurlu və önəmli layihələrdəndir. "Uşaq
evləri və internat məktəblərinin inkişafı" Proqramı çərçivəsində
respublika üzrə 30-dan çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni
avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar inşa edilmiş və kommunal şərait
yaxşılaşdırılmışdır. 2014-cü il fevralın 24-də isə Heydər Əliyev Fondunun
"Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı"nın təqdimat mərasimi
olmuşdur. Fondun prezidenti Mehriban xanım Əliyeva bildirmişdir ki, bu gün Azərbaycanda
fəaliyyət göstərən uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilib:
"O zamandan bu günə qədər Azərbaycanda əhalinin sayı 25-30 faiz artıb.
Mövcud bağçalar tələbatı ödəmir. Onlar tələbatı təxminən 18-20 faiz səviyyəsində
ödəyir. Artan tələbatı ödəmək üçün yeni bağçalar tikilməlidir". Birinci
Vitse-prezident qeyd etdiyimiz bütün istiqamətlərdə çoxşaxəli proqramlar tətbiq
etmişdir ki, bu baxımdan bir ölkə vətəndaşı olaraq bu prosesləri müsbət dəyərləndirirəm.
- Bildiyiniz kimi müsahibədə ən çox bu sual
verilir. Nə üçün direktor olmaq istəyirsiniz? Sizin də fikirləriniz bizim üçün
çox maraqlıdır: Cavid müəllim, nə üçün direktor olmaq istəyirsiniz?
- Məktəb direktoru təhsilin inkişafında aparıcı rol oynayan əsas
simalardan biri, bəlkə də birincisidir. "Direktor niyə olmaq istəyirəm” çox gözəl
bir sualdır. Direktor ona görə olmaq istəyirəm ki, gənc nəslin təlim-tərbiyəsində
yaxından iştirak etmək imkanı qazanım. Təhsilalanların azad düşüncə ruhunda tərbiyəsində,
onlara ətraf mühitə, şəxsinə, ailəsinə, Vətəninə sevgi hissləri aşılamaqda yardımçı
olum. Eyni zamanda tədrisin keyfiyyətini yüksəltmək, bu yolla məzunların ali və
ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunmasına çalışmaq, məktəb
proqramına uyğun olaraq tədris prosesini təhsilalanlar üçün tamamilə əlçatan səviyyəyə
gətirmək niyyətindəyəm. Pedaqoji işçilər vasitəsilə isə maksimum dərəcədə
valideyn, şagird münasibətlərini tənzimləmək, yeni modul tipli bir məktəb
yaratmaq əsas məqsədlərimdən biridir. Ən əsası, bir təhsilverən kimi təhsili, məktəbi
və sənətimi sevirəm və mənə həvalə olunan bu son dərəcə məsuliyyət tələb edən
işin öhdəsindən gələcəyimə inanıram.Təbii
ki, bu prosesdə komanda ilə birgə fəaliyyət göstərmək əsas vacib məsələlərdən
biridir. Müəssisədə bütün işçilərin rəğbətini qazanmaq, onlara inanmaq, onlarla
bərabər var qüvvə ilə əsas işim olan, xüsusi olaraq dəyərləndirib seçdiyim təhsilə,
elmə xidmət göstərmək istəyirəm. İdarəçiliyi tam demokratik qaydada qurmaqla
azad düşüncənin, demokratik mühitin dominant olduğu bir təşkilat qurmaqla müəssisədə
ədalətli iqlimin yaranmasına, yeniliyin daim təbliğ olunmasına müyəssər olmaq
istəyirəm. Belə bir mühit şübhə yoxdur ki, nəticədə təhsilin, tədrisin
inkişafına müsbət təsir göstərəcək. Dövlətimizin də biz təhsilverənlərdən əsas
tələbi şəxsiyyətyönlü vətəndaşın, mütəxəssis kadrın, səmərəli əmək fəaliyyətinin
formalaşdırılmasıdır.