18-11-2012 [05:57]
Sumqayıt şəhəri, 12-ci məhəllə, ev 13 a, mənzil 28 ünvanında yaşayan, Məcidov Tofiq Manaf oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Baş Prokuror Zakir Qaralova və Daxili İşlər naziri Ramil Usubova şikayət ərizəsi ünvanlayıb. Üzləşdiyi fırıldaq barədə ərizəsində söz açan şikayətçi Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət Məktəbində özbaşınalıq faktlarına da diqqəti yönəldir. Şikayətçinin bizə ünvanladığı məktubu olduğu kimi dərc edirik:
?2011-ci ilin iyun ayının 26-da yaxın tanışım İlqarla birlikdə Sumqayıt şəhərində 9-cu mikrorayondakı ?doqquzun svetaforu? deyilən yerdə dayanacaqda dayanmışdıq. Həmin vaxt orta boylu, təxminən 45-50 yaşında bir qadın yaxınlıqdakı ?Ucuzmarket? mağazasından çıxıb dayanacağa gəldi. Bu zaman İlqarla onlar görüşdülər və hal-əhval tutdular. Söhbət əsnasında mənə məlum oldu ki, həmin qadın İlqarın qardaşının ailəvi dostunun qaynanası Pənahova Məmurə Tofiq qızıdır. Qadın söhbət edərkən bildirdi ki, Zülfiyənin maaşını almağa gəlib. Onun söhbətindən belə anladım ki, Zülfiyə dediyi adam yaxınlıqda olan 2 saylı Uşaq İncəsənət məktəbində işləyir. Qadın bildirdi ki, direktor onların yaxını olduğu üçün onun qızını işə götürüb. Həmin ərəfədə mən yoldaşıma uyğun bir iş axtarırdım və bunu İlqar bilirdi. Qadının direktor barədə dediklərini eşitdiyimdə mən ondan soruşdumki mənim yoldaşımı həmin məktəbə işə düzəldə bilərsinizmi? Qadın bildirdi ki, pulun varsa düzəldərəm. Soruşdum neçəyə düzəldirlər. Cavab verdi ki, ?İlqara deyərəm sizə deyər?. Təxminən 2-3 gün sonra, İlqar mənə bildirdi ki, Məmurə xanım işi danışıb, 2.000 manat istəyirlər. Mən qadınla görüşmək istədiyimi bildirdim və təxminən 1 saat sonra İlqarla birlikdə ?Dördqardaş? restoranının yaxınlığında həmin qadınla görüşdük. Pənahova Məmurə Tofiq qızı mənə bildirdi ki, direktorla danışıb, 2.000 manat istəyirlər. Bu pulun müqabilində yoldaşımı dəftərxanaya işə düzəldəcəyinə söz verdi. Hətta, qadın sözlərinin həqiqət olduğunu sübut etmək üçün dedi ki, mənim qızım hal-hazırda Türkiyədədi, ancaq buna baxmayaraq direktor onu müəllimə kimi işə götürüb, biz hər ay məktəbdən pul alırıq. Qadının arxayın danışmasına və eyni zamanda İlqarla yaxın olduqlarına görə mən ona inandım və razılıq verdim. Təxminən iyul ayının 5-də mən 2.000 manat pul toplayıb, İlqarla birlikdə Məmurə Pənahova ilə görüşdük və İlqarın yanında 2.000 manatı və yoldaşımın şəxsiyyət vəsiqəsini Məmurə Pənahovaya verdim. Məmurə xanım söz verdiki, ən geci yeni dərs ili başlayana qədər bu iş həll olunacaq.
Yeni dərs ili başladıqda mən İlqarla əlaqə saxladım ki, qadından işin nəticəsini soruşsun. Çünki mən özüm ona zəng vurmurdum. İlqar onu tanıyırdı deyə arxayın idim. İlqar mənə bildirdi ki, Məmurənin telefonuna zəng çatmır, ola bilər nəsə bir problemi var. Həmin gün axşam internet klubdan İlqar mənə zəng vurduki onun yanına gəlim. Mən İlqarın yanına getdim. Həmin vaxt o, mail.agent vastəsi ilə İstanbulda yaşayan ailəvi dostları ilə danışırdı. İlqar ona bizim iş barədə dedikdə, o bildirdi ki, Məmurənin iş düzəltməsindən xəbərim yoxdur, lakin qızı Zülfiyyə həqiqətən Sumqayıtda musiqi məktəblərindən birində müəllimə işləyirdi. Hazırda İstanbulda olduqlarından məktəbdə adı gedir, özü işə çıxmır. Məktəbdən pul alıb-almadıqlarından xəbəri yoxdu. Bundan sonra biz təxminən 3-4 aya yaxın Məmurəni tapa bilmədik. Təxminən 2012-ci ilin yanvar ayında İlqarla birlikdə Məmurənin yaşadığı evə getdik. Lakin qapıları bağlı idi. Bu zaman İlqar mənə bildirdi ki, gəl polisə müraciət edək. Mən həmin vaxt razı olmadım, bildirdim ki, ayıbdı, yenə onunla danışaq. Qadını tapa bilmədiyim üçün qərara aldım ki, bir müddət gözləyim. Çünki mən pislik etmək istəmirdim və buna görə də polisə müraciət etmirdim. Lakin bu günə kimi Pənahova Məmurə Tofiq qızının mənim pulumu qaytarmaması məndə başqa fikir oyatdı. O bir dəfə də olsun İlqara və ya mənə bir cavab verməmişdi. Mən məcbur olub, 02 noyabr 2012-ci il tarixdə 2 saylı Uşaq İncəsənət Məktəbinə getdim və direktorla görüşdüm. Direktor mənə bildirdi ki, belə bir qadın tanımır. Mən direktorun yanından çıxıb məktəbdə maraqlanmağa başladım. Mənə bildirdilər ki, burada Zülfiyyə adında bir skripka müəlliməsi var. Ancaq işə çıxmır. Onun əvəzinə başqa bir müəllim dərs keçir. Orda öyrəndim ki, Zülfiyyənin anası Mila xanım təxminən 2-3 gün əvvəl məktəbə gəlib. Dərhal İlqarla əlaqə saxladım.. İlqar mənə dedi ki, o Lyudmila adlı bir rus qızının Zülfiyənin əvəzinə dərs keçməsini bu yaxınlarda öyrənib.
Odur ki, yuxarıda göstərdiklərimi nəzərə alaraq, Pənahova Məmurə Tofiq qızının müəyyənləşdirilməsi və mənə dəymiş zərərin ödənilməsi məqsədi ilə, Sumqayıt şəhəri 2 saylı Uşaq İncəsənət Məktəbində faktın yoxlanılması və araşdırılması üçün ciddi ölçü götürməyinizi Sizdən xahiş edirəm. Göstərdiyim faktlar öz əksini tapmazsa qanun qarşısında məsuliyyət daşımağa hazıram? (azpolitika.info).