Yol polisləri ilə bağlı insidentdə rəsmi münasibət

img

29-05-2012 [06:49]


İmişli Rayon Polis Şöbəsinin yol patrul xidmətinin zabitləri - polis kapitanı Əliəsgər Məmmədov və baş leytenant Əzim İbadullayev rayonun M.Əzizbəyov küçəsində 1961-ci il təvəllüdlü Məmmədov Taleh Qaçay oğluna evinin qarşısında xsarət yetirmələri ilə bağlı Müstəqil İnformasiya Agentliyində dərc edilən xəbərə Daxili İşlər Nazirliyindən rəsmi münasibət bildirilib. Mia.az-a telefon açan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə əvvəlcə agentliyə xəbəri verən rayon sakini Musa Rahimi ittiham edib: ?Musa Rahim yenə də ənənəsinə sadiq qalaraq, polislə bağlı yanlış, şantaj və böhtan xarakterli məlumatları yaymaqda davam edir. O məlumat verib ki, guya İmişli rayonun yol polisi əməkdaşları Taleh Məmmədov adlı vətəndaşı evinin qabağında döyüblər. Guya vəziyyəti o dərəcədə ağır olub ki, özü onu təcili yardıma aparmalı olub. Yenə də deyirəm ki, bu, polisə qarşı qərəzli mövqeyi ilə seçilən M.Rahimin növbəti qarayaxmasıdır. Əslində, yol patrul xidmətinin əməkdaşları reyd keçirərkən sərxoş sürücünü saxlayıblar. Həmin hadisə də protokollaşdırılıb. Bilmirəm, bu adam özünü nə hesab edir? Bu şəxs diqqəti cəlb etmək üçün özünə aidiyyatı olmayan məsələlərə yeri gəldi-gəlmədi qərəzli və qeyri-obyektiv formada müdaxilə etməyi özünə peşə seçib. Lap əlində video, yaxud foto çəkiliş varsa da belə, bu, onun obyektivliyinə dəlalət etmir. Taleh Məmmədovun özü də deyir ki, polis əməkdaşları ilə onun arasında hər hansı insident yaşanmayıb, döyülməyib, təcili yardıma aparılmayıb və Musa Rahimi də onun adını boşuna hallandırmağa heç kim vəkil etməyib. Gah uşaq bağçalarının sahiblərinə qaytarılması, gah da guya polis əməkdaşlarının kimisə döyməsi ətrafında yaratdığı boş hay-küydən bir daha aydın olur ki, əslində, bu qeyri-ciddi, macəraçı şəxsin dediklərinə ciddi yanaşmaq da lazım deyil?. Xatırladaq ki, Musa Rahim polis əməkdaşları ilə vətəndaş arasındakı insidenti əks etdirən fotofakt da təqdim etməklə bərabər, həm də hadisə ilə bağlı videogörüntünün olduğunu deyir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA