13-03-2012 [07:14]
[b]Tanınmış iş adamının dissertasiya müdafiəsində şübhəli məqamlar var; alimlər komitə sədrinin qardaşına etiraz edirlər [/b]
"Avesta" konserninin prezidenti Hacı İbrahim Nehrəmli "Yeni Müsavat" qəzetinə verdiyi açıqlamasında fevralın 29-da iqtisadiyyat və sahibkarlıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi aldığını bildirib. Tanınmış iş adamı həm də deyib ki, elmi rəhbəri AMEA-nın müxbir üzvü, Milli Məclisin İqtisadiyyat Komitəsinin sədri Ziyad Səmədzadədir. Həmçinin, Elmi Şuraya da akademik Z.Səmədzadə rəhbərlik edir: "Dissertasiya işinin Gəncədə keçirilən müdafiəsi yüksək səviyyədə təşkil olunmuşdu, auditoriya yaxşı idi. Mənə müdafiə ilə bağlı 25 sual verdilər və sualların hamısına cavab verdim. Eyni zamanda, dissertasiyamı yaxşı müdafiə etdiyim üçün iki iş üzrə - iqtisadiyyat və sahibkarlığa görə fəlsəfə doktoru elmi dərəcəsi qazandım. Məndən öncə doktoranturanı müdafiə etmiş elmlər namizədi isə 2 qiyməti almışdı".
[b]Hacı İbrahim elm adamlarını qəzəbləndirib [/b]
Komitə sədri Nazim İbrahimovun qardaşı olan tanınmış iş adamının özünü tərifləməsi və ondan əvvəl müdafiə etmiş elmlər namizədinin "2" almasını söyləməsi aylarla Gəncədə müdafiə növbəsi gözləyən elm adamlarını qəzəbləndirib. Hacı İbrahimin bu açıqlamasından sonra redaksiyamıza Gəncədə müdafiə növbəsi gözləyən bir neçə nəfər zəng edərək, etirazların bildiriblər. Onların dediyinə görə, Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev məhz Hacı İbrahimin "Yeni Müsavat" qəzetindəki açıqlamasını əsas götürərək ona "iqtisad üzrə fəlsəfə doktoru" elmi dərəcəsini verməkdən imtina etməlidir: "Təsəvvür edin, Aqrar Universitetin rektoru elmi rəhbərinin adını, müdafiə etdiyi ixtisası bilməyən şəxsə elmi dərəcə verilməsi ilə bağlı AAK qarşısında vəsatət qaldırır. Bəli, Hacı İbrahim deyir ki, onun elmi rəhbəri Ziyad Səmədzadədir. Amma bu, gülüncdür. Onun elmi rəhbəri iqtisad elmləri doktoru, professor Məhəbbət Aşır oğlu Məmmədovdur. Hacı İbrahim isə hələ də elmi rəhbərinin kim olduğunu bilmir. İş adamı həm də ondan xəbərsizdir ki, elm rəhbər öz dissertantının müdafiə etdiyi Dissertasiya Şurasının iclasına sədrlik edə bilməz. Həm də Z.Səmədzadə imicini qoruyan adamdır və belə şəxslərə elmi rəhbərlik etməkdən maksimum uzaq durmağa çalışır".
İş adamı ixtisasının adını bilmir
Hacı İbrahimin iki iş üzrə - iqtisadiyyat və sahibkarlığa görə fəlsəfə doktoru elmi dərəcəsi almasını bildirməsi də narazılıq yaradıb: "Birincisi, belə elmi dərəcə yoxdur. Rəsmi sənədlərə inansaq Hacı İbrahim 08.00.05 - "Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (tikintinin iqtisadiyyatı)" ixtisası üzrə müdafiə edib. Amma onun bundan da məlumatı yoxdur. Görün, Dövlət Aqrar Universitetinin rektoru Mirdamət Sadıqov kimlərə elmi dərəcə verdirir".
Gəncəli alimlərin sözlərinə görə, Hacı İbrahimin müdafiəsi Azərbaycan Prezidenti tərəfindən təsdiqlənən AAK-ın əsasnaməsinə zidd qaydada keçirilib və burada ciddi qanun poztularına yol verilib: "İbrahim Hüseyn oğlu İbrahimovun (Hacı İbrahim) dissertasiya işinin adı "Keçid iqtisadiyyatında tikintidə sahibkarlığın idarə edilməsinin təkmilləşdirilməsi"dir. Bildiyimiz kimi, prezident İlham Əliyev hələ 2009-cu ildə Azərbaycanda keçid dövrünün başa çatdığını bəyan edib. Bundan 3 il sonra isə Hacı İbrahim keçid dövrü ilə bağlı dissertasiya işi müdfaiə edir. Yəni, o, elmi işində Prezidentin dediklərinə qarşı çıxır. Belə bir iş isə aktuallıq daşımır". Alimlər bildiriblər ki, bu iş Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda yerinə yetirilib. Məhz aktuallıq kəsb etmədiyi üçün İqtisadiyyat İnstitutunda müdafiyə buraxılmayıb.
Mənbəmiz bildirib ki, Hacı İbrahimin tikinti iqtisadiyyatı ilə bağlı yazdığı elmi işi Aqrar Universitetdə müdafiə etməsi daha böyük qanunsuzluqdur: "Necə ola bilər ki, Bakıda Azərbaycan Memarlıq və İnşaat Universiteti ola-ola Hacı İbrahim Gəncəyə üz tutur? Deməli, burada başqa məqsədlər güdülüb. Axı, Gəncədəki Dissertasiya Şurasının üzvləri tikinti sahəsi üzrə mütəxəssis deyillər. Ümumiyyətlə, Gəncədəki FD.04.013 Dissertasiya Şurasının bu ixtisas üzrə müdafiə keçirmək hüququ yoxdur. Bu universitetin rektorunu isə elm yox, biznesmenlərin elmi dərəcə alması maraqlandırır".
Araşdırmalarımız zamanı məlum olub ki, Hacı İbrahim avtoreferatının ikinci səhifəsində yazıb ki, onun işinə aparıcı təşkilat rəyini Azərbaycan Memarlıq və İnşaat Universiteti verib. Avtoreferatın digər səhifəsində isə tədqiqatın nəticələrinin Memarlıq və İnşaat Universiteti tərəfindən istifadə üçün qəbul olunduğu yazılıb (15 dekabr 2011-ci il, arayış 31/631). Bu da AAK-ın qaydalarının ciddi şəkildə pozulmasıdır: "Necə ola bilər ki, bir universitet həm tətbiqi arayış verir, həm də aparıcı təşkilat olur? Ümumiyyətlə, onun işinin aparıcı təşkilatdakı müzakirəsindən heç kimin xəbəri yoxdur".
[b]AAK-ın müəyyənləşdirdiyi qaydalar pozulub[/b]
Alimlərin iddiasına görə, Hacı İbrahimin növbədənkənar müdafiəyə buraxılması elm adamlarına qarşı hörmətsizlikdir: "Hacı İbrahim 15 dekabr 2011-ci il tarixində tətbiqi arayış alıb. Deməli, dissertasiya işini bu tarixdən sonra müdafiəyə təqdim edib. Amma o, işini birbaşa FD.04.013 Dissertasiya Şurasının təqdi edə bilməz. Ona görə də, ilk olaraq sənədlərini AAK-a verməli və oradan birdəfəlik şura üçün razılıq almalıdır. Bu isə ən tezi 6 ay çəkir. Daha sonra isə müdafiədən öncə ixtisas imtahanı verməli və elmi seminardan keçməlidir. Bir sözlə, AAK-ın müəyyənləşdirdiyi qaydalara uyğun davransaydılar Hacı İbrahim fevral ayında müdafiə edə bilməzdi. Onun müdafiəsi ilə bağlı belə pozuntular isə onlarladır".
Məlumata görə, iş adamının avtoreferatında yazılıb ki, onun 6 elmi məqaləsi və 3 tezisi çap olunub. Amma onun xaricdəki nüfuzlu jurnallarda məqaləsi dərc edilməyib. Bu məqalənin 6-da 2009-cu ildə çapdan çıxıb. Buradan da görünür ki, Hacı İbrahim tədqiqat aparmayıb və bir anda elmi dərəcəyə sahiblənib. Yəni, 145 səhifədən ibarət olan bu iş AAK-ın tələblərinə uyğun deyil: "Əgər bu məsələ araşdırılsa, Mirdamət Sadıqovu Aqrar Universitetin rektoru vəzifəsindən uzaqlaşdıra bilərlər".
Bildiyiniz kimi, akademik Ramiz Mehdiyev məlum məqaləsində biznesmenlərin qanunsuz yollarla elmi dərəcə almalarını kəskin tənqid edib, belə halların qarşısının alınmasının vacibliyini vurğulayıb. Amma görünür, Mirdamət Sadıqov bundan nəticə çıxarmayıb.
[b]Mirdamət Sadıqovun məzəli "tamaşası" [/b]
Hacı İbrahimin müdafiədə 25 suala cavab verdiyini iddia etməsinə gəlincə, hömsöhbətlərimiz "Elmi rəhbərinin adını bilməyən adam 25 suala necə cavab verə bilər? Mirdamət Sadıqov Gəncədə belə bir "qayda" qoyub, müdafiədən öncə şura üzvlərinə hazır suallar paylayırlar. Müdafiədə də iddiaçıya əvvəldən hazırlanan sualları verirlər və o da yazılı cavabları üzünə oxuyur. Hacı İbrahimin müdafiəsinin video çəkilişinə baxsanız görərsiniz ki, o, heç bunu da edə bilməyib. Müdafiədən sonra professorlardan biri zarafatla "gərək, Mirdamət müəllimə təşəkkür edək. Bizim üçün əsl KVN təşkil etmişdi",- dedi. Yəqin ki, hər şey aydındır".
Nəzərinizə çatdıraq ki, bu məsələ ilə bağlı Hacı İbrahimlə əlaqə yaratmaq cəhdlərimiz alınmadı. Ancaq onun mövqeyini işıqlandırmağa hazırıq. Yəqin ki, Gəncədə professorların 25 sualını cavablandırdığını bildirən Hacı İbrahim qəzetimizin bu mövzudakı 5 sualına cavab verməyə vaxt tapar.
Aqrar Universitetdə fəaliyyət göstərən Dissertasiya Şurası və oradakı qanunsuzluqlarla bağlı deyilənləri isə Ziyad Səmədzadə və Mirdamət Sadıqovla dəqiqləşdirərək oxucularımıza çatdırmağa çalışacağıq. Ümid edirik ki, akademik Arif Mehdiyev də bu prosesi ciddi şəkildə nəzarətə götürərək, biznesmenləri öz işləri ilə məşğul olmağa yönəldəcək və Azərbaycan elminin nüfuzunu qorumaq istiqamətində mühüm addımlar atacaq.