DiN və Baz Prokurorluq Bakıda BMT əməkdazının anasının qətli ilə bağlı məlumat yayıb

img

21-02-2012 [04:29]


Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda BMT əməkdaşının anasının qətli ilə bağlı məlumat yayıb. DİN-dən daxil olan məlumatda bildirilir ki, fevralın 17-də saat 19.00 radələrində paytaxtın Binəqədi rayon sakini 74 yaşlı Elmira İsmayılova yaşadığı mənzildə çoxsaylı bıçaq xəsarətləri yetirilməklə qəsdən öldürülüb və mənzilin mətbəxi yandırılıb. Prokurorluq və daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Natiq Hümbətov müəyyən edilərək tutulub. İlkin dindirmə zamanı N. Hümbətov cinayəti tamah məqsədi ilə törətdiyini və E. İsmayılovanı qətlə yetirdikdən sonra cinayətin izlərini itirmək məqsədi ilə meyitin olduğu mətbəx otağını yandırdığını etiraf edib. Fakta görə həmin tarixdə Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.11 (quldurluq ilə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədilən quldurluq) maddələri ilə cinayət işi başlanıb. Natiq Hümbətov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Xatırladaq ki, qətlə yetirilən qadın BMT-nın Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anasıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA