Vüqar Musayevi Polis Bölməsində döyərək öldürüblər - Məhkəmə prosesi

img

28-07-2018 [15:30]


Peterburq məhkəməsində Azərbaycan vətəndaşını döyüb öldürən sabiq polis əməkdaşı mühakimə olunur. Çoxsaylı mükafatlara və dəstəklərə baxmayaraq, endirdiyi zərbə onun 25 il azadlıqdan məhrum edilməsi ilə nəticələnə bilər...

Sankt-Peterburqun Primorski rayon məhkəməsində Azərbaycan vətəndaşı Vüqar Musayevi döyməkdə ittiham olunan sabiq polis əməkdaşı İvan Anfilatovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə ötən ilin yayında baş verib. Polis bölməsinə gətirilən Vüqar Musayev qanun keşikçisi tərəfindən möhkəm döyülüb. Sinəsindən və qarın nahiyəsindən aldığı zərbələr nəticəsində elə polis bölməsində həyatını itirib.

Sözügedən cinayət işi üzrə məhkəmə prosesində təqsirləndirilən şəxsin, zərərçəkmişin ailə üzvləri ilə yanaşı mətbuat nümayəndələri də iştirak edib. Sabiq polis məhkəmə zalına əli qandallı, sağ gözünün altı göyərmiş vəziyyətdə gətirilərək dəmir barmaqlıqlar arasına salınıb.

Hadisə barədə həmin vaxt nə Peterburq İstintaq Komitəsinin mətbuat xidməti, nə də Baş Polis İdarəsi məlumat yayıb. Cinayət haqda ictimaiyyət ilk dəfə Peterburq məhkəməsinin açıqladığı press-relizdən xəbər tutub. Belə ki, Primorsk rayonunun 34-cü Polis Bölməsindəki döyülmə faktı İ.Anfilatovun keçmiş paqon yoldaşı Artyom Blıjkovun gözləri önündə baş verib. Polis əməkdaşı isə cinayəti bilsə də gizlədib, şəxsi münasibətləri peşə borcundan üstün tutataq susub. İ.Anfilatovun cinayətkar əməllərini gizlədən A.Blıjkov sonda özü hakim qarşısında cavab verməli olub. Vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan A.Blıjkov bu əməlinə görə məhkəmənin qərarı ilə 50 min rubl cərimə edilib.

Azərbaycan vətəndaşını döyüb öldürməkdə təqsirləndirilən İ.Anfilatova gəlincə, onun məhkəmə prosesi yeni başlayıb. Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma, vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.

Zərərçəkmişin vəkili məhkəmə prosesində mərhumun həyat yoldaşının dindirilməsini xahiş edib. V.Musayevin 31 yaşlı həyat yoldaşı tərcüməçinin köməkliyi ilə məhkəmədə ifadə verib. O, ifadəsində ailəsi ilə birgə Peterburqda yaşadıqlarını, hadisədən ötən il avqustun 22-də xəbər tutduğunu bildirib: "Bacısı qızı zəng vurub dedi ki, polis bölməsində Vüqarı döyüblər”.

Birgə yaşadıqları beş illik evlilik həyatında onların iki övladları – dörd yaşlı oğlu və iki yaşlı qızı dünyaya gəlib. Vüqar ticarətlə məşğul olub, işi ilə əlaqədar ara-sıra Peterburqa gedib. Ailəsinə hər ay 15-20 min rubl pul göndərib: "Həyat yoldaşım çox sakit adam idi, ailəcanlıydı. Qonum-qonşu, qohum-əqrəba bir dəfə də olsun ondan şikayət etməyib. Əsəblərini cilovlamağı bacarırdı. Yoldaşımın nə polis əməkdaşları ilə, nə də bir başqalarıyla heç vaxt münaqişəsi olmayıb”.

Təqsirləndirilən şəxsin vəkilinin "sizin əriniz spirtli içki içəndə özünü necə aparırdı” sualına zərərçəkmiş belə cavab verib: "Vüqar bayramlarda, xüsusi günlərdə az miqdarda içki qəbul edərdi. Birgə yaşadığımız müddətdə heç vaxt onun sərxoş olduğunu görməmişəm”.

Daha sonra məhkəməyə Musayevlərin toy mərasimini əks etdirən fotoşəkillər təqdim olunub. Hakim Elena Tsibizova xoşbəxt anları xatırladan şəkillərə baxaraq onları "gözəl cütlük” adlandırıb.
Məhkəmə prosesi 15 avqustda davam edəcək.

Qeyd edək ki, müttəhimin vəkili "Rosbalt"a açıqlamasında İ. Anfilatovun özünü təqsirli bilmədiyini deyib: "Müxtəlif xidmətlərə görə çoxsaylı mükafatlar alıb. O heç bir zərbə vurmayıb. Biz bu işə görə bəraət hökmü almağa nail olacağıq”.

Zərərçəkmiş tərəf 2,6 milyon rubl məbləğində mülki iddia qaldırıb.

İşin materiallarına görə, sabiq polis əməkdaşı V.Musayevə bir zərbə vurub. Zərbənin təsirindən Musayev polis bölməsində ölüb.

İ.Anfilatov daxili işlər orqanlarından xaric edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR